Məhkəmə qərarları › İş №2(060)-3593/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3593/2022

21.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3593/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 486 manat məbləğin və sayğacın dəyərinə görə hesablanmış 185,73 manat məbləğin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1602-də yaşayır. Azəriqaz İB-in Sumqayıt Qaz İstismar sahəsinin sifarişi əsasında mülkiyyətçisi olduğu fərdi evin qaz sayğacı (**********00020) İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin laboratoriyasında yoxlmadan keçmiş və bu idarənin verdiyi rəyə görə , sayğacın klapanı işlək deyil, yivli birləşmələri korroziyaya uğrayıb. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün birləşmələri korroziyaya uğrayıb. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir. Sayğacın yaddaş arxivi oxundu. xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixlərində ALARM-1 rejimi aşkar olunmuşdur. Bunun nəticəsində isə sayğac istismara yararsız qiymətləndirilmişdir. Sonradan, 06 noyabr 2019-cu il tarixdə akt tərtib edilmiş və həmin akta əsasən iddiaçının 486 manat məbləğində cərimə ödəməli olduğu bildirilmişdir. İstifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən iddiaçıya məxsus evin daxilində deyil, çöldə yerləşdirilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və işə baxıb qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. Sayğaca müdaxilə edilmişdir. Bunun nəticəsində cavabdehin borcu hesablanmış və ona məlumat verilmişdir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianı rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1983-cü ildə anadan olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1602 iddiaçının adına xüsusi mülkiyyət kimi xx.xx.2011-ci ildə qeydə alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən xx.xx.2019-cu il tarixdə dövlət yoxlamasına gətirilmiş sayğacların müayinəsi laboratoriyasının rəyinə görə G-4 markalı sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir. Aktda dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya akt əsasında 486 manat borc hesablandığı göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçının ünvanında məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacda Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 185,73 manat ödənilməlidir. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 486 manat borcun və sayğacın dəyərinə görə ondan tələb edilən 185,73 manat pulun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 486 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında və sayğacın dəyərinə görə hesablanmış borclar silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1602 ünvanına xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 486 (dörd yüz səksən altı) manat və sayğacın dəyərinə görə ondan tələb edilən 185 (yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borclar silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar