Məhkəmə qərarları › İş №2(060)-3588/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3588/2023

31.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3588/2023 31.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (Abonent Kodu **********35400) əsassız olaraq qanunsuz yazılan 4389 manat 30 qəpik cərimənin Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ceyranbatan qəsəbəsi, körpü ərazisi, ev 540 ünvanında yerləşən mənzil 2022-ci ilin sentyabr ayının əvvəlindən iddiaçının və ailə üzvlərinin istifadəsində deyil. Qızının təhsili və oğlunun işi ilə əlaqədar iddiaçı Sumqayıt şəhərinə köçmək məcburiyyətində qalmışdır. Həmin mənzildən çıxaraq Sumqayıt şəhərində yaxın qohumun evində yaşayırlar. Onların Ceyranbatan qəsəbəsi, körpü ərazisi, ev 540 ünvanında yerləşən mənzildən 2022-ci ilin sentyabr ayından çıxmalarını təsdiq edən şahidlər də var. Həmin şahidlər tərəfindən AKT tərtib edilmiş məhkəməyə iddia ərizəsi ilə birlikdə həmin AKT-da təqdim edəcəkdir. Həmçinin həmin qaldıqları qohumun evinə 2022-ci ilin sentyabr ayından iddiaçı internet xətti çəkdirmişdir və həmin internet xəttin ödənişlərini də şəxsən özü etmişdir. Həmin ödənişlərin qəbzlərini də məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edəcəkdir. Köçdükdən sonra Ceyranbatan qəsəbəsi, körpü ərazisi, ev 540 ünvanında qoyulan qaz sayğacına müdaxilədən məlumatı belə olmamışdır, iddiaçı və ailə üzvləri orada yaşamadıqlarından həmin dövrdə qazdan heç bir gün də istifadə etməmişlər. Həmçinində iddiaçı və ailə üzvləri yaşamadıqları yerdə həyətlərindən çöldə olan qaz sayğacına necə cavabdeh ola bilərlər? Həmin ünvanda yaşadığı zaman vaxtı-vaxtında istifadə etdikləri qazın pulunu da ödəmiş və qaz sayğacına da nəzarət etmişdir. Bunu X1 əməkdaşları da təsdiqləyə bilər. Bu inkar olunmaz haldır. İddiaçı ilə ailə üzvləri Sumqayıtda yaşayan zaman X1 əməkdaşları Ceyranbatan qəsəbəsi, körpü ərazisi, ev 540 ünvanına gələrək sayğaca və qaz xəttinə kənar müdaxilə olduğunu bildirərək AKT tərtib edib cərimə yazmışlar. X1 əməkdaşları tərəfindən AKT tərtib olunmasında iştirak etməmişdir və xəbəri də olmamışdır. Ümumiyyətlə həmin vaxt iddiaçı harasa bununla bağlı dəvət olunmamışdır. 35.040 m3 dəyərində qaz sərfiyyatına görə cərimə qanunsuz və əsassız olaraq yazılmışdır. X5 əməkdaşları tərəfindən sayğaca müdaxilə olunması Azərbaycan Respublikası DNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin AKT-ı ilə müəyyən edilmiş və həmin AKT əsasında da ziyan hesablanmışdır ki, mən həmin AKTın tərtib olunan zaman bilməmişəm və mənim də iştirakım olmamışdır. Mən iddiaçı qeyd olunan 4389 manat 30 qəpik ziyanın ödənilməsindən də imtina edir. Belə ki, həmin qanunsuz və əsassız yazılan məbləği iddiaçının ödəməyə heç cürə imkanı da yoxdur. Həmçinin X1 əməkdaşları iddiaçının xəbəri olmadan qaz xətti özləri tərəfindən bərpa olunmuşdur. Yenə də iddiaçının iştirakı və xəbəri olmadan bərpa etmişlər. Məhkəməyə bildirir ki, ailə başçısını itirmişdir. Heç bir yerdə işləmir. Ailə vəziyyəti acınacaqlı vəziyyətdədir. Övladı isə ödənişli təhsil alır, tələbədir. Qeyd olunanan qanunsuz və əsassız yazılan cəriməni iddiaçının heç bir halda ödəməyə imkanı yoxdur. Hesab edir ki, Ceyranbatan qəsəbəsi, körpü ərazisi, ev 540 ünvanında yerləşən mənzilə əssasız cərimə kimi yazılmış olan 4389 manat 30 qəpik cərimə X3 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənləri təsdiq etdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək akt əsasında hesablanmış borc əsaslı olduğundan iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğacdan kənar xətt aşkar olunmuşdur. - Cavabdeh İB Sumqayıt QİS-nin rəisi tərəfindən xx.xx.2022-ci ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 35040 m3 müəyyən olunmuşdur. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı 2022-ci ilin sentyabr ayının əvvəlindən övladları ilə Ceyranbatan qəsəbəsi, körpü ərazisi, ev 540 ünvanında yaşamırlar. - Cavadeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, iddiaçının adına qeyd edilmiş sayğac olan fərdi yaşağış evinə kənar xətlə qaz çəkilmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş video diskə baxış keçirilərkən, iddiaçının evinə kənar xətt çəkildiyi müşahidə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sayğacdankənar xətt aşkar olunmuşdur. Bu əsasla ******* saylı xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında iddiaçıya cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə Təlimatın 3.6-cı bəndinə əsasən, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətə qaz itkisinin dəyəri hesablana bilər. İş materialları ilə müəyyən olunur ki, 2022-ci ilin may ayından sentyabr ayınadək Ceyranbatan qəsəbəsi, körpü ərazisi, ev 540 ünvanında yaşayış olmuş, sentyabr ayından sonra ümumiyyətlə yaşayış olmamışdır. Bunu "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında çıxarış da təsdiq edir. Ünvana hesablanmış cərimə 12 aylıq qaz sərfiyyatı ilə əlaqədar hesablanmışdır. Halbuki yaşayış olan 5 ay nəzərə alınaraq cərimə hesablanmalı idi. Qaz sayğacının nominal sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 35040 m3 müəyyən olunmuşdur. (35040 m3 x 0,12=4204,8; 4204,8/12 (ay)x 5(ay) =1752). Göründüyü kimi hesablanmış 4204,4 manat borcun 1752 manat hissəsi sayğacdan kənar xətlə əlaqədar cərimə borcudur. Geriyə qalan 2452,4 manat isə əsassız hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 2452,4 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 34,5 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, körpü ərazisində yerləşən mənzilə (Abonent: **********35400) xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 2524,2 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, körpü ərazisində yerləşən mənzilə (Abonent: **********35400) xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 2524,2 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilməli olan 34,5 manat Cavabdeh İB-dən alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar