Məhkəmə qərarları › İş №2(060)-3856/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3856/2021

10.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3856/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh1 İstahsalat Birliyinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 İstahsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsinə və Cavabdeh1 İstahsalat Birliyinə qarşı «təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İB Sumqayıt Qaz İstismar sahəsi tərəfindən qazdan istifadə edən abonent olaraq abonent kodu: **********00360 üzrə qarşı hesablanmış 199,67 manat borc tələbini əsassız hesab edərək, həmin borc məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ünvan 4-nın mülkiyətçisi olmaqla, kommunal xidmətlərin dəyərini vaxtlı-vaxtında etmiş, həmin xidmətlər üzrə o cümlədən qazdan istifadə üzrə cavabdeh müəssisəyə heç bir borcu olmamışdır. Cavabdeh müəssisənin abonent bazasında mənzilin abonent kodu: **********00360 olmaqla hazırda ailə üzvü olan valideyninin adında qalmaqdadır. Ötən ilin avqust ayında cavabdeh Qaz təchizatı müəssisəsi yaşadığı binada abonentlərin bütün istismarda olan qaz sayğaclarını çıxardaraq yenisi ilə əvəz etməyə başlamış, beləcə də mənzilinin girişində quraşdırılmış sayğac 10.08.2020-ci il tarixdə yenilənmişdir. Cari ilin əvvəlində ona məlum olmuşdur ki, cavabdeh müəssisə qazdan istifadə üzrə ünvanına əsassız olaraq 199,67 manat borc hesablamışdır. Bununla bağlı cavabdeh müəssisəyə müraciət etmiş və məlum olmuşdur ki, sayğac əvəzlənməsi zamanı çıxarılan sayğac laborator yoxlamasının nəticələrinə görə “qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olumnuş, bu səbəbdən də itirilmiş qaz sərfıyyatına görə 135 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 64,67 manat ümumilikdə 199,67 manat borc hesablamışdır”. Bildirir ki, əsassız hesablanmış borc məbləğlə bağlı ötən dövr ərzində cavabdeh müəssisənin əməkdaşları mütamadi olaraq həmin əsassız borcu ödəməyi ondan tələb edir, əks halda mənzilə qaz verilməsinin dayandırılacağı ilə, eləcədə X4 müraciət edəcəkləri ilə onu hədələyirlər. İstehlakçı olaraq qaz paylayıcı müəssisənin belə hərəkətləri ilə razılaşa bilmir. Belə ki, abonent olaraq ötən illər ərzində mövsümi dövrü nəzərə almaqla qaz sərfiyyatı stabil olub. İstər köhnə sayğacın, istərsə də yeni sayğacın dövri demək olar ki, sərfiyyat dəyişməz olaraq qalır. Ən əsası isə 10.08.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT№ 3990551-da, cavabdehin istinad etdiyi “sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan birinin kəsilməsinə” dair heç bir qeyd yoxdur. Həmin nöqsan var idisə, onda viziul olaraq görünməli və birinci akta da qeyd olunmalıdır. Digər tərəfdən qeyd etdiyi kimi köhnə sayğacın yenisi ilə əvəzlənməsi 10.08.2020-ci il tarixdə baş tutsada, çıxarılmış sayğac laborator yoxlamaya 3 aydan sonra təqdim edilmiş və daha sonra isə yəni 30.11.2020-ci il tarixdə cavabdehin əməkdaşlarının birtərəfli qaydada tərtib etdiyi ikinci akt ilə yekunlaşmışdır. Göründüyü kimi cavabdeh müəssisə 3 ay müddətində sayğacı özündə saxlamaqla, həmin dövrdə yarana biləcək hər hansı nöqsan ilə bağlı məsuliyyəti də üzərinə götürmüş olmuşdur. İstehlakçı olaraq cavabdeh müəssisənin əməkdaşlarının tərtib etdiyi akt və onun nəticələri ilə razılaşmır, belə hərəkətləri qanunsuz və əsassız hesab edir. Qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri, qazın dəyərinin ödəmə şərtlərini və digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011 -ci il tarixli “X6” ilə tənzimlənir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 İB Sumqayıt Qaz İstismar sahəsi tərəfindən qazdan istifadə edən abonent olaraq abonent kodu: **********00360 üzrə qarşı hesablanmış 199,67 manat borc tələbini əsassız hesab edərək, həmin borc məbləğin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 İstahsalat Birliyinin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 4-da yerləşən mənzilə quraşdırılmış sayğaca baxış zamanı müəyyən edilmişdir ki, “sayğaca müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 135 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 64,67 manat ümumilikdə 199,67 manat borc hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh1 İstahsalat Birliyinin nümayəndəsi X7 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 236 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1 ünvan 1 ünvanında yaşayan Zinaida Şipunovaya ünvanladıqları məktubdan görünür ki, ünvan da olan G-2.5 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64,67 manat hesaba ödənilməlidir. İş materiallarında olan Cavabdeh1 ünvan 1 ünvanında yaşayan Zinaida Şipunovaya ünvaladıqları 15.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 sizə məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana Cavabdeh1 İB-nin Sumqayıt QİS-İ tərəfindən **********00360 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-2,5 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən 10.08.2020-ci il tarixdə Sizin mənzildə quraşdırılmış G-2,5 markalı, ******* nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə idarəsi”nin MSK-29/1710-04102-1 nömrəli rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdəndə itirilmiş qazın sərfiyyatına görə 135,00 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 64,67 manat ümumilikdə 199,67 manat borcunuz yaranmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydalarf'nın 2.12 bəndində İstehlakçı qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respulikasının Qanunu müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən hesablanmış 199,67 manat borcun 5 gün müddətinə ödənilməsə barənizdə məhkəməyə müraciət olunacaq və əlavə olaraq məhkəmə xərcləridə tələb olunacaqdır. İş materiallarında olan Cavabdeh1 İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30.11.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, ******* №li 30.11.2020-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 2.5 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1350 m3. İş materiallarında olan Cavabdeh1 İB-nin əməkdaşları E.Eyvazov, A.Həmidov və İ.İsmayılovun iştirakları ilə ünvan 4 ünvanına dair tərtib edilmiş “Təbii X6nn pozulması haqqında” ******* №li 30.11.2020-ci il tarixli aktın surətindən görünür ki, 23.11.2020-ci ildə D/Y gətirilmiş MD-nin sayğacların müayinəsi laborotoriyasının rəyinə görə G-2,5 markalı, № ******* sayğaca baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsilməsi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh1 İB-nin 27 noyabr 2020-ci il tarixli MSK 29/1710- 04102-1 saylı aktın surətindən görünür ki, Cavabdeh1 İB-nin SOCAR**********30991710X04102 saylı, 05 noyabr 2020-ci il tarixli məktubuna əsasən 17 noyabr 2020-ci il tarixində Sumqayıt QİS-dən Dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 23 noyabr 2020-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlama nəticəsində müəyyən olunmuşdur: G-2,5 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsilmişdir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, X2 yaşadığı ünvan 4-ya 199,67 manat borc hesablanmışdır. İş materiallarında olan AZ-İİ № 174205 saylı, 02.04.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 28.03.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin 01.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 15-ci məhəllə. Bakı küçəsi 42D-də qeydiyyatdadır. “X6"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş borcun İddiaçı tələb edilməsi qanuni olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı Cavabdeh1nə məxsus qaz sayğacından kənar təbii qazdan istifadə edərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X6”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 İB Sumqayıt Qaz İstismar sahəsi tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanına (abonent kodu: **********0360) hesablanmış 199 (bir yüz doxsan doqquz) manat 67 (altmış yeddi) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 İB Sumqayıt Qaz İstismar sahəsi tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanına (abonent kodu: **********0360) hesablanmış 199 (bir yüz doxsan doqquz) manat 67 (altmış yeddi) qəpik məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar