Məhkəmə qərarları › İş №2(060)-3613/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3613/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3613/2025 27.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərə görə 1500 manatın və ödənilmiş 35 manat dövlət rüsumunun, cəmi 1535 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 42 saylı evin 6 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 42 saylı evin 6 saylı mənzilini xx.xx.2023-cü ildə kirayə müqaviləsinə əsasən Cavabdeh kirayəyə vermişdir. Cavabdeh həmin mənzildə ailəsi ilə birlikdə yaşayırdı. 2025-ci ilin aprel ayının 8-də cavabdeh mənzili tərk emişdir. Cavabdeh mənzili tərk edərkən ona mənzilin hər iki otağının divar kağızlarının cırıldığını, qonaq otağındakı divan-kreslonun üzlük parçalarının cırılmasını, qonaq otağındakı stol-stulların, mətbəxdəki su krantının, su çəninin qırıldığını, kombinin xarab olduğunu və kommunal xərclərə olan borcların ödənilməsini ona bildirmişdir. Cavabında cavabdeh ona 13 aprel 2025-ci il tarixinə kimi kommunal ödənişləri və mənzilə dəymiş ziyanı tam ödəyəcəyini bildirsə də, mənzili tərk edəndən sonra telefon zənglərinə cavab verməmişdir. Bundan əlavə, cavabdeh son ayın kirayə haqqını da ödəməmişdir. Həmçinin Cavabdeh ondan pula ehtiyacının olmasını bəhanə gətirərək 50 manat borc almışdır. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh vurduğu maddi zərərə görə ona 1500 manat pul ödəməlidir.göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. O, qeyd etdi ki, hazırda cavabdehin ona 800 manat ödəməsinə də razıdır. Məhkəmə iclasında Cavabdeh 800 manat hissəsində iddianı qəbul etdiyini bildirdi. O, qeyd etdi ki, borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan : İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, həmin fotoşəkillərdə mənzilin yararsız hala salınmış hissələri əks olunmuşdur. - xx.xx.2022-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 42 saylı evin 6 saylı mənzili İddiaçı adına qeydə alınmışdır. - xx.xx.2023-cü il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 42 saylı evin 6 saylı mənzili ayda 350 manat kirayə haqqı ödəmək şərtilə Cavabdeh kirayəyə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli reyestrdən çıxarışla mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 42 saylı evin 6 saylı mənzili İddiaçı ayda 350 manat kirayə haqqı ödəmək şərtilə Cavabdeh kirayəyə vermişdir. Sonradan tərəflər arasındakı müqavilə öz aralarında ləğv edilmiş və kirayəçi mənzili tərk etmişdir. Sonradan isə mülkiyyətçiyə məlum olmuşdur ki, kirayəçi mənzilə ziyan vurmuşdur. Ziyanın ümumi məzləği barədə işdə hər hansı mötəbər sübut yoxdur. Bununla belə, məhkəmə iclasında iddiaçı tələbinin 800 manat olduğunu bildirmiş, cavabdeh isə bu məbləğdə zərər vurmasını etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.[149] Həmin Məcəllənin 106.4-cü maddəsinə görə məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının mənzilinə vurulmuş ziyana görə 800 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 800 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 35 manat məbləğində rüsumun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar