Məhkəmə qərarları › İş №2(060)-3644/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3644/2021

18.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3644/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı oğlunun Cavabdeh iştirakları ilə, İddiaçı oğlunun Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat kompensasiya verilməklə ona məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 10 saylı evin, 19 saylı mənzilinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh 10000 manat kompensasiya verilməklə ona məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 10 saylı evin, 19 saylı mənzilinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbləbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 10 saylı evin, 19 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun əmisidir. Əmisi həmin mənzildə qeydiyyatdadır və həmin mənzildə də, yaşayır. Mənzili satmaq istəyir, lakin cavabdeh razılıq vermir. Bu məqsədlə iddiaçı məhkəməyə müraciət edərək, cavabdehə kompensasiya verməklə onun həmin mənzildə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq qeyd etdi ki, anadan olandan qeyd edilən mənzildə atası, anası, babası və üç bacısı ilə yaşamışlar. 2004-cü ildə hazırki cavabdeh əmisi öz mənzili olmadığın üçün ailə üzvləri ilə birlikdə onalara köçmüş və babası onu pasport qeydiyyatına aldırmışdır bundan sonra atası ölmüşdür, sonra isə babası. Babası öləndən sonra cavabdeh və atasının bacıları miras əmlakdan onun xeyrinə imtina etmişlər və hazırki mənzil onun mülkiyyətinə keçmişdir. Mənzildə iki ailənin birlikdə yaşamaı çətin olduğundan o, əmisinə təklif etmişdir ki, mənzili satıb dəyərinin iki yerə bölsünlər və hər ailə özünə yeni mənzil alsın. Əmisinin arvadı və uşaqları razılaşsa da, əmisi razılaşmamışdır. Buna görə də, yalnız əmisinə qarşı iddia qaldırmışdır, əmisinin ailə üzvləri ilə məsələ həllini tapmışdır. Məhkəmə iclasında cavabdeh izahat verərək, bildirdi ki, ona verilən kompensasiya məbləği ilə razı deyildir. Həmin mənzil atasına məxsus olmuşdur. 2004-cü ildə o, ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüşdür və atasının razılıqı ilə hamısı ora qeydiyyata düşmüşlər. Sonra qardaşı (iddiaçının atası) və atası ölmüşlər. Atası öldükdən sonra o və bacıları mənzildən paya qardaşı oğularının (iddiaçını) xeyrinə imtina etmişlər. İddia ilə ona görə razı deyilki, iddiaçının məhkəmədən əvvəl təklif etdiyi, yəni mənzili atılaraq pulun bölünməsi onu qane etmir, mənzilin 65-70 min dəyər vardır, o, 30000 manata mənzil tapıb ala bilməz. Qeyd olunananlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 10 saylı evin, 19 saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı oğluna məxsusdur. -Azərbaycan Respublikası Sumqayıt şəhər İH MKTİB-nin 10 saylı MKS-nin 397 saylı, 29 mart 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 1999-cu ildən Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 10 saylı evin, 19 saylı mənzilində qeydiyyatdadır. Ondan başqa həmin mənzildə 9 nəfər qeydiyyatda olmaqla yaşayırlar. -“xxxx” MMC-nin verdiyi mənizlin qiymətlənidirlməsi barədə hesabatdan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 10 saylı evin, 19 saylı mənzilinin bazar qiyməti 75000 manat, likvid dəyəri 64000 manat təşkil edir. Həmçinin 1 otaq üçün aylıq icarə dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bununla yanaşı, mülki qanunvericilik mülkiyyət hüququ ilə yanaşı əmlakdan qanuni əsaslarla istifadə edən şəxsin də hüquqları qanunvericiliklə tanınır və həm əmlakın mülkiyyətçisindən, həm də üçüncü şəxslərin müdaxiləsindən qorunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinin məzmununa görə, girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları hesab edilir. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi tətbiq edilərək hüquqi qiymət verilməlidir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Belə ki, mənzilin orta bazar qiyməti 75000 manat, həmin ərazidə və şəraitdə 1 otaqlı mənzilin aylıq kirayə haqqı 200 manat təşkli etməsini və mənzilə ümümulikdə 10 nəfərin qeydiyyatda olaraq yaşaması baxımından kompensasiya məbləği ağlabatandır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin hətta mülkiyyətdə payı olsa idi belə, həmin pay cuzi olduğundan və real surətdə ayrıla bilmədiyindən, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da, paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilərdi. Mübahisəli mənzildə ümumilikdə 10 nəfərin qeydiyyatda olmaqla yaşamasını və mənzilin bazar dəyərinin 75000 manat olmasını nəzərə aldıqda, hazırki iddia üzrə təklif edilən kompensasiya məbləği mülkiyyət hüququndakı payına tənasüb olardı. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibəti, mübahisəli mənzilin dəyərinin o qədər də yüksək olmadığını, mübahisəli mənzilin bir otaqının cavabdeh tərə\findən istifadə edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən 10000 (on min) manat məbləğində pul cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bilər. Həmçinin məhkəmə, hesab edir ki, mübahisəli mənzilin dəyərinə və yerləşdiyi yerinə görə kompensasiyanın cavabdehə təklif edilən kompensasiya ağlabatan və reallığa uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı 10000 manat kompensasiya məbləği alınaraq Cavabdeh ödənilsin. Kompensasiya məbləği Cavabdeh ödənildikdən sonra onun Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 10 saylı evin, 19 saylı mənzilində olan istifadə hüququna xitam verilsin və mənzildən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar