Məhkəmə qərarları › İş №2(060)-3616/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3616/2023

03.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3616/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh İB tərəfindən əsassız hesablanmış 5 manat 80 qəpik borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, Nəriman ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri həmişə vaxtında ödəmiş, qaz sayğacına heç vaxt müdaxilə etməmişdir. Bu il mart ayının sonunda qaz smart-kartına ödəniş etmək istəyərkən elektron sistemdə 5 manat 80 qəpik məbləğində borcun yazıldığını görmüşdür. Məişət qazından istifadəyə görə heç bir borcun olmadığı üçün sayğacın ekranının şəklini çəkmişdir. Qeyd edir ki, iddiaçı göstərilən ünvanda daimi deyil, periodik yaşadığı üçün bir neçə ay sayğaca qaz yükləməyə ehtiyac da olmamışdır. Üstəlik, illərdir mənzilində quraşdırılmış sayğacın hər hansı nasazlığına görə akt tərtib edilməmiş, belə bir aktın tərtib edilməsində iştirakı olmamışdır. Cavabdeh iddiaçıdan, borc olmadığı halda sayğacın dəyişdirilməsindən illər sonra test nəticəsində aşkarlanmış ehtimal olunan itmiş qaz həcminin istifadə dəyərini ödəməyini tələb edir. Cavabdehin qanunsuzluqları bununla bitmir. Belə ki, yaşadığı binanın digər sakinlərinin (qonşularının) sayğaclarına yüklədikləri ödənişin yarısının sayğaca köçürülmə əsnasında silinməsi faktı da mövcuddur. Hesab edir ki, bir dövlət qurumunun vətəndaşlara qarşı bu cür qanunsuz hərəkətləri gözardı edilməməlidir. Cavabdehin iddiaçıdan ödəməyini tələb etdiyi cüzi, lakin mahiyyətcə böyük olan 5 manat 80 qəpik qaz borcunu əsassız hesab edir, əsassız borcu ödəməli deyildir. Məsələyə aydınlıq gətirilməsi üçün cavabdeh “Azərizqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) müraciətinə Sumqayıt QİS tərəfindən cavab verilmişdir. Cavab məktubundan belə aydın olur ki, mənzilində 2018-ci ildə quraşdırılmış smart qaz sayğacında guya 2022-ci ildə texniki nasazlıq aşkar edilmiş və buna görə sayğac yenisi ilə əvəz edilmişdir. Halbuki, bir il öncəyədək iddiaçının mənzilində əvvəlki smart qaz sayğacı 4 il boyunca işlək vəziyyətdə olub, sayğacın göstəriciləri əsasında iddiaçı təbii qaza görə haqq ödəmişdir, borca görə bildiriş, xəbərdarlıq almamışdır. Əgər sayğac işlək deyildisə, o halda qaz sərfiyyatı da getməz, mənzilinə təbii qaz verilməzdi. Heç bir borcu olmadığı halda bir il müddət keçdikdən sonra müəmmalı şəkildə üzə çıxarılmış hansısa qeyrimüəyyən səhvə görə istehlakçı olaraq iddiaçı məsuliyyət daşımır. Bundan başqa, qeyd edir ki, sayğacın nasazlığına görə onun yenisi ilə əvəz olunması zamanı qanunvericiliyin tələbinə əsasən akt tərtib edilməli, bu zaman iddiaçının iştirakı təmin edilməli və aktın bir nüsxəsi iddiaçıya təqdim edilməli idi. Lakin iddiaçıya hər hansı akt təqdim edilməmişdir. İddiaçı həmişə istehlak etdiyi qazın dəyərini yüklədiyi miqdara uyğun tam şəkildə ödəmişdir. Əgər qaz sayğacında hər hansısa nasazlıq varsa, qanunvericiliyin tələbinə əsasən bu halda cavabdehliyi iddiaçı yox, Cavabdeh İB daşıyır. Odur ki, cavabdehin iddiaçıdan 5 manat 80 qəpik məbləğində borc tələb etməsi tamamilə qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayənədəsi X2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - ƏMKD yanında DƏRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 (Yeni qaydalarla: AZ 5007, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Nəriman Nərimanov küçəsi, 589, M10, m5) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanına Samrt-kart tipli G-4 markalı 1202AQ**********8 №li sayğac quraşdırılmışdır. - xx.xx.2023-cü il tarixli abonentin saldosundan görünür ki, ünvan 2 ünvanına **********20900 saylı abonent hesabına 5,80 qəpik borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, Nəriman ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri həmişə vaxtında ödəmiş, qaz sayğacına heç vaxt müdaxilə etməmişdir. Bu il mart ayının sonunda qaz smart-kartına ödəniş etmək istəyərkən elektron sistemdə 5 manat 80 qəpik məbləğində borcun yazıldığını görmüşdür. Məişət qazından istifadəyə görə heç bir borcun olmadığı üçün sayğacın ekranının şəklini çəkmişdirCavabdeh iddiaçıdan, borc olmadığı halda sayğacın dəyişdirilməsindən illər sonra test nəticəsində aşkarlanmış ehtimal olunan itmiş qaz həcminin istifadə dəyərini ödəməyini tələb edir. Cavabdehin iddiaçıdan ödəməyini tələb etdiyi 5 manat 80 qəpik qaz borcu əsassızdır. Məsələyə aydınlıq gətirilməsi üçün Cavabdeh İstehsalat müraciətinə Sumqayıt QİS tərəfindən cavab verilmişdir. Cavab məktubundan belə belə görünür ki, iddiaçının mənzilində 2018-ci ildə quraşdırılmış smart qaz sayğacında 2022-ci ildə texniki nasazlıq aşkar edilmiş və buna görə sayğac yenisi ilə əvəz edilmişdir. Halbuki, bir il öncəyədək iddiaçının mənzilində əvvəlki smart qaz sayğacı 4 il boyunca işlək vəziyyətdə olmuş, sayğacın göstəriciləri əsasında iddiaçı təbii qaza görə haqq ödəmişdir, borca görə bildiriş, xəbərdarlıq almamışdır. Heç bir borcu olmadığı halda bir il müddət keçdikdən sonra üzə çıxarılmış hansısa qeyri-müəyyən səhvə görə istehlakçı olaraq iddiaçı məsuliyyət daşımır. Bundan başqa, sayğacın nasazlığına görə onun yenisi ilə əvəz olunması zamanı qanunvericiliyin tələbinə əsasən akt tərtib edilməli, bu zaman iddiaçının iştirakı təmin edilməli və aktın bir nüsxəsi iddiaçıya təqdim edilməli idi. Lakin iddiaçıya hər hansı akt təqdim edilməmişdir. İddiaçı həmişə istehlak etdiyi qazın dəyərini yüklədiyi miqdara uyğun tam şəkildə ödəmişdir. Əgər qaz sayğacında hər hansısa nasazlıq varsa, qanunvericiliyin tələbinə əsasən bu halda cavabdehliyi iddiaçı yox, Cavabdeh İB daşıyır. Odur ki, cavabdehin iddiaçıdan 5 manat 80 qəpik məbləğində borc tələb etməsi tamamilə qanunsuzdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X5 Reyestrinə daxil edilməsidir. X3 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X5 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X5 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Ona görə də məhkəmə, hesablanmış vəsaitin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 5,80 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 2 (Yeni qaydalarla: AZ 5007, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Nəriman Nərimanov küçəsi, 589, M10, m5) (abonent kodu: **********20900) ünvanına hesablanmış 5,80 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 2 (Yeni qaydalarla: AZ 5007, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Nəriman Nərimanov küçəsi, 589, M10, m5) (abonent kodu: **********20900) ünvanına hesablanmış 5,80 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar