Məhkəmə qərarları › İş №2(060)-3850/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3850/2021

31.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3850/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh İB Sumqayıt QİS-ə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 211,69 manat və itirilmiş qazın bərpası üçün 2160 kub metr qaza görə 216 manat cərimələrnin əsassız hesab olunması və ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci il 16 mart tarixində mülkiyyətində olan Sumqayıt ş., 52-ci məhəllə, ev 33V saylı həyət evində Cavabdeh İB-nə işlətdiyi G-4 markalı, zavod seriya nömrəsi 1302AZ**********22 olan smart tipli qaz sayğacın hesablama mexanizminin yerində olmadığını, oğurlandığını bildirmişdir. Cavabdeh İB Sumqayıt QİS əməkdaşları 16 mart 2020-ci il tarixdə evinə gələrək quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğacın düzgün işləməməsini əsas gətirərək sayğacı ekspertizaya göndərmək zərurəti yarandığını demişlər. Bundan sonra sayğacın dövlət yoxlamasından keçməsi üçün Metrologiya departamentinə göndərilmiş və sayğaca tərəfindən müdaxilə (tamamilə doğru deyil) olunduğu üçün təqdim edilmiş bildirişdə itirilmiş qazın dəyərinin hesablanaraq ödənilməsi qeyd edilmişdir. Sayğaca heç bir zaman müdaxilə etməməyinə baxmayaraq Cavabdeh İB-nin Sumqayıt QİS-nin əməkdaşları bunun əksini iddia edərək ona 211.69 manat və itirilmiş qazın bərpası üçün 2160 m3 qaza görə 216 manat cərimə yazmışlar. Qeyd etdiyi ünvanda daimi yaşamır, təbii qazdan istifadə edir və qurlaşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qazın dəyərini ödəyir. Hesab edir ki Cavabdeh İB-nin Sumqayıt QİS-ninmənim adıma hesablanmış 427.69 manat borc qanunsuzdur. Göründüyü kimi cavabdeh orqan Cavabdeh İB-nin Sumqayıt QİS İdarəsinin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarımı kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Bundan sonra iddiaçının razılığı ilə Cavabdeh İB Sumqayıt QİS Cavabdeh İB ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən, müdaxilə olunduğu müəyyən olunmuşdur. Odur ki, sayğac dəyişdirilmişdir, bu halda sayğacın və itirilmiş qazın dəyəri abonent tərəfindən ödənilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 15 aprel 2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Sumqayıt ş., 52-ci məhəllə, ev 33V saylı fərdi yaşayış evinə aid qaz sayğacına baxış zamanı aşkar olunmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü yoxdur. Cavabdeh İB Sumqayıt QİS-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” məktubdan görünür ki, Sumqayıt şəhəri, 52-ci məhəllə, ev 33V saylı fərdi yaşayış evində olan G-4 markalı 1302AZ**********22 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu örtüyü aşkar olunmadığından sayğac istismara yararsız kimi qiymətləndirilmiş, sayğacın dəyəri olaraq 211,69 manat borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, abonent kodu **********00333 olan Sumqayıt şəhəri, 52-ci məhəllə, ev 33V saylı fərdi yaşayış evinə akta görə 216 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtükləörtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isəözləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşin hallarından göründüyü kimi qazdan istifadə üçün quraşdırılmış sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcə də qanunvericiliyin tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, 52-ci məhəllə, ev 33V saylı fərdi yaşayış evinə yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 211,69 manat borc və akta görə hesablanmış 216 manat borc, ümumilikdə 427,69 manat borc ləğv olunmalı, abonent hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, 52-ci məhəllə, ev 33V saylı fərdi yaşayış evinə yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 211,69 manat borc və akta görə hesablanmış 216 manat borc, ümumilikdə 427,69 (dörd yüz iyirmi yeddi manat, altmış doqquz qəpik) manat borc ləğv olunsun, **********00333 saylı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar