Məhkəmə qərarları › İş №2(060)-3845/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3845/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3845/2021 11.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq müqaviləsinin ləğvi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq müqaviləsinin ləğvi tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 2019-cu il 22 iyul tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən “Lada Qranta” markalı 90- PR- 494 dövlət nömrə nişanlı avtomobili lizinqlə 48 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2019-cu il avqust ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 435 manat icarə haqqı ödəməlidir. Lizinq alan Cavabdeh 2020-ci ilin fevral ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. 2021-ci il martın 01-nə Cavabdeh 3480 manat əsas borcu vardır. Bundan əlavə, lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən: “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 (bir) faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 (beş) faizi həcmində faiz borcunu ödəməlidir.” 2021-ci il martın birinə borcun - 3480 manatın illik 5 faizi həcmində hesablanmış 174 manat faiz borcu vardır. Bir aylıq ödənişin 1 faizi həcmində cərimə bir günü 4,35x240 gün=1044 manat cərimə ödəməlidir. 2021-ci il martın 01-dək Cavabdeh İddiaçı ASC-yə 3480 manat əsas, 174 manat faiz, 1044 manat cərimə, cəmi 4698 manat borcu vardır. Lizinq müqaviləsinin 8.4-cü bəndinə əsasən lizinq alan borc öhdəliyini vaxtında və layiqincə icra etmədikdə, lizinq verənin müqaviləni ləğv etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3480 manat əsas, 174 manat faiz, 1044 manat cərimə, cəmi 4698 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 22 iyul tarixli lizinq müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı” ASC-nin nümayəndəsi və vəkili X2 iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, əsas borcu ödəməyə etirazı yoxdur, borcunu vaxtında ödəmiş, maşın vurulmuş, ona görə ödəniş edə bilməmişdir. Maşınla işləyib borcunu ödəmiş, lakin maşın vurulduğuna görə borcunu ödəyə bilmir. Maşın vurulanda borcu dayandırılmalı idi, lakin iddiaçı ondan borcu faizlə tələb edir. Maşının kasko və icbari sığortası var. Lakin nəzərə alınmayaraq ondan 1100 manat tələb edilir ki, maşın təmir etdirilsin. 7 aydır maşını istifadə etmir, maşını özü sığortaya aparmışdır. Ona görədə məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçı «İddiaçı” ASC-nin nümayəndəsi və vəkili X1 və Cavabdeh izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 22.07.2019-cu il tarixli lizinq müqaviləsi üzrə İddiaçı ASC-nə 3480 manat əsas, 174 manat faiz, 1044 manat cərimə, cəmi 4698 manat borcu var. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2019cu il tarixli 1 №-li uzun müddətli icarə (daxili lizinq) müqaviləsindən və həmin müqaviləyə 1 №-li Əlavədən görünür ki, lizinq verən İddiaçı ASC 2019-cu il buraxılışlı, “Lada Granta”markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, XTA219020K0606804 ban, ******* mühərrik nömrəli, qara rəngli avtomobili 48 ay müddətinə lizinq alan Cavabdeh uzun müddətli lizinqə vermiş, sonuncu isə müqaviləyə əlavə edilmiş 1 №-li cədvəl üzrə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq predmetinin dəyəri 20880 manat təşkil edir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, lizinq müqaviləsinin ümumi məbləği 20880 manat təşkil edir, lizinq alan Cavabdeh aldığı lizinq obyektinə görə lizinq verənin hesabına ödəniş qrafikinə əsasən 22.08.2019-cu il tarixdən başlayaraq 48 ay müddətində, hər ay 435 manat ödəməlidir. İş materiallarında olan, 22.07.2019-cu il tarixli qəbul aktından görünür ki, İddiaçı ASC 22 iyul 2019-cu il tarixli lizinq müqaviləsinin icrası olaraq lizinq obyekti 2019-cu il buraxılışlı, “Lada Granta”markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, XTA219020K0606804 ban, ******* mühərrik nömrəli, qara rəngli avtomobili lizinq alan Cavabdeh təhvil vermişdir. İş materallarında olan Cavabdeh ünvanlanmış borc tələbi və lizinq müqaviləsinin ləğvi haqqında məktubdan görünür ki, Cavabdeh 22.07.2019-cu il tarixli daxili lizinq müqaviləsi üzrə borcu 5 gün ərzində ödənilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.3-cü maddəsində göstərilir ki, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən, Cavabdeh 22.07.2019-cu il tarixli daxili lizinq müqaviləsinin şərtlərini pozmuş, aylıq lizinq ödənişlərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-nə 3480 manat əsas, 174 manat faiz, 1044 manat cərimə, cəmi 4698 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 748-13.4. maddəsinə əsasən lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. İddiaçının nümayəndəsinin izahatına və işin araşdırılan hallarına əsasən cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcları barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə ödənilməmiş 3480 manat əsas borcu vardır və cavabdeh həmin borcunu, həmçinin 174 manat faiz borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda, daxili lizinq müqaviləsi üzrə öhdəliklərin vaxtında icra olunmaması 1044 manat məbləğində dəbbə pulunun hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən daxili lizinq müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 100 manat məbləğində cərimə borcunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2019-cu il tarixli daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3480 manat əsas, 174 manat faiz, 100 manat cərimə, cəmi 3754 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2019-cu il tarixli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3480 manat əsas, 174 manat faiz, 100 manat cərimə, cəmi 3754 (üç min yeddi yüz əlli dörd) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar