Məhkəmə qərarları › İş №2(060)-3693/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3693/2021

29.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3693/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Merdiyeva İlhamə Əziz qızının iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmməd oğluna qarşı “əhəmiyyətsiz əqd hesab edilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18.05.2018-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd hesab edilmısi; aldadılma nəticəsində ona dəymiş maddi ziyan 40000 manat pul vəsaitini Cavabdeh2 Məmməd oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh2 Məmməd oğlunun onu aldadaraq 40000 manat pul vəsaitini ələ keçirməsi barədə Sumqayıt şəhər Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2018-ci ilin fevral ayında Jalə Məmmədovanın vasitəsi ilə Cavabdeh2 Məmməd oğlu ilə tanış olmuşdur. Cavabdeh2 qeyd etmişdir ki, Sumqayıt şəhərində yerləşən kilinika (Sumqayıt Dioqnostika Mərkəzi) var və ora avadanlıqlarla birlikdə 2300 manata icarəyə verilir. Cavabdeh2 təklif etmişdir ki, bir yerdə oranı icarəyə götürüb işlədək. İddiaçı əvvəl Sumqayıt şəhərində 1 saylı doğum evində Loborotoriya şöbə müdüri çalışdığını nəzərə alaraq hesab etmişdir ki, orda işləmək daha rahat olacaq. Bu minvalla 05 mart 2018-ci il tarixdə işləməyə başlamışdır. 18.05.2018-ci il tarixdə Cavabdeh2 bildirmişdir ki, klinikanın fəaliyyəti ilə əlaqədar Cavabdeh1 ilə görüşmək lazımdır. Onlar görüşərək bir neçə sənəd imzalanmışlar. Cavabdeh2 klinikanın reklamı ilə əlaqədar ilk öncə 3.000 manat, daha sonra təkrar 3.000 manat pul vəsaitini iddiaçıdan almışdır. Lakin əvəzində heç bir qəbz verməmişdir. Bir müddət sonra Cavabdeh2 bildirmişdir ki, UZİ aparatı lazımdır. Bu səbəbdən də iddiaçı UZİ aparatını alınması üçün 17.000 manatı Cavabdeh2 vermişdir. Bundan sonra Loborotoriya, UZ1, Fizioterapiya aparatların təmiri üçün Cavabdeh2 ayn-ayn vaxtlarda ümumilikdə 4.000 (dörd min) manat pul verilmiş, lakin o, heç bir qəbz təqdim etməmişdir. Cavabdeh2 klinikanın təmsilçisi olmuşdur. Bir müddət sonra Cavabdeh2 təklif etmişdir ki, klinikanın işi davam etməsi üçün UZİ aparatı satılsın və həmin vəsait klinikada qoyulsun. İddiaçı bununla razılaşmışdır. Cavabdeh2 tərəfindən UZİ aparatı 17.000 manata satılmışdır. Lakin həmin vəsait klinikaya qoyulmamışdır. Qeyd olunan səbəblərdən iddiaçı ilə Cavabdeh2 münasibətləri pozulmuşdur. Bu məsələnin aydınlaşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh2 təklifi ilə bu klinikanı bir neçə adam işlətmiş və avadanlıqlarla bağlı həmin şəxslərlə Cavabdeh2 mübahisələri vardır. Bundan sonra məlum olmuşdur ki, Cavabdeh2 iddiaçını aldadaraq ümumilikdə 40.000 manat pul vəsaitini ələ keçirmişdir. İddiaçı qeyd edir ki, iddiaçı 18.05.2018-ci il tarixli müqavilə bağlana qədər Cavabdeh1 tanımamış və hər-hansı razılaşma olmamışdır (müqaviləyə iradə ifadəsi). İkincisi, iddiaçı ancaq Cavabdeh2 tanımış, Ramil Əjdərin dostudur, iddiaçı Cavabdeh2 tərəfindən aldadılaraq qeyd olunan müqavilə bağlanmışdır. Cavabdeh2 tərəfindən aldanılması nəticəsində iddiaçıya 40.000 (qırx min) manat maddi ziyan dəymişdir. Üçüncüsü, Cavabdeh1 məxsus olmuş avadanlıqların qaytarılması və 18.05.2018-ci il tarixli müqaviləyə xitam verilməsi Cavabdeh1 təklif olunmuş, lakin o, imtina etdiyindən avadanlıqlar Cavabdeh2 sahibliyi və istifadəsində qalmışdır. Dördüncüsü, Sumqayıt Dioqnostika Mərkəzi və orada olan avadanlıqlar Cavabdeh2 sahibliyi və istifadəsində olduğundan icarə haqqı 2300 manat onun tərəfindən ödənilməlidir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək İddiaçı Elman qızı ilə Cavabdeh1 arasında bağlanmış 18.05.2018-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, icarə müqaviləsi bağlanarkən İddiaçı müqavilənin Cavabdeh1la bağlandığını bilib və müqaviləni bağlayıb, lakin qeyd olunan avadanlıqlar Mirvariyə təhvil verilməyib, əşyaların təhvili ilə bağlı akt yoxdur. Belə ki, avadanlıqlar əvvəlcədən Mərkəzdə olub və İddiaçı istifadəsində olub. Müqavilə bağlandıqdan sonra təxminən İddiaçı həmin Mərkəzdə işləyib və avadanlıqlardan istifadə edib, bu səbəbdən də müqaviləni mübahisləndirməyib. Həmin avadanlıqlar Mərkəzə məxsus olub, Mirvari Cavabdeh2ov tərəfindən aladılaraq belə bir müqavilə bağlanmışdır, həmin müqavilə bağlananadək İddiaçı Cavabdeh1 tanımamış, onlar arasında heç bir müqavilə şərti razılaşdırılmamışdır, Cavabdeh1 bu müqavilə üzrə öhdəlik daşımalı olan şəxs deyil. Göstərilənlərə əsasən iddianı əsaslı hesab edir. Həmçinin bildirdi ki, müqavilədə texniki səhv edilərək icarəçi və icarədarın adları dəyişik göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İlhamə Merdiyeva digər nümayəndəsinin göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 07 iyun 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçını müqavilə bağlanan gün tanımışdır. Digər Cavabdeh2 onun dostudur. Əjdər ona bildirmişdir ki, Sumqayıt Dioqnostika Mərkəzi avadanlıqla birlikdə satılır. 2018-ci ilin may ayında o, Əjdərə lisenziyanı özünün adına almasını təklif etmiş, lakin maliyyə vəsaitini o, özü qoymuşdur. İcarə müqaviləsinin predmeti olan avadanlıqlar əvvəlcədən Mərkəzdə çalışan Mirvarinin icarəsində olmuş, 2018-ci ildə Mərkəz Əjdərinə adına qeydiyyata alındıqdan sonra, o, avadanlıqları dəyərini ödəyərək almış, Mirvari ilə icarə müqaviləsi bağlanılmış və avadanlıqlar Mirvarinin istifadəsində qalmışdır. Mirvari bir dəfə ona icarə haqqı ödəmiş, ödənişləri vaxtlı-vaxtında etmədiyinə görə aralarında mübahisə yaranmışdır. 2019-cu ilin may ayından iddiaçı Mərkəzdən getmişdir, avadanlıqları hazırda o, başqa şəxsə icarəyə vermişdir. Mülki iş materiallarında olan: İçarəçi Cavabdeh1 və icarədar İddiaçı arasında bağlanmış 18.05.2018-ci il tarixli, 1805/1 nömrəli müqavilədən görünür ki, icarədar bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə-1 də göstərilən avadanlıqların icarəçiyə verilməsini, icarəçi avadanlıqların icarə haqqı olaraq aylıq 1000 manat hər ayın 5-i tarixindən gec olmayaraq ödənilməsini həyata keçirməlidir, müqavilənin şərtini pozan tərəf 12 aylıq müqavilədə göstərilmiş icarə haqqını birdəfəlik təzminat olaraq digər tərəfə ödəməyi öhdəsinə götürür. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-769/2020 nömrəli, 25.02.2020-ci tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilə öhdəliyinin pozulmasına görə təzminat” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 12000 manat pul vəsaitinin iddiaçı Cavabdeh1 xeyrinə tutulması qət etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanılmaqla tərəflər avadanlıqların icarəyə verilməsi və bunun əvəzində icarə pulunun ödənilməsi ilə bağlı qarşılıqlı öhdəlik götürmüşlər. İddiaçı bu müqavilənin əhəmiyyəsiz əqd olduğunu, qarşı tərəfin avadanlıqların sahibi olmadığını, müqavilə üzrə öhdəlik daşımalı olmayan şəxs olduğunu, müqavilənin bağlanma səbəbinin İddiaçı aldadılaraq bağlandığını əsas gətirərək müqavilənin əhəmiyyəsiz əqd hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, göstərilən münasibətlər əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı olduğundan hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14cü fəslində (əqdlərin etibarsızlığı) olan müddəalar tətbiq edilməlidir. Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər, əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Yuxarıda qeyd olunduğu kimi əqd arzu olunan hüquqi nəticələri əmələ gətirən iradə ifadəsidir və burada “arzu olunan hüquqi nəticə” ifadəsi həmin əqd üzrə hüquq və öhdəlikləri əmələ gətirməkdir. Buna görə də “etbarsız əqd hüquqi nəticələrə səbəb olmur ifadəsi, həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlmədiyini bildirir. Əgər əqd əlavə heç bir şərt və hərəkətdən asılı olmayaraq bağlandığı andan özü-özlüyündə haqq və öhdəlik/vəzifə əmələ gətirmirsə onda həmin əqd “əhəmiyyətsiz/puç/batil” əqd sayılır. Yəni mülki hüquqda əqdlər baxımından etibarsızlığın bir növü kimi “əhəmiyyətsizlik” sözü, bağlanmış əqdin əmələ gətirmək qabiliyyətinin və xüsusiyyətinin olmaması halını ifadə edir. Məhkəmə hesab edir ki ki, belə bir iddia tələbinin əsaslılığının müəyyən edilməsi üçün istinad edilən müqavilənin özlüyündə etibarsız olub-olmaması, tərəflər arasında hüquq və öhdəlikləri yaratma imkanına malik olub-olmaması müəyyən edilməlidir. Eyni zamanda müəyyən edilməlidir ki, tərəflər müqaviləni hansı niyətlə bağlamışlar, müqavilə bağlamaqlarına yönələn motiv və tərəflərin sonrakı hərəkətləri nədən ibarət olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 324.4-cü maddsinə əsasən Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Yuxarıda şərh olunan maddənin məzmunundan görünür ki, icarə müqaviləsi mülki əqd olmaqla, həmin əqdin bağlanılması üçün tərəflərin müqavilə obyektlərinin icarəyə götürülməsi və əvəzində icarə haqqı ödənilməsinə yönələn razılaşdırılmış iradə ifadələri mövcud olmalıdır. Araşdırılan mübahisə predmetinə aid olan icarə müqaviləsindən göründüyü kimi, tərəflər bir tərəfin ona məxsus avadanlıqları icarəyə verməsi müqabilində digər tərəfin razılaşdırılmış icarə haqqını ödəməsindən ibarət öhdəlik götürmüşlər. İşin mübahisəsiz halları qeyd etməyə əsas verir ki, iddiaçı, öncədən Cavabdeh1 tanımasa da müqavilə bağlanarkən avadanlıqların Cavabdeh1 məxsus olduğunu bilmiş, həmin müqaviləni imzalamaqla müqavilənin tərəfinə olan razılığı ilə bağlı iradə ifadəsini göstərmiş, iddiaçı avadanlıqları icarəyə götürüb əvəzində haqq ödəməyi öhdəsinə götürmüş, icarə haqqı ödəmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən əqdlərdən fərqli olaraq əhəmiyyətsiz əqdlərdə iradə ifadəsinin olub-olmaması deyil, mövcud olan iradə ifadəsinin nədə ifadə olunması ilə bağlıdır. Göründüyü kimi, iddiaçı tərəf müqavilə bağlandıqdan sonra müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək müəyyən müddətə qədər icarə haqqını ödəmiş, bununla da bu icarə münasibətinə daxil olma niyyətini nümayiş etdirmişdir. Yuxarıda şərh olunan normalardan, istinad edilmiş AR Konstitusiya Məhkəməsi Plenumu qərarlarından da göründüyü kimi, əqdin əhəmiyətsizliyi məhkəmə tərəfindən müəyyən edilərkən ilk növbədə müqavilənin bağlanma motivi, əqd bağlanmamışdan öncə tərəflərin niyyətlərinin nədə ifadə olunduğu araşdırılmalıdır. İddiaçı tərəf iddianın əsası olaraq müqavilənin əhəmiyyətsizliyini avadanlıqların cavabdehə məxsus olmaması, həmin avadanlıqların iddia ərizəsində qeyd edilən Diaqnostika Mərkəzində əvvəlcədən mövcud olması, sadəcə belə bir müqavilə bağlamağın iddiaçı tərəfi aldadaraq üçüncü tərəfin öz məqsədlərini həyata keçirməsinə şərait yaratmasına səbəb olması ilə əlaqələndirmişdir. Tərəfin istinad etdiyi müqavilə üzrə avadanlıqların təhvil verilməməsi, eləcə də müqavilə tərəfini əvvəlcədən tanımaması, müqavilənin digər şəxslərin təklifi ilə bağlanması həmin müqavilənin əhəmiyyətsiz əqd olmaqla heç bir hüquqi nəticə doğurmadığına əsas ola bilməz. İşin hallarından göründüyü kimi müqavilə predmeti olan avadanlıqlar iddiaçının istifadəsində olmuş və iddiaçı icarə haqqı ödəmişdir. Eləcə də məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, müqavilənin əhəmiyyətsiz hesab edilməsi üçün hüquqi əsas müəyyən edilmədiyindən iddia rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 qarşı «müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar