Məhkəmə qərarları › İş №2(060)-3799/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3799/2022

29.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3799/2022 29.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" İB-yə qarşı artıq hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 29 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh AR DNŞ-nin "xxxx" İB-RÜQİL Sumqayıt QİS-nə qarşı artıq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DNŞ-nin "xxxx" İB-nin Sumqayıt QSC-si tərəfindən ona hesablanmış qeyri-qanuni 4000,11 AZN borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh AR DNŞ-nin "xxxx" İB-RÜQİL Sumqayıt QİS-nin "xxxx" İB ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir yuxarıda qeyd olunan ünvanda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2-ci paralel küçəsində, 9-cu məhəllədə yerləşən 6 saylı yataqxananın 46-cı otağında yaşayır. Yaşadığı yataqxanada istehlak olunan təbii qazın miqdarının ölçülməsi və qaza görə ödənişlərin həyata keçirilməsi məqsədilə "xxxx" İB ümumi tərəfindən sayğaclar quraşdırılmışdır. Sayğaclar mərtəbələrdə həm daxil olan qazın miqdarının müəyyən edilməsi, həm də fərdi qaydada hər bir otaq üçün quraşdırılmışdır. Onun yaşadığı 46-saylı otağa **********10460 No-li abonent nömrəsi verilmişdir. Onu xüsusən qeyd etmək istəyir ki, onarın mərtəbəsində qoyulan sayğac 9 (doqquz) müxtəlif abonentə verilən qazın miqdarını özündə əks etdirir. Həmin abonentlərin artıq 7 (yeddi)-si mənzil alıb yaşadığı yataqxanadan uzun müddətdir köçüb gediblər. O yaşadığı mənzilin qaz sərfıyyatının dəyəri ay ərzində 5 (beş) AZN-dən çox olmur, əksinə 3- 4 AZN təşkil edir. "xxxx" İB qeyri-qanuni olaraq ümumi sayğacın göstəricisi əsasında qazdan istifadəyə görə formalaşmış borcu onun borcu kimi göstərərək, həmin katastrafık məbləği onun borcu kimi göstərməklə ödənişi ondan tələb edir. Qeyd edir ki, o, Qarabağ müharibəsi veteranıdır. İ (birinci) qrup əlildir. Həmin borcu ödəmək iqtidarında deyil, ağır xəstədir. Aldığı təqaüdü dərmanlarına və çətinliklə də olsa gündəlik yaşamağına belə bəs etmir. Artıq 2 (iki) ilə yaxındır qazı kəsiblər. Təsəvvür edin ki, 21-ci əsrdə 2 il ərzində qazsız yaşamaq nə deməkdir? Dəfələrlə "xxxx" İB-nin Sumqayıt ASC-nə müraciət etməyinə baxmayaraq adı çəkilən qurum ona qeyri-qanuni hesablanmış borcun silinməsindən imtina edir. Əgər məhkəmə lazım bilərsə onun mənzilinə aid sayğacın aylıq istifadə etdiyi təbii qazın miqdar göstəricisini dəqiq müəyyən olunması üçün ekspertiza təyin edərək bu ədalətsizliyi aradan qaldırılmasını təmin edə bilər. Onu da qeyd etmək istəyir ki, ümumi sayğacın göstəricisində 2(iki) qaçqın ailəsinin də istehlak etdiyi təbii qaz da oturur və dəyəri ödənilməyib. AR Nazirlər Kabinetinin mövcud Qərarına görə qaz istifadəçisi istehlak etdiyi qazın dəyərini yalnız sayğac göstəricisinə əsasən ödəməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil 3-cü mərtəbədə yerləşir. O, 1989-cu ildən həmin mənzildə yaşayır. Qeyd edir ki, 3-cü mərtəbədə 9 ailə yaşayır. 9 ailəyə bir sayğac verilmişdir. Sayğac mətbəxdə yerləşir. Daha sonra həmin mərtəbədə məcburi köçkün ailəsi də yaşamağa başlamışdır. Hər ay ödənişlərlə əlaqədar cavabdehin nümayəndəsi gəlib yoxlama aparmışdır və işlədilən qaza görə ümumilikdə 5-10 manat pul ödəmişdirlər. Qeyd edir ki, məcburi köçkün olan qonşusu kənar xətti çəkdikdən sonra köçüb getmişdir. Qurumun əməkdaşları həmin ailənin qazdan qeyri-qanuni istifadəsi üçün məhz ona cərimə yazılmışdır. Bundan başqa tərtib edilmiş aktlardan yalnız birini imzalamışdır, bunun da səbəbi odur ki, cavabdehlərin əməkdaşları onu aktı imzalamayacağı təqdirdə qazın verilməsini dayandırılacağı ilə hədələmişlər. Bir daha qeyd edir ki, cavabdehin nümayəndəsinin dedikləri yalandır. Göstərilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda 3-cü mərtəbədə onlarla birlikdə 5 ailə yaşayır. 3-cü mərtəbədə yaşayan ailələr üçün ümumi bir sayğac quraşdırılıb. Həmin sayğac da onların razılığı ilə deyil, zorla quraşdırılıb. Bundan başqa onu da bildirmək istəyir ki, qeyd olunan müddətdə o, yataqxanada deyil, qardaşıgildə yaşamışdır, yəni o, 2010-2011-ci illərdə qazdan istifadə etməmişdir. Həmişə qazdan ehtiyatla istifadə etmiş, yeməyi bişirdikdən sonra qazı söndürmüşdür, təxminən qazdan nə qədər istifadə etdiyini bilmir. Bir gün ərzində qazdan nə qədər istifadə etdiyini cavabdehin əməkdaşları gəlib yoxlaya bilərlər. Onu da qeyd edir ki, qazdan istifadə nəticəsində yaranan pul ödənişləri ilə əlaqdar hər dəfə nümayəndə qismində ayrı-ayrı adamlar gəlmiş və o da pulunu ödəmişdir. Bir daha vurğulayır ki, onların yaşadığı mərtəbəyə ümumi sayğac yerləşdirilib, yoldaşının adına sayğac yoxdur, sayğac Rafiq Novruzovun adınadır və bütün qonşular qazdan ümumi şəkldə istifadə etmişdirlər, lakin bütün cəriməni onlara yazıblar. Məhkəmədə təqdim edilmiş video ilə bağlı bildirir ki, videoda göstərilən hissə hamam-tualetdir, görünən pəncərə onların deyil, onlar həmin ağ pəncərə ilə üzbəüz yerləşən evdə yaşayırlar və həmin xətti də onlar çəkməmişdirlər. Bundan başqa məhkəməyə müqavilələri təqdim olunan 3 nəfər də onların mərtəbəsində yaşamır. Onlar 2-ci mərtəbədə yaşayırlar. Göstərilənlərə əsasən nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı "xxxx" İB-nin Sumqayıt Qaz İstismar Sahəsinə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda sadalananlara əsasən hazırki iddia tələbi qanunsuzvə əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, müxtəlif vaxtlarda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində, 2-ci paralel küçəsi, 9-cu məhəllədə, 6 saylı Yataqxananın 46-cı otağına əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən dəfələrlə təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda yerində ******* saylı xx.xx.2017-ci il, ******* saylı, xx.xx.2018-ci il, ******* saylı xx.xx.2018-ci il, ******* saylı xx.xx.2019-cu il, ******* saylı xx.xx.2019-cu il, ******* saylı xx.xx.2019-cu il, ******* saylı xx.xx.2019-cu il, ******* saylı xx.xx.2019-cu il, ******* saylı xx.xx.2020-ci il tarixli aktlar tərtib edilmiş və aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. Abonentin mənzilinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilərək Dövlətə vurduğu ziyan müəyyən edilmişdir. ******* saylı xx.xx.2017-ci il tarixli aktla itirilmiş qazın bərpası üçün cəmi: 2001 m3x0.20 qəpik (dörd yüz manat 20 qəpik), ******* saylı xx.xx.2018-ci il tarixli aktla itirilmiş qazın bərpası üçün cəmi: 3736 m3x0.20 qəpik(yeddi yüz qırx yeddi manat 20 qəpik), ******* saylı xx.xx.2018-ci il tarixli aktla itirilmiş qazın bərpası üçün cəmi: 3996 m3x0.10 qəpik(üç yüz doxsan doqquz manat 60 qəpik), ******* saylı xx.xx.2019-cu il tarixli aktla itirilmiş qazın bərpası üçün cəmi: 844 m3x0.10 qəpik(səksən dörd manat 40 qəpik), ******* saylı xx.xx.2019-cu il tarixli aktla itirilmiş qazın bərpası üçün cəmi: 688 m3x0.10 qəpik(altmış səkkiz manat 80 qəpik), ******* saylı xx.xx.2019-cu il tarixli aktla itirilmiş qazın bərpası üçün cəmi: 1465 m3x0.10 qəpik (bir yüz qırx altı manat 50 qəpik), ******* saylı xx.xx.2019-cu il tarixli aktla itirilmiş qazın bərpası üçün cəmi: 1728 m3x0.10 qəpik (bir yüz yetmiş iki manat 80 qəpik), ******* saylı xx.xx.2019-cu il tarixli aktla itirilmiş qazın bərpası üçün cəmi: 6318 m3x0.10 qəpik (altı yüz otuz bir manat 80 qəpik), ******* saylı xx.xx.2020-ci il tarixli aktla itirilmiş qazın bərpası üçün cəmi: 5832 m3x0.10 qəpik (beş yüz səksən üç manat 20 qəpik), ümumilikdə cəmi 3234.5 (üç min iki yüz otuz dörd manat 50 qəpik) manat borc akt əsasında hesablanmış cərimə borcu deyil, istifadə etdiyi təbii qazın dəyərinə görə yaranmışdır. (aktlar, şəkillər və video görüntü qoşmaya əlavə edilir). "xxxx" İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları İddiaçı məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2-ci paralel küçəsi, 9-cu məhəllə, 6 saylı Yataqxana otaq 46 ünvanında yerləşən qaz sayğacına istifadə etdiyi təbii qazın dəyərinə görə 26608 m3 qaz sərfiyyatı yazılmışdır. İddiaçı öz iddia ərizəsində “artıq hesablanmış borcun silinməsi” tələbini qeyd etsə də lakin tərəflərindən araşdırma zamanı müəyyən edilmişdir ki, 26608 m3 təbii qaz sayğacdan keçən istifadə olunmuş təbii qazın dəyəri olaraq abonentin ünvanına istifadə etdiyi qaz sərfiyyatına görə yazılmış 26608 m3 borc limiti keçdiyi üçün borcun 20871 m3 hissəsi 0.10 qəpik, 5737 m3 hissəsi 0.20 qəpikdən hesablanmışdır və 3234.5 manat borc yaranmış, lakin bugünədək ödəniş olunmamışdır. Abonentin Saldosuna nəzər yetirəndə görünür ki, təbii qazdan istifadəyə görə 2010-cu il tarixdə 133.67 manat, 2011-ci il tarixdə 202.07 manat, 2012-ci il tarixdə 105.94 manat, 2013-cü il tarixdə 171.55 manat, 2014-cü il tarixdə 197.19 manat, 2015-ci il tarixdə 28.83 manat, ümumilikdə 839.25 manat debitor borc yaranmış, lakin abonent bu illər ərzində cəmi 25 manat ödəniş etmiş və abonent İddiaçı sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla (aktlarla təsdiq olunmuş) Dövlət əmlakının talanması nəticəsində itirilmiş qazın dəyərinin ödənilməsi üçün abonentin saldosunda qeyd olunmuş 4000.11 manat məbləğində borc yaranmışdır. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, 2(060)-3799/2022 saylı mülki iş üzrə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2-ci paralel küçəsi, 9-cu məhəllə, 6 saylı Yataqxana otaq 46 ünvanında yaşayan İddiaçı “artıq hesablanmış borcun silinməsi" tələbinə dair iddiasını əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 etiraz uyğun izahat verdi və bildirdi ki, iddia tələbini qəbul etmir. İlk növbədə onu bildirir ki, yataqxana tipli yerlərdə bir sayğac quraşdırılır və bununla bağlı tərəflər arasında razılaşma olur. Tərəflər arasında müqavilə bağlanılır, sayğac qoyulur, sakinlərə abonent kodu verilir və beləliklə də onlar da ödəniş edəcəyinə razılıq vermiş olurlar. Hazırkı məsələyə gəldikdə, abonent saldosundan iddiaçı tərəfindən 2010-cu ildən bu günədək cəmi 25 manat məbləğində ödəniş olduğu açıq aydın görünür. 12 il ərzində qazdan istifadənin dəyərinin 25 manat olması ağlabatan deyil. İddiaçı tərəfdən sayğaca müdaxilə və nəticədə qazdan qeyri qanuni istifadə halları dəfələrlə müəyyən edilmiş və bununla bağlı 9 akt tərtib olunmuşdur. Qeyd edir ki, aktın tərtibi ilə əlaqədar abonentlərə qazın verilməsi dayandırılır və qaz xətti kəsilirdi. Həmçinin bu zaman Azəriqaz İB-nin əməkdaşlarına maneə olmaq məqsədilə onların başına qaynar su tökürdülər və əməkdaşlar getdikdən sonra kəsilmiş qeyri-qanuni qaz xəttini yenidən bərpa edirdilər. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, iddiaçıdan tələb olunan məbləğ sərfiyyatla bağlıdır, sayğacdakı hər hansı problemlə əlaqəli deyildir. Burada açıq aşkar qanunsuz qoşulma faktı var. Dövlət əmlakını bu şəkildə talamaq olmaz. Məsələ ilə əlaqədar hətta Prokurorluğa da müraciət olunacaqdır. Qeyd edilən halı məhkəməyə təqdim edilmiş video görüntü də təsdiq edir. Göstərilənlərə əsasən nümayəndə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı cavabdeh tərəfindən verilmiş etirazla əlaqədar məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş "Etiraz"-ın nə hüquqi, nə də ki, məntiqi əsası yoxdur. Həmin sənəd əsassız, qanun və qaydalara söykənməyən böhtan dolu ifadələrdən ibarətdir. Cavabdehin qeyd etdiyi "təbii qazdan qeyri-qanuni istifadə edilmişdir” ifadəsi tamamilə yanlışdır. Onun istifadə etdiyi mənbədən aşağıda adları sadalanan mənzil sahibləri də təbii qazdan istifadə etmişlər: İsgəndərov Sübhan, Baxışov Osman, Quliyev Qulu, Şıxəliyev Ağahüseyn, Novruzov Rafik, İbayev Kamran, Vəliyev Abbas, Bəylərov Elşad, Bədəlova Raya, Şükürov Mübariz. Adlarını qeyd etdiyi şəxslərin əksəriyyəti ailələri ilə birlikdə yaşadıqları mərtəbədə yaşamış və təbii qazdan istifadə etmişlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu ii tarixli 168 nömrəli Fərmanın 1.3 bəndinin icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları" barədəki xx.xx.2011—ci il tarixli 80 saylı Qərarının tələbləri cavabdeh (qaz paylayıcısı- Sumqayıt QSC) tərəfindən kobudcasına pozulmuşdur. Belə ki: 1.AR Nazirlər Kabinentinin xx.xx.2011-ci il tarixli 80 N-li Qərarının 1.3 maddəsində birmənalı olaraq yazılır: qaz paylayıcısı tərəfindən istehlakçısının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Cavabdehin nə onunla, nə də yuxarıda adları qeyd olunan istehlakçıların heç biri ilə müqaviləsi olmayıb. Müqavilə 2(iki) nüsxədə tərtib olunur, hər iki tərəfdən imzalanır və hər tərəfdə 1(bir) nüsxə saxlanılır. Tərəflər arasındakı münasibətlər həmin müqavilənin şərtləri ilə tənzimləni. (Maddə 7.1 və 7.5). 2. Həmin Qərarın 5.2 və 3.3 maddəsində yazılır: qaz paylayıcısı istehlakçıya satdığı qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və istehlakçıya hesab təqdim edilməlidir. Onun adına heç vaxt sayğac olmayıb və ona hesab təqdim olunmayıb. Tərəfindən istifadə etdiyikləri qazın dəyəri tez-tez dəyişdirilən Sumqayıt QİS-nin əməkdaşlarına nağd formada ödənilib, həmçinin digər onların mərtəbəsində yaşayanlar kimi (qaçqın ailələri olan Bəyləov Elşad və Şükürov Mübariz istisna olmaqla). 3. Sumqayıt Qİ sahəsinin əməkdaşları (demək olar ki, hər 2-3 aydan bir dəyişdirilən) hər ay mütəmadi olaraq gəlib işlətdikləri qazla bağlı kameral qaydada (ailə sayı üzrə) ondan pul alıblar, əks təqdirdə qazıı kəsəcəkləri ilə təhdid ediblər. O ki, qaldı Sumqayıt Qİ sahəsi tərəfindən tərtib olunmuş aktlara, bəli bu aktlara qol çəkmişdir. Qİ sahəsinin işçisi həmin aktlara qol çəkməyəcəyi təqdirdə qazı kəsəcəkləri ilə hədələmiş və tək ona yox, hamıya akt tərtib olunduğu və onların da aktları imzaladıqlarını söyləmişdir. Bu halda onlar onun savadsızlığından və xəstəliyi ilə bağlı anlaqsızlığından istifadə ediblər. Cavabdehin məhkəmədə təkcə onun deyil, yuxarıda adlarını qeyd etdiyi daha 9 (doqquz) abonentin uzun illər qazdan istifadəyə görə ödəniş etmədiklərini söylədi. Cavabdehdən həmin, 9 nəfərin hamısının abonent saldosunu, həmçinin cavabdeh tərəfindən onun adına quraşdırdıqları sayğacın nömrəsi və sənədləşdirilməsi barədəki məlumatların təqdim olunmasını məhkəməyə təqdim etməsini xahiş edir ki, müqayisə aparıla bilsin və digər 9 ailənin ödədiyi vəsaitin, həmçinin borcların məbləği bilinsin. O ki, qaldı yaşadığı mərtəbədə Qİ sahəsinin işçiləri ilə münaqişələrə, həmin münaqişiələri törədən Qubadlı rayonundan məcburi köçkün olan Şükürova Gülbəniz olmuşdur. Yaşadığı mərtəbəyə qeyri-qanuni çəkilmiş qaz xətti də QİS-nin işçilərinin maddi marağı qarşılığında məcburi köçkünlər tərəfindən həyata keçirilmişdir. Məhkəmənin diqqətini daha vacib bir məsələyə yönəltmək istəyir: Əgər o, özbaşına, qeyri-qanuni qaz xətti çəkərək qanunu pozmuşdursa, nədən QİS onun əməlləri barədə hüquq mühafizə orqanlarına (polis, prokururluq, məhkəmə) bir dəfə də olsun müraciət etməyiblər, hətta FHN-in və EN-in aidiyyatı qurumları bu barədə məlumatlandırılmayıblar. Mövcud vəziyyəti, işin hallarını, təqdim etdiyi faktları, həmçinin Qİ sahəsi əməkdaşları tərəfindən müxtəlif iaşə obyektiərinə maraq qarşılığında satdıqları qazın dəyərinin onun kimi imkansız şəxsdən tələb olunmasını nəzərə alaraq iddianın təmin edilməsini, ədalətin bərpa edilməsini xahiş edir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materialında olan abonent saldolarından görünür ki, ünvan 2-da İddiaçı Hümbət oğlunun adına açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə 2010-cu ildə 133.67 manat, 2011-ci ildə 202.07 manat, 2012-ci ildə 105.94 manat, 2013-cü ildə 171.55 manat, 2014-cü ildə 197.19 manat, 2015-ci ildə 28.83 manat, 2017-ci ildə 400.20 manat, 2018-ci ildə 1146.80 manat, 2019-cu ildə 1055.70 manat, 2020-ci ildə 583.20 manat olmaqla ümumilikdə 4025.15 manat borc hesablanmış, 25 manat etdiyi ödənişdən sonra iddiaçının 4000,15 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan görünür ki, həmin aktların məzmununda İddiaçı Hümbət oğluna məxsus ünvan 2-da abonentin sayğacdan kənar qaz xətti çəkərək qeyri qanuni qaz işlətməsi hallarının aşkar olunduğu qeyd olunmuşdur. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli tələbnamələrdən görünür ki, ünvan 2 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi ümumilikdə 20290 m3 (2001 m3+3736 m3 +3996 m3+844 m3+688 m3+1465 m3+1728 m3+5832 m3) müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2-ci paralel küçəsində, 9-cu məhəllədə yerləşən 6 saylı yataqxananın 46 saylı otağında yaşayır. Onun yaşadığı otağa ayrıca qaz sayğacı quraşdırılmamışdır. Qaz sayğacı iddiaçının və digər 9 ailənin yaşadığı 3-cü mərtəbədə quraşdırılmışdır. Cavabdeh "xxxx" İB-in əməkdaşları sözügedən ünvana gələrək, ümumi istifadədə olan qaz sayğacına baxış keçirmiş və nəticədə iddiaçı barəsində ayrı-ayrı vaxtlarda 8 ədəd akt tərtib etmişlər. Ümumilikdə iddiaçının hal-hazırda "xxxx" İB-yə 4000.15 manat məbləğində borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 4-cü bəndinə əsasən müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, istehlakçını qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq təlimatlandırmaq, istehlakçının qaz qurğularına texniki baxışın keçirilməsini təmin etmək, nəticələrini aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək cavabdeh qaz paylayıcısının vəzifəsidir. İddiaçı ona məxsus mənzildə sayğacdan kənar təbii qaz xəttinin olmadığını iddia edir. Belə olan halda iddiaçıya aid sayğacdan kənar təbii qaz xəttinin olduğunu sübut etmək vəzifəsi cavabdeh "xxxx" İB-nin üzərinə düşür. Hazırki iş üzrə iddiaçının mənzili yataqxanada yerləşməklə onun mənzilinə ayrıca qaz sayğacı quraşdırılmamışdır. Cavabdehin təqdim etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt cavabdehin nümayəndələri tərəfindən imzalanmışdır və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh "xxxx" İB iddiaçının mənzilinin sayğacdan kənar qaz xəttinə qoşulduğunu sübut edə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqim edilmiş video görüntüdə qaz xəttinə qanunsuz qoşulma olduğu öz əksini tapsa da, video görüntüdən həmin kənar xəttin iddiaçının mənzilinə daxil olması görünmür. Bundan əlavə iddiaçının mənzili binanın sözügedən video görüntüdə əks olunan tərəfində deyil, qarşı tərəfində yerləşir. Bundan əlavə məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilən video görüntü qanunsuz qoşulmanın yataqxanada yaşayan başqa şəxslər tərəfindən deyil, məhz iddiaçı tərəfindən edildiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi də qəbul edilə bilməz. Belə ki, bu görüntülər bir çox istehlakçının yaşadığı yataqxananın yalnız çöl tərəfdən görünüşünü (kənar xəttin hansı mənzilə aid olduğu bilinmədən) əks etdirir. Cavabdehin iddiaya etirazına əlavə edilmiş fotoşəkillərdən yalnız birində mənzilin qaz xəttinə rezin boru vasitəsilə qoşulması əks olunmuşdur. Sözügedən şəkil isə İddiaçı barəsində tərtib edilmiş aktlara əlavə edilməmiş, Rumiyyə Ağasiyeva tərəfindən qazdan qanunsuz istifadə ilə bağlı çəkilmiş və onun barəsində tərtib edilmiş akta əlavə edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh isə iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya məxsus saldodan görünür ki, aktlar əsasında iddiaçıya 3185,90 (400,20+747,20+399,60+84,40+68,80+146,50+172,80+583,20+583,20) manat məbləğində cərimə (itirilmiş qaz sərfiyyatının bərpası) hesablanmışdır. Lakin İddiaçı barəsində dekabr 2019-cu il tarixdə tərtib edilmiş akt məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqim edilən xx.xx.2019-cu il tarixli akt isə İddiaçı barəsində deyil, Rumiyyə Ağasiyeva (abonent kodu da fərqlidir) barəsindədir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli aktların əsaslı olduğu öz təsdiqini tapmadığından həmin aktlar əsasında İddiaçı hesablanmış 2602,70 manat borc silinməlidir. 2019-u ilin dekabr ayında İddiaçı barəsində tərtib edilmiş akt ümumiyyətlə məhkəməyə təqdim edilmədiyindən, bu səbəbdən onun qanuniliyinin məhkəmə tərəfindən yoxlanılması mümkün olmadığından məhkəmə hesab edir ki, abonent saldosuna əsasən həmin tarixdə iddiaçıya yazılmış 583,20 manat borc da silinməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). İddiaçıya hesablanmış qalan borca (814,25 manat) gəldikdə isə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin borc məbləği 2016-cı ildən əvvəlki tarixə yaranmış borcdur. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi cavabdehin iddiaçıdan tələb etdiyi borc məbləğinin bir hissəsi üzrə (2016-cı il) mülki qanunvericilikdə nəzərdə tutulan tələbetmə müddəti keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya qazdan istifadəyə görə hesablanmış 814,25 manat hissəsinə münasibətdə qanunla nəzərdə tutulmuş tələbetmə müddəti ötürüldüyünə görə iddia həmin hissədə də təmin edilməli, sözügedən borc məbləği də silinməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2-ci paralel küçəsində, 9-cu məhəllədə yerləşən 6 saylı yataqxananın 46 saylı otağına əsassız olaraq hesablanmış 4000,11 (iddia tələbi həddində) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2-ci paralel küçəsində, 9-cu məhəllədə yerləşən 6 saylı yataqxananın 46 saylı otağına (abonent kodu: **********10460) əsassız olaraq hesablanmış 4000,11 (dörd min manat on bir qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar