Məhkəmə qərarları › İş №2(060)-3848/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3848/2022

17.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3848/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayilov Əli Seyran oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən faktiki olaraq onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, yataqxana 15, ev 42, otaq 30-a dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1143,39 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, yataqxana 15, ev 42, otaq 30 faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, həmin evi 2009-cu ildə Feyziyev Nazənindən almışdır. Bildirir ki, həmin şəxs məcburi köçkündür. O, məcburi köçkün olduğundan elektrik enerjisindən istifadəyə görə ödənişlər qaçqınkom tərəfindən ödənilirdi. Cavabdeh tərəfindən həmin mənzilə dair əsassız olaraq 1143 manat 39 qəpik məbləğində borc hesablanmışdır. Həmin borc xx.xx.2016-cı il tarixə kimi yaranmış borcdur. Yuxarıda qeyd etdiyi kimi Feyziyev Nazənin məcburi köçkündür. Məcburi köçkün olduğuna görə həmin dövr üçün elektrik enerjisindən istifadəyə görə ödənişlər qaçqınkom tərəfindən ödənilirdi. X1 həmin dövr üçün cavabdeh təşkilata borcu yarana bilməzdi. Həmin borc əsassız olaraq hesablanmışdır. Ona görə də hesab edir ki, həmin borc silinməlidir. Çünki həmin borca görə o, sayğacı öz adına keçirə bilmir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: xx.xx.2022-ci il tarixli abonent Nazənin Feyziyevin adına olan Abonent kartından görünür ki, ünvan 1 ünvanında (abonent kodu **********01242) 1143,39 manat borc (qaçqın borcu) vardır. Məhkəmə sorğusuna Azərişıq ASC “Şimal” RETSİ tərəfindən verilmiş cavabdan görünür ki, İddiaçı məxsus ünvan 1, **********01242 saylı kodla xx.xx.2008-ci il tarixindən Feyziyev Nazənin adı ilə abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2009-cu ildə elektrik hesabat sayğacı quraşdınlaraq istismara verilib. xx.xx.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1143,39 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlər borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyil. Mənzilin xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək enerjitəchizatı təşkilata 340,34 manat sayğac borcu vardır. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı halda ərizəçi subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə predmeti olan borc məbləği qaçqın borcu olmaqla abonent Nazəninin Feyziyevanın abonent hesabına aiddir. Bu baxımdan məhkəmə araşdırılan mübahisə ilə bağlı iddiaçının həmin borcun ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Eləcə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, araşdırılan mübahisənin mahiyyətindən görünür ki, iddiaçı yaşadığı ünvanın abonent hesabında göstərilmiş həmin borc səbəbindən abonent kimi qeydə alınmır və bu baxımdan araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə izah edir ki, iddiaçıya yaşadığı ünvan üzrə abonent kimi qeydə alınması və yeni abunə kodunun verilməsi ilə bağlı enerjitəchizatı təşkilatına müraciət etmək, ona imtina edildikdə isə enerjitəchizatı təşkilatının üzərinə yaşadığı ünvan üzrə abonent kimi qeydə alınması və yeni abunə kodunun verilməsi ilə bağlı öhdəlik qoyulması barədə iddia hüququ vardır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən işə irəli sürülmüş tələblər üzrə baxaraq hesab edir ki, ərizəçi tələb üzrə subyektiv hüquqa malik olmadığından iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar