Məhkəmə qərarları › İş №2(060)-380/2025

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-380/2025

10.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-380/2025 10.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 7000 manat kompensasiya verilməklə mülkiyyət hüquqi ilə ona məxsus olan Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 saylı evin 3 saylı mənzilinə istifadə hüququna xitam verilərək oradan çıxarılıb mənzilin boşaldılıb onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 saylı evin 3 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur və mülkiyyət hüququ DGDR-də xx.xx.2011-ci il tarixdə ********** sayı ilə qeydə alınmışdır. Mülkiyyətində olan həmin mənzildə ailə üzvü olmayan cavabdeh uzun illərdir qeydiyyatdadır və orada yaşayır. Ailə üzvü olmayan cavabdehlə eyni mənzildə yaşamaq mümkün olmadığı üçün ailə üzvləri ilə birlikdə digər ünvanda yaşamağa məcburdur. Cavabdeh bu müddət ərzində özü üçün digər ünvanda yaşayış sahəsi əldə etməyə və mülkiyyətində olan mənzili boşaldaraq faktiki sahiblik və istifadəsinə verməyə cəhd etməmişdir. Bunun nəticəsində o və ailə üzvləri mülkiyyətində olan mənzilə sahiblik və istifadə edə bilməyəcəkdir. Mövcud vəziyyətdə oğlu evlənmişdir, cavabdehlə birlikdə eyni mənzildə yaşaması mümkün deyildir və bu səbəbdən ailəsi ilə birlikdə kirayədə yaşamağa məcbur olmuşdur. Cavabdehə kompensasiya verilməklə mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılaraq mənzilin boşaldılmasını istəyir, lakin cavabdeh mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxaraq oranı boşaldıb onun sahibliyinə vermək istəmir. Bununla da mülkiyyətimdə olan mənzildən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində, Mülki Məcəllənin 152-ci maddəsində, Mənzil Maddəsinin 29.1-ci maddəsində təsbit edilmiş sahiblik, istifadə və sərəncam hüququnu həyala keçirə bilmir. Bu vəziyyətdə pozulmuş mülkiyyət hüququnun məhkəmə qaydasında müdafiə edilərək bərpa edilməsi üçün cavabdehə kompnsasiya verilməklə mülkiyyətində olan mənzildən istifadə hüququ itirilərək oradan çıxarılaraq mənzilin boşaldılıb sahibliyinə verilməsi zəruridir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçının mənzilə dair mülkiyyət hüququ xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. Mübahisəli mənzil ona anasından vərəsəlik qaydasında keçmişdir. İddiaçının anası 1985-ci ildə vəfat etmişdir. Cavabdeh iddiaçının bacısı oğludur. İddiaçının bacısı və onun oğlu iddiaçının mülkiyyətində olan mənzildə yaşamışdırlar. Sonradan cavabdehin anası vəfat etmiş, o isə köçərək faktiki olaraq Qusar rayonunun Cibir kəndində yaşamaqla evin açarlarını da özü ilə götürmüşdür. İddiaçı 5-6 ildir ki, mülkiyyətində olan mənzilə daxil ola bilmir. 1984-cü ildən etibarən mənzildə heç bir təmir işləri görülməmişdir. Həmçinin orada insan yaşamadığından pis vəziyyətə düşmüşdür. İddiaçı övladlarını evləndirmişdir. Bununla bağlı mənzilə ehtiyacı vardır. Hesab edir ki, cavabdeh mənzildə yaşamamaqla istifadə hüququndan sui-istifadə edir.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

6. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir.

Tədqiq olunan sübutlar:

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh, X1, Babayeva Leyla Elxan qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar.

8. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə 12 sentyabr 2025-ci il tarixdə İddiaçı Zeynəddin qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MB 18/040 nömrəli arayışdan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 14 ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67,3 kv.m olan 2 otaqlı (faktiki 3 otaqlı) 3 saylı mənzilin aylıq icarə bazar dəyəri 250 manat təşkil edir.

Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Konstitusiyasının:

-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. - 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. -228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 14, 3 saylı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 25 may 2011-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə İddiaçı ilə yanaşı iddiaçının bacısı oğlu Cavabdeh da qeydiyyatdadır. Hal-hazırda İddiaçı Cavabdeh kompensasiya verilməklə sözügedən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir.

15. İddiaçı tərəfindən kompensasiya verilmək yolu ilə istifadə hüququna xitam verilməsi ilə bağlı iddia irəli sürüldüyündən, məhkəmə tərəfindən cavabdehin sözügedən mənzil üzərində istifadə hüququnun mövcud olub-olmamasının müəyyən edilməsi zərurəti də aradan qalxmışdır. Başqa sözlə desək iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququnun mövcud olduğunu qəbul edərək, bu hüquqa kompensasiya verilməsi yolu ilə xitam verilməsini məhkəmədən xahiş edir.

16. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, Cavabdeh kompensasiya verilməsi yolu ilə onun mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlı iddia irəli sürməyə hüququ vardır.

17. Kompensasiyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, kompensasiya mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

18. Hazırda cavabehə dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iddiaya qarşı yazılı münasibətini və etirazını məhkəməyə təqdim etməmişdir.

19. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MB 18/040 nömrəli arayışda mübahisəli mənzilin kirayə haqqı olaraq göstərilmiş məbləğ nəzərə alınmalı, iddia təmin edilməlidir. Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh cəmi 7000 (yeddi min) manat kompensasiya verilməklə onun İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 14, 3 saylı mənzildən istifadə hüququna xitam verilsin. Cavabdeh Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 14, 3 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar