Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3743/2024 22.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, Cavabdeh ASC tərəfindən istehlakçı olaraq ona (abonent kodu: **********000) qarşı su və kanalizasiya xidmətlərinə görə hesablanmış 541,90 manat məbləği əsassız hesab edərək həmin borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3-da qeydiyyatda olmaqla yaşayır. Bundan başqa, onun Abşeron rayonu, Yeni Saray qəsəbəsi, Şəhriyar küçəsi 23-də torpaq sahəsi vardır. Lakin onlar orada yaşamırlar. Yay mövsümündə (iyul, avqust, sentyabr aylarında) vaxtı olanda həftədə bir gün imkan edib ora gedir və ağacları sulayır. İlin qalan vaxtlarında torpaq sahəsinə getməyə ehtiyac qalmır və ora getmirlər. Bunu qonşular kimi, cavabdehin nümayəndələri də bilir. Torpaq sahəsi olan əraziyə Cavabdeh ASC-nin Abşeron Sukanalı İdarəsi xidmət göstərir. O, torpaq sahəsində yaşamasa da, sistematik olaraq hər ay 10 manat olmaqla, ilə 120 manat su pulu ödəmişdir. Cavabdeh isə ona hər ay 24 manat hesabı ilə 280 manat hesablamaqla əsassız borc hesablamışdır. Hazırda həmin əsassız borc 541,3 manat təşkil edir. O, dəfələrlə cavabdehə ərizələrlə müraciət etmiş, telefon zəngləri ilə əlaqə yaradıb xahiş etmişdir ki, onun bağında yaşayış yoxdur, o, 9 ay istifadə etmədiyi suya görə pul ödəyir, 3 ay sudan istifadə edir, ya onun sudan istifadəyə görə hər ay ödənişi 10 manat yazılsın, ya da sayğac quraşdırılsın. O, əraziyə sayğac quraşdırılmasını xahiş edəndə ona borc tam ödəniləndən sonra sayğac quraşdırılacağını bildirirdilər. Cavabdehin nəzarətçiləri ondan tələb etdikləri əsassız hesablanmış borc məbləğini ödəmədiyi üçün xx.xx.2023-cü ildə cavabdehin nümayəndələri onun həyətinə gedən su xəttimi kəsmişlər. Lakin yenə də hər ay 24 manat olmaqla əsassız borc hesablanmaqda davam etmiş və ona bildirmişlər ki, su kəsilsə də, borc hesablanmaqda davam etməlidir. Beləliklə, istehlakçı olaraq onun hüququnu cavabdehin nümüyəndələri tərəfində kobud şəkildə pozulması davam etmişdir. Cavabdehin qaynar xəttinə və saytına müraciətindən sonra xx.xx.2023-cü ildə torpaq sahəsinə sayğac quraşdırılmış (buna görə onlara minnətdardır) və həmin vaxtdan indiyədək (7 aya) sayğacda cəmi 3-4 manat borc yaranmışdır ki, onu da ödəmişdir. Halbuki, əvvəlki illərdə o, 7 aya cavabdehə 70 manat ödəyirdi. Torpaq sahəmdə işıqdan istifadəyə görə o, xx.xx.2009-cu ildən indiyədək (16 ilə) 146,57 manat pul ödəmişdir ki, bu da bir ilə 9,16 manat təşkil edir. Cavabdehə isə hər ay 10 manat ödəmişdir. O, cavabdehə müraciət edərək sayğacdakı göstəricini müqayisəli şəkildə nəzərə almaqla 541,90 manat borcun silinməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə o, məhkəmə müstəvisində əsassız borcun silinməsi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən ona qarşı əsassız hesablanmış borc qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında silinməlidir. Qeyd olunanlara əsasən cavabdehin hərəkətləri ona münasibətdə əsassızdır, belə olan halda sudan istifadə üzrə əsassız hesablanmış borc məbləğinin silinməsinə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanında torpaq sahəsi vardır. Həmin torpaq sahəsində yarımçıq ev tikmişdir. Yay aylarında oraya baş çəkir. Vaxtaşırı ödənişlərini etmişdir. Sonradan ayda 24 manat ödəməli olduğunu bildirmişdirlər. Həmin vaxtadək ay ərzində 10 manat ödəniş etmişdir. Buna baxmayaraq ona borc hesablanmışdır. Ümumi borc 541 manat hesablanmış və ona suyun verilməsi dayandırılmışdır. 1999-cu ildən Sumqayıt şəhərində yaşayır, həmin ünvanda da qeydiyyatdadır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Abonent kartından görünür ki, abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 541,90 manat borcu yaranmışdır.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında 09 iyul 2003-cü il tarixdən qeydiyyatdadır.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
9. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun
-4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. -4.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. -30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və ya müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. -61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın
-2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. -4.1.3-cü maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. -5.1.5-ci maddəsinə əsasən istehlakçının hüquqlarına verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ aid edilmişdir. -7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
12. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 4 ünvanına (abonent kodu:**********000) xx.xx.2012-ci il tarixindən su təchizatı sistemindən suyun buraxılması xidmətləri göstərilmiş və bu barədə 28794920 saylı müqavilə bağlanmışdır. Həmin ünvana dair abonent kodu İddiaçı məxsusdur. Cavabdeh ASC tərəfindən qeyd olunan ünvana su təchizatı xidmətlərinə görə 541,90 manat məbləğində borc hesablanmışdır.
13. İddiaçı hal-hazırda həmin borc məbləğinin silinməsini məhkəmədən xahiş edir.
14. Məhkəmə cavabdeh tərəfindən hesablanmış borcun miqdarının düzgün hesablanmaması ilə bağlı nəticəyə gələrək qeyd edir ki, iddiaçı əhali qrupu abonentinə aid olduğundan ona su təchizatı və tullantı sularına görə ödənişin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 7.4-cü maddəsinə uyğun olaraq istehlakçı tərəfindən qeydiyyatda olan şəxslərin sayı barədə təqdim edilmiş sənəd əsasında ona məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə aparılmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
15. İddiaçı ünvan 1 ünvanında torpaq sahəsi olduğunu, həmin ünvanda yaşamadığını, yay aylarında ağacların sulanması üçün sudan istifadə etdiyini bildirmişdir.
16. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan da görünür ki, İddiaçı 09 iyul 2003-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır.
17. Beləliklə iddiaçı başqa ünvanda qeydiyatda olub yaşadığı halda, cavabdeh tərəfindən iddiaçıya məxsus başqa ünvanda da 3 nəfər ailə üzvünün sayı əsas götürülərək ona su təchizatı xidmətlərinə görə 541,90 manat məbləğində borc hesablanmışdır.
18. Eyni zamanda abonent kartından çıxarışdan iddiaçı tərəfindən ünvan 5 ünvanında sudan istifadəyə görə aylıq ödənişlərin həyata keçirildiyi müəyyən olunur.
19. Beləliklə cavabdeh tərəfindən borcun konret olaraq hansı əsaslarla hesablandığı da müəyyən deyildir. Eyni zamanda cavabdeh iddiaya dair münasibətini də məhkəməyə təqdim etməmişdir.
20. Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsi olduğu halda iddiaçıya istehlakçıya verilən suyun dəyərinin hesablanması barədə məlumat təqdim etməmiş, bunu sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarının 1.2.2-ci bəndinə əsasən istehlakçı – STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir.
22. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Tarif Şurasının 13 may 2016-cı il tarixli qərarının 4-cü bəndinə əsasən sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmişdir.
23. Qeyd edilən qərarın 1-ci bəndi ilə təsdiq edilmiş cədvəlin 1.1.1-ci sətrində əhali istehlakçı qrupu üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 kub metr su istehlakı üçün 0,35 manat vəsaitin ödənilməli olması müəyyən edilmişdir.
24. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərarı ilə həmin qərarın 1-ci bəndi ilə təsdiq edilmiş cədvəlin 1.1.1-ci sətrində “0,35” rəqəmi “0,70” rəqəmi ilə, 1.1.2-ci sətrində “0,30” rəqəmi “0,60” rəqəmi ilə, 2.1-ci sətrində “0,15” rəqəmi “0,30” rəqəmi ilə əvəz edilmişdir.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 4 ünvanında sudan istifadəyə görə hesablanmış 541 (beş yüz qırx bir) manat, 90 (doxsan) qəpik məbləğində borc **********000 saylı abunə hesabından silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva