Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3806/2024 20.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının Xabarovsk diyarı Verxnebureniski rayonu Novourqalsk qəsəbə administrasiyası tərəfindən verilmiş 1- DV №520432 saylı, xx.xx.2001-ci il tarixli ölüm haqqında şəhadətnamədə və onun adına verilmiş 1-DV №259605 saylı doğum haqqında şəhadətnamədə “X3” barədə aparılmış qeydin “X4”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1995-ci ildə anadan olmuş və onun doğum haqqında şəhadətnaməsində, valideynləri ilə bağlı qeyddə «ata» qrafasında atası «X3», ana qrafasında isə anasının «X2» olduğu göstərilmişdir. Bundan başqa atasının doğum haqqında şəhadətnaməsində də onun adının «X4» olması qeyd edilmiş və anası ilə bağladığı rəsmi nikahda da eyni adla qeyd olunmuşdur. Lakin onun atası Rusiya Federasiyasının Xabarovsk vilayətində xx.xx.2001-ci ildə dünyasını dəyişmişdir. Onun adına verilmiş ölüm haqqında şəhadətnamədə atasının adı «Asif» kimi göstərilmişdir. Sənədlərdə atasının adı ilə bağlı olan bu uyğunsuzluq onun üçün bir sıra problemlər yaratmışdır. O, atasının adına verilmiş ölüm haqqında şəhadətnamədə və onun adına verilmiş doğum haqqında şəhadətnamədə atası ilə bağlı qeydə düzəlişin edilməsi, «Asif» adının «Asəf» adı ilə əvəzləşdiriməsini, yəni adda yol venrilmiş hərif səhvinin düzəldilməsini xahiş etmiş, lakin ona izah olunmuşdur ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Bu uyğunsuzluq üzündən vərəsəlik hüquqlarının həyata keçirilməsi mümkünsüz olmuşdur. Buna görə də atasının doğum şəhadətnaməsi əsas götürülməklə «X3»nun adına verilmiş ölüm haqqında şəhadətnamədə və onun adına verilmiş doğum haqqında şəhadətnamədə «X3» barədə aparılmış qeydin «X4»na məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirdi ki, doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində ata adında səhvlik olmuşdur. Ata və anasının nikah haqqında şəhadətnaməsində “Asəf” adı qeyd olunmuşdur. Ölüm haqqında şəhadətnamədə də adda səhvlik vardır. Doğum haqqında şəhadətnaməyə və atasının ölüm haqqında şəhadətnaməsinə düzəliş olunmasını istəyir. Bu barədə müraciətləri olmuş, lakin 5 il keçdiyinə görə düzəliş edilə bilməyəcəyini bildirmişdirlər. Düzəliş edilməsi ilə əlaqədar İnzibati Məhkəməyə müraciət etməmişdir. Məhkəmə ərizəçini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Hazırki işdən görünür ki, ərizəçi atasının ölüm haqqında şəhadətnaməsində və eyni zamanda doğum haqqında şəhadətnaməsində “X6” oğlu barədə aparılmış qeydin “X4”na məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Ərizəçi bunu atasına məxsus vətəndaşlıq vəziyyəti aktlarındakı qeydlərin düzgün olmaması ilə əsaslandırır. İş materiallarından görünür ki, X1 adına Rusiya Federasiyasında verilmiş ölüm haqqında şəhadətnamədə adının “Asif” dən “Asəf”ə dəyişilməsinə dair ərizə ilə Maraqlı şəxsnə müraciət edilmiş, həmin orqanın 06 mart 2024-cü il tarixli məktubu ilə ərizəyə cavab olaraq bildirilmişdir ki, X1 doğum akt qeydi və nikah akt qeydi adı bəndində “Asəf” adı qeyd edilmiş, lakin xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyası tərəfindən onun adına ölüm haqqında akt qeydində “Asif” adı qeyd edilmişdir. Yaranmış ziddiyyətlə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.5-ci maddəsinin mənası baxımından sənəd olaraq vətəndaşlıq vəziyyəti aktları deyil, müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlər başa düşülür. Vətəndaşlıq vəziyyəti aktlarındakı qeydlərə düzəlişlər isə həmin qeydlərdə səhvlər olduğu halda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları vətəndaşlıq vəziyyəti aktlarındakı qeydlərə düzəlişlər etməkdən imtina etdikdə isə həmin orqanlara qarşı iddialara mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti”nə dair 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndi ilə qiymət verilərək göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin hazırkı ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Rusiya Federasiyasının Xabarovsk diyarı Verxnebureniski rayonu Novourqalsk qəsəbə administrasiyası tərəfindən verilmiş 1-DV №520432 saylı, xx.xx.2001-ci il tarixli ölüm haqqında şəhadətnamədə və onun adına verilmiş 1-DV №259605 saylı doğum haqqında şəhadətnamədə “X3” barədə aparılmış qeydin “X4”na məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-3806/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3806/2024
20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver