Məhkəmə qərarları › İş №2(060)-3744/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3744/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3744/2020 07.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq müqaviləsinin ləğvi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq müqaviləsinin ləğvi tələbinə» dair iddia ilə Sumqayıt şəhərMəhkəməsinəmüraciətedərək, Cavabdeh 2175 manat əsas, 108.75 manat faiz, 652.50 manat cərimə, 1067 manat vurulmuş ziyan, 689 manat borcun reqres qaydada əvəzi, cəmi 4692.25 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 2019-cu il 01 iyul tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən “Lada Granta” markalı **- PD-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 48 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2019-cu il avqustun 01-dən başlayaraq, lizinq alan hər ay lizinq verənə 435 manat icarə haqqı ödəməlidir. Lizinq alan Cavabdeh 2019-cu ilin oktyabr ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırmışdır. 2020-ci ilin mart ayında o, avtomobili qəzaya uğradaraq, xeyli ziyan vurmuşdur. Müqavilənin şərtlərinə əsasən lizinq alan avtomobili təmir edib saz vəziyyətdə saxlamalı olduğu halda, cavabdeh müqavilənin şərtlərini pozaraq bunu etməmişdir. Odur ki, avtomobil ondan geri götürülərək iddiaçının vəsaiti hesabına təmir edilir. 2020-ci il aprel 01-i vəziyyətinə Xalid Məmmədovun 2175 manat əsas borcu vardır. Lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən: “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 (bir) faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 (beş) faizi həcmində faiz borcunu ödəməlidir.” Bir aylıq ödənişin 1 faizi həcmində cərimə bir günü 4,35x150 gün=652,50 manat cərimə ödəməlidir. 2020-ci il aprelin 01-i vəziyyətinə borcun- 2175 manatın illik 5 faizi həcmində hesablanmış 108,75 manat faiz borcu vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. MM-nin 445.1-ci maddəsinə görə icrasını gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. 2020-ci il aprelin 01-dək Cavabdeh İddiaçı ASC-yə 2175 manat əsas, 108,75 manat faiz, 652,50 manat cərimə, vurulmuş ziyana görə isə 1067 manat, cəmi 4003,25 borcu vardır. Bundan əlavə Cavabdeh avtomobili istismar edərkən yol hərəkəti haqqında qanunun tələblərini pozaraq, dəfələrlə cərimə edilmişdir. Həmin cərimələrin məbləği isə 689 manat təşkil edir. Bu cəriməni İddiaçı ASC dövlət büdcəsinə ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan daxili lizinq müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 2019-cu il 01 iyul tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən “Lada Granta” markalı **-PD-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 48 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2019-cu il avqustun 01-dən başlayaraq, lizinq alan hər ay lizinq verənə 435 manat icarə haqqı ödəməli idi. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 2175 manat əsas, 108.75 manat faiz, 652.50 manat cərimə, 1067 manat vurulmuş ziyan olmaqla, cəmi 4003.25 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, E/298 nömrəli ziyan aktından görünür ki, “Lada Granta” markalı **-PD-*** dövlət nömrə nişanlı avtomobilə 1067 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan “A” formalı, xx.xx.2020-ci il tarixli, 120OPXO201252557 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən “Lada Granta” markalı **- PD-*** dövlət nömrə nişanlı avtomobilin inzibati cəriməsinə görə 689 manat məbləğində cərimə dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 652.50 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Beləliklə məhkəmə, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 2175 manat əsas, 108.75 manat faiz, 50 manat cərimə, 1067 manat vurulmuş ziyan, 689 manat ödənilmiş cərimənin əvəzi, cəmi 4089.75 manat və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı və və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 2175 manat əsas, 108.75 manat faiz, 50 manat cərimə, 1067 manat vurulmuş ziyan, 689 manat ödənilmiş cərimənin əvəzi, cəmi 4089.75 manat və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar