Məhkəmə qərarları › İş №2(060)-5876/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5876/2024

25.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5876/2024 25.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası üzrə mülki işə 25 noyabr 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında ona 5000 manat pul vəsaitin verilməsi barədə Sumqayıt şəhərinin notariusu X1 tərəfindən təsdiq edilmiş 05 fevral 2012-ci il tarixdə bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun pensiyasından Cavabdeh2 xeyrinə qanunsuz tutulmuş 3381,65 manat və ödədiyi 70 manat, cəmi 3451,65 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildə X7 və X6 ilə tanış olub. Tanışlıqdan sonra Cəbrayılın "xxxx" MMC-nin sədri, Cahangirin isə onun işçisi olduğunu bilib. Cəbrayıl və Cahangirlə söhbətləri zamanı ona hökümətdən aşağı faizlə kredit götürüb yuxarı faizlə hər hansı girov qoymaq şərti ilə vətəndaşlara kredit verdiklərini demişlər. 2011-ci ilin yanvar ayında uzun müddət əvvəl tanıdığı Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan Cavabdeh2 ona müraciət edərək ipoteka yolu ilə mənzil almaq istədiyini, Corat qəsəbəsində almaq üçün mənzil də tapdığını bildirmişdir. Bu məsələni Cəbrayıl və Cahangirə bildirmişdir. Onlar həmçinin bu işlə də məşğul olduqlarını deyərək, tanışı Fuada kömək edəcəklərini, bu işin görülməsi üçün 4000 manat, əlavə 1000 manat isə onun evini alacağı şəxsin evini qiymətləndirməsi və bununla bağlı yol xərcinin ödənilməsi üçiin ümumilikdə 5000 (beş min) manat pul istəmişlər. O, onlarla arasında olan söhbəti Fuada söyləmişdir. Fuad da bu işin görülməsi üçün 5000 manatla razılaşmışdır. Cəbrayıl sənədləşmə işlərinin başlanması üçün ilkin olaraq 2000 manat pul lazım olduğunu, o, da həmin 2000 manat pulu 2012-ci ilin əvvəllərində Fuaddan alıb Cəbrayılgilin ofisində Cahangirə vermişdir. Bir qədər sonra Cəbrayıl ofisə gəlmiş və onun 2000 manat pulu Cahangirə verməyini bildirmişdir. Bundan sonra onlar sənədləşmə işlərinə başladıqlarını bildirmişlər. Təxminən 15 gün sonra Cəbrayıl ilə əlaqə saxlayanda Fuadın sənədlərinin hazır olma ərəfəsində olduğunu deyib, əlavə sənədlər üçün 2000 manat pul verməsini istəmişdir. O, da Fuaddan həmin məbləğdə pulu götürüb Bakı şəhərində M.Rəfili küçəsində yerləşən ofisində görüşüb Cəbrayıla vermişdir. Fuad və anası Cavabdeh3 Cəbrayıl və Cahangiri Sumqayıt şəhərinə gələrkən görmüş və onların ona verdiyi pulu ipoteka ev alınması məqsədilə Cəbrayılgilə verdiyini bilmişdir. Bundan bir müddət sonra o, Cəbrayıl ilə əlaqə saxlayanda, hansısa qiymətləndirmə şirkətinin əməkdaşının Sumqayıt şəhərinə gələrkən Fuadın almaq istədiyi evə ona göstərməyini və evin şəkilllərini çəkdikdən sonra ona 700 manat pul verməyini bildirmişdi. O, da həmin şəxslə Sumqayıt şəhərində görüşüb Fuadın almaq istədiyi evi göstərmiş və o, evin şəkillərini çəkdikdən sonra ona 700 manat pul vermişdir. Bundan sonra sənədləşmə işləri ləngidiyindən Fuad və anası Seylan ona sənədləşmənin tezləşdirməsini, evin sahibi Cəlalinin evi başqa adama satmaq istədiyini bildirmişdir. O, da bu barədə Cəbrayıl və Cahangirə demişdir. Onlar isə hər dəfə onu arxayın salaraq yaxın günlərdə sənədlərin veriləcəyini bildirmişlər. Bundan sonra da mənzilin ipoteka yolu ilə alınması uzanmış, buna görə Cəbrayıl və Cahangirin işlədiyi ofisə getmişdir. Ofisin qapısının bağlı olduğunu görmüş, hər ikisinin telefonuna isə zənglər çatmamışdır. Daha sonra Cəbrayıl və Cahangirin başqa şəxsləri də dələduzluqla pullarını ələ keçirtdiyini və buna görə tutulduqlarını eşitmişdir. Bu məsələdən Fuad və anası Seylan xəbər tutduqdan sonra ona hədə-qorxu gəlmiş və polisə şikayət edərək tutduracaqlarını demişlər. O da onların ona qarşı zorakılıq hərəkətlərindən qorxub xx.xx.2012-ci il tarixdə Dövlət Notariat Kontoruna gedib 5000 manat borc pul almadan alqısatqı müqaviləsini imzalamışdır. Göründüyü kimi borc müqaviləsi iradəsinə uyğun bağlanmamışdır. Belə əqdlər iradəsi qüsurlu əqdlər hesab olunur. Borc müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlansa da icra məmurunun göstərişinə əsasən pensiyasından Cavabdeh2 xeyrinə hər ay tutmalar yalnız 2022-ci ilin mart ayından başlanmış və 27 mart 2024-cü il tarixə qədər 3381,65 manat pul tutularaq digər Cavabdeh2 anası Cavabdeh3 kart hesabına köçürülmüşdür. Baki Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2013-cü il tarixli hökmünü 2024-ci ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsindən əldə etdikdən sonra ona məlum olmuşdur ki, məhkum X2 4000 manat pul Cavabdeh3 ödənilməlidir. Cavabdeh3 həmin cinayət işi üzrə məhkəmədə zərərçəkən şəxs kimi dindirilmiş və ifadəsində ipoteka ilə evin alınması məqsədilə 5000 manat pulun ona oğlu iş üzrə digər cavabdeh Fuadın vasitəsi ilə verdiyini bildirmişdir. Öncə qeyd etdiyi kimi notarial borc müqaviləsinin bağlandığı gün Cavabdeh2 ona 5000 manat pul verməmişdir. Cəbrayıl və Cahangirdə məhkəmədə dindirilərkən ifadələrində ipoteka evi alınması məqsədilə ondan 4000 manat pul aldıqlarını etiraf etmişlər. Bakı Ağır cinayətlər məhkəməsinin 1(101)-447/2013 nömrəli 26 iyul 2013-cü il tarixli hökmündən göründüyü kimi 4000 manat vurulmuş zərər məhkum X2 alınıb zərərçəkmiş Cavabdeh3 ödənməli olduğu halda, iradəsinə zidd bağlanmış borc müqaviləsinə əsasən 5000 manat pul pensiyasından tutularaq Cavabdeh3 kart hesabına köçürülür. Bu hal borc müqaviləsinin Cavabdeh2 və anası X3 hədəsi ilə bağlandığını təsdiq edir. Cavabdeh2 borc məbləğini almadığına və müqaviləni imzalamağı isə iradəsinə zidd olduğuna görə Cavabdeh2 ilə arasında bağlanmış 5000 manatın ona verilməsi barədə borc müqaviləsi etibarsız hesab edilməli və 3381,65 manat pul Cavabdeh2 və Cavabdeh3 alınıb ona qaytarılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ona borc müqaviləsi böyük təzyiqlərlə yazdırılmışdır. Vəkil ona bildirmişdir ki, mütləq borc müqaviləsi tərtib edilməlidir. O isə ipoteka müqaviləsi bağlamaq istəmişdir. Ondan müraciət etdiyi hər yerdə Ağır Cinayətlər məhkəməsinin qərarı istənilirdi. O, sözügedən işdə şahid olub və hökmü 9 ildən sonra çətinliklə əldə edib və ona görə də məhkəməyə gec müraciət edib. Onunla müqavilə bağladığı şəxs Fuaddır, digər cavabdeh Seylan da Fuadın anasıdır. Onu aldadan şəxslər 5-6 nəfər idilər. Onların iş gördükləri şəxslərdən biri hərbiçi idi. Bu şəxslər bir müddət sonra həmin hərbiçini tapa bilməmişdilər. Bu vaxt onunla başqa formada danışmağa başladılar. Daha sonra isə dedilər ki, hərbiçini tapıblar və ona borc müqaviləsi bağlamağı təklif etdilər. Lakin sonra bu şəxslərin tutulmasını öyrənmişdir. Onun Nəsimi rayonunda müstəntiq tərəfindən izahatı alınmışdır. Onu aldadan şəxslər hazırda azadlıqdadır. Evində yataq xəstəsi olan həyat yoldaşı var. Hökmdə cavabdehlərə pulun 4000 manat hissəsinin tutulan şəxslər tərəfindən qaytarılmalı olduğu qeyd edilmişdir. Lakin hazırda tutulma onun pensiyasından aparılır. Sumqayıt şəhər məhkəməsində işə baxılarkən hələ hökm çıxmamışdı. Bu səbəbdən o vaxt o qətnamədən apellyasiya şikayəti verməmişdi. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək işlərinin sıxlığı ilə əlaqədar məhkəmə iclaısnda iştirak edə bilməyəcəklərini bildirərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəməyə teleqram vuraraq iddia tələbini qəbul etmədiyini, iddia ərizəsində qeyd edilən halların əsassız və yalan olduğunu, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə hər şeyin öz əksini tapdığını, ödənişlərin yalnız məhkəmə qətnaməsi qəbul edildikdən sonra edilməsini bildirərək, məhkəmə iclasının onun iştiakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2012-ci il tarixli kredit (borc) müqaviləsindən görünür ki, Əmrahov X5 Fuad İlqar oğlundan 5000 manat borc almış və həmin pul məbləğini qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli, 2(060)-1119/2013 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, İddiaçı 5000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2013-cü il tarixli 1(101)-447/2013 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 184.3.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 12 il müddətinə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 184.3.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş 383150 manat ümumi ziyandan Cavabdeh3 4000 manat ödənilməsi hökm edilmişdir. İşdə olan inkasso sərəncamlarından görünür ki, İddiaçı əmək pensiyasından Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1119/2013 saylı icra sənədi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh3 xeyrinə müxtəlif məbləğlərdə pul tutulmuşdur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bununla bağlı qeyd edilməlidir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin etibarsızlığı barədə iddia qaldırılması üçün mülki qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti ötürmüşdir. Belə ki, Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məlum olduğu kimi bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirinə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Hazırki iş üzrə İddiaçı hüquqlarının pozulduğunu bildiyi (və ya bilməli olduğu) andan bir il müddətində belə mübahisə açmamış, təxminən 12 il keçdikdən sonra məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə gec müraciət etməsini Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2013-cü il tarixli 1(101)-447/2013 saylı hökmünü gec alması ilə əsaslandırsa da, məhkəmə hökmün qəbul edilməsindən 10 ildən çox müddət keçdiyini nəzərə alaraq həmin dəlilli inandırıcı və əsaslı hesab etmir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən müqavilə üzrə borcun tutulması barədə Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli, 2(060)-1119/2013 saylı qətnaməsinin qəbul edilməsindən 10 ildən çox müddətin keçməsinə baxmayaraq, həmin qətnamə də hal-hazıradək həmin iş üzrə cavabdeh, hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Cavabdeh2 xeyrinə qanunsuz tutulmuş 3381,65 manat pulun qaytarılması hissəsi müqavilənin etibarsız hesab edilməsi hissəsi ilə əlaqəli olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən pul tələbinə dair hissədə də iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar