Məhkəmə qərarları › İş №2(060)-3707/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3707/2024

09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3707/2024 09.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə " hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1987-ci ildə ünvan 1 ünvanda yaşayır. ünvan 2asən babası X4 Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 7/27A-da yerləşən 43 saylı mənzil ayrılmışdır. Babası xx.xx.1993-cü ildə vəfat etmişdir. Qeyd edilən mənzildə ərizəçi də qeydiyyatda olmaqla yaşayır. Mənzili özəlləşdirmək istəyərkən məlum olmuşdur ki, babasına dair bütün sənədlərdə babasının adı “Ağami” olaraq qeyd olunsa da Sumqayıt şəhər XDS İK-nin 8 oktyabr 1965-ci il tarixli 22 saylı Protokolda və 23 noyabr 1965-ci il tarixli orderdə babamın adı səhvən “Ağali” kimi qeyd olunmuşdur. Ərizəçi bu yanlışlığın aradan qaldırılması məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı və uçotu şöbəsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, 1965-ci ilə dair sənədlərin İcra Hakimiyyətinin arxivində olmadığı üçün məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Ərizəçinin babasının adı “Ağami” olduğu halda həmin protokolda babasının ata adının səhvən «Ağali» kimi yazılması ərizəçiyə bu mənzil üzərində hüquqlarının həyata keçirilməsində, mənzili özəlləşdirməkdə çətinliklər yaradır. Buna görə də həmin protokolda və orderdə aparılmış qeydin babasına məxsusluğu faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 7/27A-da yerləşən 43 saylı mənzilin ayrılması barədə Sumqayıt şəhər XDS İK-nin 8 oktyabr 1965-ci il tarixli 22 saylı Protokolunda və 23 noyabr 1965-ci il tarixli orderdə X5 dair qeydin babası X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, Ərizəçi mərhum X3 nəvəsidir. Mərhum Ağami onun dayısı olmuşdur. Mərhumdan miras ev qalmışdır. Ev 18-ci məhəllədə yerləşir. Mərhumun adı, soyadı və ata adı tam olaraq X12 olmuşdur.

8. İş materiallarında olan olan 19 avqust 1961-ci il tarixində verilmiş AЗ № 004972 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Seyidadaş Ağami oğlu xx.xx.1961-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X6r.

9. İş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, İİ-ЖГ saylı № 441991 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1993-cü il tarixdə ölmüşdür.

10. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 48-DA-10F/2-1082-2023 saylı arxiv çıxarışından görünür ki, Sumqayıt şəhər X19 İcraiyyə Komitəsinin 08 oktyabr 1965-ci il tarixli, 22 saylı protokoluna əsasən Sumqayıt şəhəri, 10cu məhəllə, bina 7, mənzil 43, 3 otaqlı mənzil X8 ayrılmışdır. Ailə tərkibi 5 nəfərdən ibarətdir. Ümumi sahəsi 45,8 kv.m-dir.

11. İş materiallarında olan Sumqayıt şəhər mənzil idarəsi tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli, 05/383 nömrəli orderin surətindən görünür ki, 08 oktyabr 1965-ci il tarixli, 22 saylı protokolun əsasında Sumqayıt şəhəri, 10-cu məhəllə, bina 7, mənzil 43, 3 otaqlı mənzil X8 verilmişdir.

12. İş materiallarında olan Maraqlı şəxs Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mənzilə dair orderdə baba adı “Ağəmi” əvəzinə “Ağəli” kimi qeyd olunduğu üçün yaranmış uyğunsuzluğa düzəliş edilməsinə köməklik göstərilməsi barədə şifahi müraciətə şəhər İcra Hakimiyyətində baxılmışdır. Aparılmış arxiv araşdırması nəticəsində 1965-ci ilə dair sənədlərin şəhər İcra Hakimiyyətinin arxivində mövcud olmadığı səbəbdən sözügedən məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 14 may 2024-cü il tarixli, 3-48- DA/2-M-428-6-506/2024 saylı arxiv arayışından görünür ki, 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzindən daxil olan 05 may 2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1933-cü ilə dair Bakı qəzası Binəqədi dairəsinin Pirəkeşkül kəndi üzrə doğum haqqında qeydiyyat kitabında 29 mart 1933-cü ildə doğulan Mammedof (sənəddə olduğu kimi) Ağami (sənəddə olduğu kimi) Dadaş oğlunun təvəllüdü qeyd olunur. Atası: Mamedof (sənəddə olduğu kimi) Ağami (sənəddə olduğu kimi) Dadaş oğlu, milliyyəti - türk Anası:(soyadı qeyd olunmayıb) Nərgiz Əli qızı, milliyyəti – türk.

14. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, Məmmədov Seyidadaş Ağəmi oğlu xx.xx.2005-ci ildən etibarən X1, X17 oğlu, Məmmədov meybalı Ağami oğlu, X21-ağa qızı, X9, Ərizəçi, X7, X18, X10, X13 ilə birlikdə Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 7/27A, 43 saylı mənzildə qeydiyyatdadırlar.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə məhkəmədə müəyyən olundu ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 7/27Ada yerləşən 43 saylı mənzilin ayrılması barədə Sumqayıt şəhər XDS İK-nin 8 oktyabr 1965-ci il tarixli 22 saylı protokolunda və 23 noyabr 1965-ci il tarixli orderdə ərizəçinin babası “X15” kimi qeyd edilmişdir və yanlışlığın yol verildiyi protokol və order hüquq müəyyənedici sənəddir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

17. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.

18. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

19. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

20. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur.

21. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 7/27A-da yerləşən 43 saylı mənzilin ayrılması barədə Sumqayıt şəhər XDS İK-nin 08 oktyabr 1965ci il tarixli, 22 saylı protokolunda və 23 noyabr 1965-ci il tarixli orderdə “X14”na dair qeydin “X12”na məxsus olması faktı müəyyən edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 7/27A-da yerləşən 43 saylı mənzilin ayrılması barədə Sumqayıt şəhər XDS İK-nin 08 oktyabr 1965-ci il tarixli, 22 saylı protokolunda və 23 noyabr 1965-ci il tarixli orderdə “X14”na dair qeydin “X12”na məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar