Məhkəmə qərarları › İş №2(060)-3589/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3589/2022

01.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3589/2022 01.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, mənzil 26-ya hesablanmış 1000 manat borcun silinməsi barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri 1-ci mikrorayon ev 5B/9, mənzil 26-da məcburi köçkünlər məskunlaşmış və yaşamışlar. Cavabdeh tərəfindən hazırki ünvana 1000 manat borc hesablanmışdır. Dəfələrlə həmin borcun silinməsi ilə cavabdehə müraciət etsə də cavabdeh bundan imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki. Azərbaycan Respublikası Prezidentinin ‘'Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin edilməsi haqqında" fərmana uyğun olaraq 2017-ci ilin 01 yanvar tarixindən aylıq müavinət müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq həmin tarixə kimi kommunal borclar dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada tam şəkildə ödənilmişdir. Ona görə də hazırda cavabdeh tərəfindən hesablanmış 1000 manat məbləğində borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, mənzil 26-ya hesablanmış 1000 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, mənzil 26-də Cavabdeh ASC-nin Sumqayıt sukanal” İdarəsinin abonent bazasında abonent kimi 2002-ci il tarixdən Mərdanov İsmayılın adına bağlanmış müqavilə ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hazırda iddiaçı yaranmış borcun məcburi köçkün borcunun olduğunu qeyd edir. O, bildirir ki, sözügedən mənzilə aid qaçqın limiti hər il nəzərə alınmışdır. Hal-hazırda 2016-2022-ci il üzrə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 1000 manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. İddiaçıya məxsus ünvanda hesabat sayğac göstəricisinə uyğun olaraq aparılır. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Sözü gedən borcun silinməsi Cəmiyyətin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə abonentlərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini vaxtında icra etməməsi və işə baxan məhkəmələr tərəfindən eyni məzmunlu iddia tələblərinin təmin edilməsi vətəndaşlar arasında qanun tələbinə riayət edilməsi istiqamətində hüquq düşüncəsinin formalaşmasına imkan yaratmayacaqdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı əsassız olaraq hesablanmış 1000 manat məbləğində borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məçmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, mənzil 26-də X2 1994-cü ildən məskunlaşmış və xx.xx.2006-cı ildə vəfat etmişdir. X3 vəfat edən günə kimi-xx.xx.2020-ci il tarixə kimi məcburi köçkün kimi həmin ünvanda yaşamışdır. İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, mənzil 26 İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan “Abonent kartından” görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 5B/9, mənzil 26-ya 2016-2022-ci il üzrə 1000 manat borc hesablanmışdır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşarı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini su təchizatı və kanalizasiya müəssisəsi ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi və öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiklər halların sübut edilməsi barədə sübutları məhkəməyə təqdim etmədi. Bundan əlavə iddiaçı qeyd edilən mənzilə hesablanan borcun qaçqın borcu olmasını qeyd etsə də bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Şərh edilənləri və İddiaçı iddia tələbini sübut edə biləcək sübutları məhkəməyə təqdim edə bilməməsini nəzərə alaraq, məhkəmə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Cavabdeh ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5B/9, mənzil 26-ya hesablanmış 1000 manat borcun silinməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar