Məhkəmə qərarları › İş №2(060)-3622/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3622/2024

18.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3622/2024 18.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən iddiaçının faktiki istifadəsində olan ünvan 2 ünvanına dair əsassız olaraq 2241 manat borcun tələb edilməsi ilə bağlıdır. Belə ki, cavabdeh iddia edir ki, faktiki yaşayış sahəsində sayğacdan kənar qaz xətti aşkar edilmişdir. Cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya bildirilən sayğacdan kənar həmin qaz xətti iddiaçının evinin kənarından keçir və iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Sayğac evdən kənarda quraşdırılmışdır və həmin sayğacda göstərilən və aylıq olaraq işlətdiyi qaz müqabilində ödənişləri müntəzəm şəkildə ödəmişdir. Əgər cavabdeh tərəfindən qeyd olunduğu kimi sayğacdan kənar qaz xəttindən istifadə etsə idi, niyə hər dəfə sayğaca məxsus smartkarta ödənişlər köçürmüşdür. İddiaçının qanunsuz olaraq kənar qaz xəttindən istifadə etməyi ilə bağlı cavabdehin heç bir əsaslı dəlili və ya sübutu yoxdur. Sözügedən qaz xətti ilə bağlı cərimə iddiaçıya 2018-ci ildə yazılmışdır. İndiyə qədər də qaz ödənişləri üçün sayğaca aid olan smart karta terminal vasitəsi ilə pul köçürən zaman etdiyi ödənişin yarısını yazılan cərimənin ödənilməsi üçün tutulmuşdur. Bu haldan isə bu yaxınlarda xəbəri olmuşdur. Belə ki, bu vaxta kimi cavabdeh tərəfindən ödədiyi məbləğinin yarısının borca çıxıldığını bilməmişdir. Hal-hazırda yuxarıda qeyd olunan cərimə miqdarından 1341 manat ödədiyi ödənişlər zamanı əsassız yerə tutulmuşdur və tutulmaqda da davam edir. Cavabdeh tərəfindən yazılmış 2241 manat borcdan 900 manat məbləğində tutulmamış pul qalmışdır. Göstərilənlərə əsasən abonent kodu **********03380 olan ünvan 2 ünvanına dair cavabdeh tərəfindən hesablanmış 2241 manat məbləğində borcun əsassız hesab edilərək həmin borcdan qalmış 900 manat məbləğində qalıq borcun silinməsi, həmçinin hesablanmış borca münasibətdə iddiaçı tərəfindən ödənilmiş məbləğin müəyyən edilərək iddiaçı tərəfindən istifadə edilməsi üçün qeyd olunan abonent koduna məxsus smart tipli karta köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, adına olan 900 manat qaz cəriməsinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 izahat verərək iddia tələbi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca baxış keçirilmiş, sayğacdankənar xətt aşkar edilmişdir.

8. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş itirilmiş qazın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı ******* saylı, xx.xx.2018-ci il tarixli akt əsasında fərdi evdə sayğaca baxış keçirilmiş, sayğacdankənar xəttin aşkar olduğundan sayğacın istismara yararsız olması ilə əlaqədar, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 6345 kub metr əlavə sərfiyyat hesablanmışdır.

9. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca baxış keçirilmiş, sayğacdankənar xətt aşkar edilmişdir.

10. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş itirilmiş qazın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı ******* saylı, xx.xx.2018-ci il tarixli akt əsasında fərdi evdə sayğaca baxış keçirilmiş, sayğacdankənar xəttin aşkar olduğundan sayğacın istismara yararsız olması ilə əlaqədar, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 9720 kub metr əlavə sərfiyyat hesablanmışdır.

11. İş materiallarındakı İddiaçı adına olan **********03380 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 2018-ci il üzrə 2241 manat borc yazılmışdır, ünvan üzrə sayğac Zenner G4T Smart tiplidir, quraşdırılma tarixi xx.xx.2022-ci ildir.

a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və yoxlamanın nəticəsində onun barəsində xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən komissiya tərəfindən İddiaçı cəmi 16.065 kub metr əlavə sərfiyyat hesablanaraq 2241 manat borc yazılmışdır. Həmin borcdan iddiaçı tərəfindən 1341 manat ödənilmişdir. Hazırda iddiaçı qalan 900 manat borcun silinməsini tələb edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

15. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

16. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. 17.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

18. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.

20. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunmuşdur. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Həmçinin məhkəmə təbii qazdan kənar xətt vasitəsi ilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddia kənar xətdən istifadə nəticəsində hesablanmış qalan 900 manat borcun silinməsi hissəsində əsaslıdır.

21. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının hesabatı düzgün aparılmamışdır. Məhkəmə həmin hesabatın 30 gün müddəti üçün aparılmasını qanuni və ədalətli hesab edir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməlidirlər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur.

23. Məhkəmə, həmçinin qaz sərfiyyatının hər m3-ni 0,20 manata vurmaqla hesablanmasını da əsaslı hesab etmir. Belə ki, Taarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qurupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, ondan artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Lakin işin hallarından görünür ki, cavabdeh göstərilən təsnifləşdirməni nəzərə almadan sərfiyyatı 0,20 manatla hesablamışdır.

24. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı - PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün (1.2x12x30=432m3), xx.xx.2018-ci il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı - PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün (1.2x12x30=432m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır.

25. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borcun xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli hesabatlar üzrə cəmi 86,40 (432+432 x 0,10 =86,40) manat olmalıdır.

26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 86,40 manat məbləğində borcun tələb edilməsi əsaslıdır ki, iddiaçı da hesablanmış 2241 manat borcdan 1341 manat ödəniş etmişdir.

27. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı **********03380 saylı abunə hesabından ******* saylı, xx.xx.2018-ci il tarixli və ******* saylı xx.xx.2018-ci il tarixli aktlar üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 900 (doqquz yüz) manat borc silinməlidir.

28. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.

29. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

30. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

31. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

33. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı **********03380 saylı abunə hesabından ******* saylı, xx.xx.2018-ci il tarixli və ******* saylı xx.xx.2018-ci il tarixli aktlar üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 900 (doqquz yüz) manat borc silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar