Məhkəmə qərarları › İş №2(060)-3672/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3672/2022

03.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3672/2022 03.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona qanunsuz olaraq hesablanmış 500 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, hal-hazırda, Sumqayıt şəhəri, Tağıyev-2 hərbi şəhərcik, K.Kərimov küçəsi, ev 19, mənzil 41-də ailə üzvlərilə birlikdə yaşayır, bütün kommunal xidmətlərə görə haqqları, o cümlədən elektrik haqqlarına görə məbləğləri vaxtıvaxtında ödəmiş və heç bir borcu da yoxdur. Lakin cavabdeh təşkilat tərəfindən naməlum qaydalar əsasında qanunsuz və əsassız olaraq onun və ailəsinin heç bir borcu olmamasına baxmayaraq göstərilən ünvana 500 manat debitor borc hesablanmışdır. Bunu iddia ərizəsinə əlavə etdiyi sənədlər də təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisələndirilən borc məbləği məcburi köçkün borcudur, ondan əvvəl həmin ünvanda yaşamış məcburi köçkünlərə aiddir. Həmin borca görə abunə kartı onun adına qeydə alınmır. Bu səbəbdən də borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddianı qəbul etmir. Mübahisələndirilən borc məbləği məcburi köçkün borcu olaraq dondurulmuşdur və cavabdeh tərəfindən tələb olunmur. Eləcə də həmin borc məbləği Azərenerji dövrünə, yəni 2015-ci ilin yanvar ayınadək yaranmış borcdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Abunə haqqında məlumatdan görünür ki, abonent kodu **********00971 olan abunə hesabında qaçqın borcunun silinməsi olaraq xx.xx.2016-cı il tarixə 556,02 manat borc göstərilmişdir. Məhkəmə sorğusuna Azərişıq ASC “Şimal” RETSİ tərəfindən verilmiş cavabdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evi **********00971 saylı kodla xx.xx.2000-ci il tarixindən Həsənova R. adı ilə abonent qeydiyyatındadır. Həmçinin abonentin mənzilinə xx.xx.2007-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilib. xx.xx.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 556,02 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olubolmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyil. Mənzilin xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək enerjitəchizatçı təşkilata 4,08 manat sayğac borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enercitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enercisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enercisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enercitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enercisinə görə ödəniş alır, digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən İstehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakcı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enercisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq hesablanılmış borc silinməlidir. Eləcə də işin hallarından göründüyü kimi mübahisələndirilən borc məbləği qaçqın borcu olmaqla, həmin borc cavabdeh tərəfindən tələb olunmur. Bununla yanaşı məhkəmə qeyd edir ki, 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Şərh olunan hüquq normasının göstərişindən də göründüyü kimi mübahisələndirilən borc üzrə tələbetmə müddəti ötmüşdür. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödnilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC-yə aid **********00971 saylı abunə hesabından 500 (beş yüz) manat borc silinsin. "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar