Məhkəmə qərarları › İş №2(060)-3652/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3652/2025

01.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3652/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən (Yeni ünvan: AZ5009, Sumqayıt şəhəri, Cavabdeh2 küçəsi, giriş 11) Cavabdeh2 küçəsinə baxan 1143 saylı bağın barısına (hasarına) bitişik ərazidə cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikilinin onların hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı Bağları ərazisində 1143 nömrəli bağ xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bağ mövsümü gəlmədiyindən nadir hallarda bağa baş çəkir. xx.xx.2025-ci il tarixdə bağa gələrkən ona məxsus olan bağın barısının çölə-əsas yola baxan hissəsinə bitişik ərazidə əkilmiş yaşıllıqların götürülərək yerinin betonlanıb, onun icazəsi və xəbəri olmadan qanunsuz tikili ucaldıldığının şahidi olmuşdur. Məhz onların müdaxiləsi nəticəsində tikilinin yekunlaşdırılması başa çatmamışdır. Bununla bağlı polis orqanlarına şikayət edilmiş, aparılmış araşdırma nəticəsində həmin tikilinin Cavabdeh1 və Cavabdeh2 aparıldığı məlum olmuşdur. Cavabdehlər tərəfindən göstərilən ünvanda ona heç bir məlumat verilmədən və razılığı alınmadan tikinti işlərinin aparılmasına başlanmışdır. Həmin şəxslər tərəfindən onun mülkiyyət hüquqları pozularaq, su xətləri kəsilmiş, suyun axması nəticəsində xeyli ziyan vurulmuş, axan sular nəticəsində hasarların bünövrəsi zəifləmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən bu tikintinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən hər-hansı bir icazə verilməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, iddiaçının hazırki tələblə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən 4 otaqlı, 189,82 kv.metrlik yaşayış evi İddiaçı adına qeydə alınmışdır. - bağ təsərrüfatının texniki pasportunun surətindən görünür ki, İddiaçı adına qeydə alınmış 4 otaqlı, 189,82 kv.metrlik yaşayış evi 391,01 kv.metrlik torpaq sahəsində yerləşir. - Sumqayıt Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 275 saylı məktubundan görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” mülki işlə əlaqədar “şəhid bulağı”nın Sumqayıt Bələdiyyəsinin ərazisinə aid olub-olmaması barədə məktuba cavab olaraq bildirilir ki, həmin torpaq sahəsi Torpaq İslahatı zamanı “Bələdiyyələrin ərazilərini və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq xx.xx.2001-ci ildə akt və protokolla Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş torpaq sahələri sırasındadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən 4 otaqlı, 189,82 kv.metrlik yaşayış evi İddiaçı adına 1992-ci ildən qeydə alınmışdır. Bu ev isə 391,01 kv.metrlik torpaq sahəsində yerləşir. Əmlaka dair texniki pasport iddiaçının adına tərtib olunmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən (Yeni ünvan: AZ5009, Sumqayıt şəhəri, Cavabdeh2 küçəsi, giriş 11) Cavabdeh2 küçəsinə baxan 1143 saylı bağın barısına (hasarına) bitişik ərazidə cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikilinin onların hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarından görünür ki, cavabdehlərin inşa etdikləri tikili şəhid olmuş övladının adının əbədiləşdirilməsi məqsədilə bulaqdan ibarətdir. Bu tikilinin iddiaçının mülkiyyət hüququna qəsd etməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur. Əksinə, işdə olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 275 saylı məktubundan görünür ki, bu ərazi Bələdiyyənin balansındadır. Belə olan halda İddiaçı hazırki iddiası əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göründüyü kimi tikinti işləri gedən torpaq sahəsinə dair İddiaçı heç bir hüququ olmadığı halda o, hazırkı iddianı qaldırmışdır, ona görə də iddia təmin edilə bilməz. İddiaçı hazırki mübahisənin predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul oluna bilməz, bu isə o deməkdir ki, cavabdehə qarşı iddianı tələb hüququ olmayan şəxs irəli sürmüşdür. İddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, tərəflərin irəli sürdükləri digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir - Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə barədə iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar