Məhkəmə qərarları › İş №2(060)-3657/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3657/2024

16.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3657/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Agentliyi” X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən xx.xx.2024-cii il tarixində tərtib edilmiş NDM 036732 nömrəli akta əsasən hesablanmış 831 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "Azərişıq” ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən mülkiyyətçisi olduğu ünvan 1 ünvanına xidmət edən elektrik sayğacına xx.xx.2024-cii ildə baxış keçirilmiş və NDM 036732 nömrəli akt tərtib olunmuşdur. Aktda göstərilmişdir ki, guya mənzilinə məxsus elektrik sayğacının kənar xətdən istifadə olunur. Cavabdeh bunu sayğaca müdaxilə kimi qiymətləndirmiş və ona 831 manat məbləğində cərimə hesablamışdır. O, bununla razılaşmır. Tərəfindən sözügedən elektrik sayğacına heç bir müdaxilə edilməmişdir. Sayğac mənzildən kənarda, mənzilin blokunda yerləşir. İstehlakçı kimi elektrik sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehin əməkdaşları tərəfindən mülkiyyətçisi olduğu ünvana akt tərtib olunmuşdur. Aktda guya mənzilinə məxsus elektrik sayğacında kənar xətdən istifadə olunur. Cavabdeh bunu kənar müdaxilə kimi qiymətləndirmiş və ona 831 manat məbləğində cərimə hesablamışdır. O, bununla razılaşmır. Tərəfindən sözügedən elektrik sayğacına heç bir müdaxilə edilməmişdir. Sayğac mənzildən kənarda, mənzilin blokunda yerləşir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahatında bildirdi ki, təqdim etdiyi sənədlərdən də göründüyü kimi iddiaçı həmin evdə yaşasa da, "xxxx" ASC-yə məxsus heç bir sərfiyyat qeyd etməmişdir. İddiaçı əlavə xətt çəkərək işıqdan qanunsuz istifadə etmişdir. Bunu təqdim etdiyi "xxxx" ASC və "xxxx" ASC tərəfindən tərtib olunmuş abonent saldolarından da görmək olar. Həmçinin təqdim etdiyi video-diskdən də görünür ki, əlavə xətt qoşulmuşdur. Sonda məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Agentliyi” X4 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, kənar xəttdən istifadənin aşkar edilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onlara məlumat verilməmişdir. Kənar xətt vardırsa, sanksiya tətbiq olunmalıdır. Akt istehlakçı tərəfindən imzalanmadığı üçün video çəkiliş aparılmışdır.

Tədqiq olunan sübutlar: "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, NDM 036732 nömrəli aktda qeyd olunmuşdur ki, sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elketrik sayğacında kənar xəttdən istifadə olunmuş, belə ki, binanın 0,4 kv-luq paylayıcı şitindən mənzil daxilinə 1 x, 2,5 kv.mm naqili ilə sayğacının kənar faza xətti çəkilmişdir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

8. Abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə 831,54 manat məbləğində akt üzrə yaranmış borcu vardır.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın:

-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

12. 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu:

19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 fevral 2024-cü il tarixdə abonent kodu **********00239 olan İddiaçı xx.xx.2024-cü il tarixli, NDM 036732 nömrəli akt tərtib olunmuş və həmin akta əsasən 831 manat məbləğində borc yazılmışdır.

15. Qeyd edilən aktda elektrik enerjisindən istifadə qaydalarının pozulmasının əsası kimi sayğaca baxış keçirildiyi, fərdi yaşayış evinə məxsus elketrik sayğacında kənar xəttdən istifadə olunduğu, binanın 0,4 kv-luq paylayıcı şitindən mənzil daxilinə 1 x, 2,5 kv.mm naqili ilə sayğacının kənar faza xətti çəkildiyi göstərilmişdir.

16. Beləliklə, cavabdeh fərdi yaşayış evinə məxsus elketrik sayğacında kənar xəttdən istifadə olunduğu, binanın 0,4 kv-luq paylayıcı şitindən mənzil daxilinə 1 x, 2,5 kv.mm naqili ilə sayğacının kənar faza xətti çəkildiyi və bunun iddiaçı tərəfindən edildiyi qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan 831 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.

17. İddiaçı tərəfindən məhkəməyə qeyd olunan ünvanda sayğaca dair video görüntünü özündə əks etdirən disk təqdim edilmişdir.

18. 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

19. Göründüyü kimi qanunvericiliyin tələbinə görə istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

20. Hazırki işdə də cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə tərtib edilmiş NDM 036732 nömrəli akt əsasında borc hesablanmışdır ki, bununla bağlı tərəflər arasında yaranmış mübahisədə yuxarıda qeyd olunan Qanunun təsir dairəsinə düşür.

21. Beləliklə, məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsirli olması ilə bağlı həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı olmadığından ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilməz.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, NDM 036732 saylı akt əsasında elektrik enerjisindən istifadəyə görə hesablanmış 831 (səkkiz yüz otuz bir) manat məbləğində borc **********00239 saylı abunə hesabından silinməlidir.

Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, NDM 036732 saylı akt əsasında elektrik enerjisindən istifadəyə görə hesablanmış 831 (səkkiz yüz otuz bir) manat məbləğində borc **********00239 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar