Məhkəmə qərarları › İş №2(060)-3707/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3707/2021

21.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3707/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1959-cu ildə, Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuş ərizəçinin adına verilmiş akt qeydiyyatında Pirqələmov əvəzinə Nəsibova yazılmasının və X5 yerinə X7 yazılması qeydlərinin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1910-cu il təvəllüdlü mərhum X5 ərizəçinin atasıdır. O, 20.02.1992-ci ildə vəfat etmişdir. Mərhum atası, 1941-1945-ci illər X8 iştirakçısı olmuşdur. Mərhum atası X5 əvvəllər Ermənistan Respublikasında yaşamışdır. Bu səbəbdən o və digər övladları Ermənistan Respublikasında anadan olmuşlar. Mərhum atası ölməmişdən əvvəl Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 17/16, mənzil 1-də yaşamışdır. X1 ilə atasının nikahları Ermənistan Respublikasında qeyd olunduğundan onların nikah şəhadətnaməsi hazırda yoxdur. X1 08.02.1992-ci ildə vəfat etmişdir. Ərizəçi və digər bacı və qardaşları anadan olarkən onlara məlum olmayan səbəblərdən doğum şəhadətnaməsində soyadları Nəsibova qeyd olunmuşdur. Soyadlarının belə qeyd olunmasının hansı səbəbdən belə yazılması onlara dəqiq məlum deyil. Doğum şəhadətnamələrində Nəsibova qeyd olunmaqlarına baxmayaraq atalarının soyadı - Pirqələmovdur. O vaxtlardan indiyə qədər onlar analarının soyadı ilə bütün sənədlərdə qeyd olunmuşlar. Əvvəllər sənədlərdə adlarının ana soyadı ilə qeyd olunması hər hansı problem yaradacağını düşünməmişlər. Ərizəçi və onun valideynləri Ermənistan Respublikasında anadan olduqlarından müvafiq dəyşikliklərin aparılması qeyri mümkün olmuşdur. Hal-hazırda atasının X8 iştirakçısı olması ilə əlaqədar qanunvericilikdə müharibə iştirakçılarının ailə üzvlərinə nəzərdə tutulmuş sosial güzəştlərdən istifadə etmək məqsədi ilə o, maraqlı şəxsə müraciət ermişdir. Maraqlı şəxs onun doğum şəhadətnaməmdə soyadının Nəsibova qeyd olunmasını, mərhum atasının isə Pirqələmov soyadı daşımasını ziddiyyət kimi qeyd edərək, müharibə iştirakçısının ailə üzvü barədə arayışı və ya təsdiqedici sənədi verməkdən imtina etmişdir. Nəticədə o, X8 iştirakçısının ailə üzvü kimi qanunvericilikdə nəzərdə tutulmuş sosial təyinatlı güzəştlərdən istifadə etməkdən məhrum olunmuşdur. Həqiqətən də ərizəçi X3 övladı olması başqa qaydada hər hansı sənədlə təsdiq edilmir. Ərizəçi mərhumun onun atası olmasını təsdiq edəcək sənədlərdə dəyişiklik olunması üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etsə də, maraqlı şəxs ərizəni təmin etməkdən imtina etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, işdən göründüyü kimi ərizəçi xx.xx.1959-cu ildə, Ermənistanın Krasnoselo rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. 9 saylı Mənzil Kommunal Sahəsinin 31.03.2021-ci il tarixli, 414 saylı arayışında ərizəçinin ünvan 1 ünvanında yaşadığı göstərilmişdir. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1959-cu ildə, Ermənistanın Krasnoselo rayonunda anadan olmuş ərizəçinin atası X7, anası isə X2r. Ərizəçi maraqlı şəxsə atasının X8 iştirakçısı olması ilə əlaqədar arayış almaq üçün müraciət etsə də, ona doğum haqqında şəhadətnamədə atasının soyadı “Nəsibov” göstərildiyi üçün sənədlərə aydınlıq gətirilməsi məqsədilə müvafiq orqanlara müraciət etməsi tövsiyə edilmişdir. Ərizəçi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə mərhum valideynlərinin nikahları haqda təkrar şəhadətnamənin alınması üçün müraciət etmiş, Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 13.02.2020-ci il tarixli məktubunda ona bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Sumqayıt şəhər Qeydiyyat şöbəsinin arxivində saxlanılmır. Ona görə də ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən ərizəçinin atası 21.02.1992-ci ildə, anası isə 10.02.1992-ci ildə vəfat etmişlər. İşdə olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 17/16-da yerləşn 1 nömrəli mənzildə ərizəçinin atasına məxsus pay mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1). Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır (307.2.1). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır (13). İşdən göründüyü kimi ərizəçi akt qeydiyyatında soyadı qeydinin Pirqələmov əvəzinə Nəsibova yazılmasının və ata qeydinin X5 yerinə X7 yazılmasının düzgün olmamasının müəyyən edilməsini xahiş edir. MPM-də nəzərdə tutulmuşdur ki, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır (339.1). Belə ki, ərizəçi valideynlərinin nikahları haqqında təkrar şəhadətnamə verilməsi barədə maraqlı şəxsə müraciət etmişdir. Maraqlı şəxsin cavab məktubunda Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlərin arxivdə saxlanılmadığı qeyd edilmişdir. Ərizəçi doğum akt qeydinə düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün onun doğum akt qeydi mövcud olmalıdır. Lakin, işin müəyyən edilmiş hallarından görünür ki, ərizəçinin doğum akt qeydi hal-hazırda mövcud deyildir. Belə olan halda isə mövcud olmayan doğum akt qeydinin düzgün olub-olmamasının müəyyən edilməsi və ya ona düzəliş edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi akt qeydiyyatında Pirqələmov əvəzinə Nəsibova yazılmasının və X5 yerinə X7 yazılmasının düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar