Məhkəmə qərarları › İş №2(060)-3648/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3648/2023

03.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3648/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Betonzavod üzrə 1 saylı “İnşaatçı” məhəllə 481A fərdi yaşayış evi, **********007430 abonent koduna əsassız olaraq hesablanmış 3110,40 manat cərimənin silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi “Azəriqaz” İB Sumqayıt Qaz İstismar Sahəsinin cavabdeh “Azəriqaz” İB ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Betonzavod üzrə 1 saylı “İnşaatçı” məhəllə 481A fərdi yaşayış evi, **********007430 abonent koduna əsassız olaraq hesablanmış 3110,40 manat məbləğində “Azəriqaz” İB-nin Sumqayıt QİS-nin tərəfindən cərimə yazılmışdır. Qeyd edir ki “Azəriqaz” İB-nin Sumqayıt QİS-nin rəisi tərəfindən təsdiq olunmuş aktda ünvan düzgün qeyd olunmamışdır. İddiaçının faktiki yaşadığı ünvan ünvan 2ğu halda, tərtib olunmuş aktda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 743 nömrəli ev qeyd olunmuşdur. Sumqayıt şəhəri, Betonzavod üzrə 1 saylı “İnşaatçı” məhəllə 481A fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında – qaynatası X1 məxsusdur. Həmin mənzildə iddiaçı ailəsi ilə birlikdə yaşayır. Mənzillərində xx.xx.2019-cu ildə Smart G-4 İTRON GALLUS PAY tipli qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı ilə bağlı sözügedən mənzildə yaşadıqları dövrdə problemlər olmamışdır. Sumqayıt Qaz İstismar Sahəsi ilə 4 ildən artıq müddətə aralarında heç bir anlaşmazlıq və problem olmamışdır. Qeyd edir ki, kommunal ödənişləri və sair vergiləri həmişə vaxtlı-vaxtında ödəmişdir. Heç vaxt hansısa vergidən və sair ödənişlərdən yayınmamışdır. 12 aprel 2023-cü il tarixdə “Azəriqaz” İB- nin Sumqayıt QİS-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və sayğacın çıxış borusundan dəlik aşkarlanmışdır. Bununla bağlı 030862 saylı xx.xx.2023-cü tarixdə akt tərtib edilmişdir. 10 aprel 2023-cü il tarixdə evə gələrkən sayğac bağlı olmuşdur. Həmin günü iddiaçı önəmsəməmiş, lakin 11 aprel 2023-cü il tarixdə artıq sayğaca plomb qoyulmuşdur. 12 aprel 2023-cü il tarixdə “Azəriqaz” İB-nin Sumqayıt QİS-nin nümayəndələri tərəfindən iddiaçının xəbəri olmadan, videoçəkiliş (fotoçəkiliş) müşaiyəti ilə sayğaca müdaxilə olunaraq yerindən çıxarılmış və laboratoriyaya göndərilmişdir. 030862 saylı xx.xx.2023-cü tarixdə tərtib olunan aktda qeyri müəyyən şərtlərdə, nəyin nəticəsində əmələ gələn dəliyin araşdırılmayıb, dəqiqləşdirilmədən aşkarlanması və sayğacı xəbərsiz aparmaqları heç bir qanun normalarına uyğun deyildir. Üstəlik aşkarlanan problemə görə 3300 manat məbləğində cərimə də yazılmışdır. Baş verən hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə qaz sayğacının naməlum şəraitdə itməsi barədə ərizə ilə müraciət etmişdir. “Azəriqaz” İB-nin Sumqayıt QİS-nin dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən - qaz sayğacının nominal qaz sərfi 6 kub/metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gun qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmasını və hesablanmış məbləğin ödənilməsi qeyd olunmuşdur. Beləliklə 6x24x180=25920 kub metr qaz sərf olunduğu göstərilir. Aprel ayında iddiaçı tərəfindən qaz ödəməsi üçün balansa 200 manat məbləğində pul yüklənmişdir. Balansda olan 200 manatı 3300 manat yazılmış borcdan çıxaraq nəticədə təkcə aprel ayına 25920 kub metr qaz istifadə olunmasına dair 3110,40 manat borc yazılmışdır. sayğacın çıxış borusundan aşkarlanmış dəlikdən xəbəri yoxdur. Hazırda həmin yaranmış problemə görə iddiaçıya əsassız olaraq 3110,40 manat məbləğində borc pul yazılmışdır. 12 aprel 2023-cü il tarixindən bu günə kimi Azəriqaz” İB-nin Sumqayıt QİS-nin nümayəndələri tərəfindən qanunsuz qaz sayğacını söküb apardıqlarına görə iddiaçını və ailəsini qaz təminatından məhrum etmişlər. Bu isə, bir istehlakçı kimi iddiaçının hüquqlarının kobud şəkildə pozulması deməkdir. Qaz sayğacının olmaması məişət tələbatlarını ödəmək üçün ailə daxili həyatlarında çox çətinliklər yaratmışdır. Qeyd edilən səbəblərə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İB-nin nümayənədəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 743-ə baxış zamanı sayğacın çıxış borusunda dəlik aşkar olunmuşdur. - xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına barədə tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcmi 25920 m3 müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sayğacın çıxış borusunda dəlik aşkar olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu əsasla ******* saylı xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında 3110,4 manat cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X4 Reyestrinə daxil edilməsidir. X2 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X4 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X4 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Ona görə də məhkəmə, sayğacın çıxış borusunda dəlik aşkar olduğuna görə hesablanmış vəsaitin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan hyuxarı iddia qiymətinin 1 %-i həcmində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 3110,4 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 41,10 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Betonzavod üzrə 1 saylı “İnşaatçı” məhəllə 481 A fərdi yaşayış evinə (abonent kodu: **********007430) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akt əsasında hesablanmış 3110,4 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən Sumqayıt şəhəri, Betonzavod üzrə 1 saylı “İnşaatçı” məhəllə 481 A fərdi yaşayış evinə (abonent kodu: **********007430) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akt əsasında hesablanmış 3110,4 manat borc silinsin. İddianın verilməsinə görə 41,10 manat dövlət rüsumunun əvəzi cavabdeh “Azəriqaz” İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar