Məhkəmə qərarları › İş №2(060)-3860/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3860/2023

24.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3860/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 , Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 1544 manat 10 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1963-cü il tarixində Füzuli rayonunda anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Hazırkı iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdehin qanunsuz tələbləri ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən onun faktiki istifadəsində olan ünvan 1 ünvanına dair əsassız olaraq 1544 manat 10 qəpik məbləğində borc hesablanmışdır. Cavabdeh iddia etmişdir ki, guya sayğac dövlət yoxlamasına göndərilmiş, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və sayğac istismara yararsızdır. Qeyd edir ki, xx.xx.2022-ci il tarıxində Cavabdeh İB-nin əməkdaşları yuxarıda göstərilən ünvana yaxınlaşaraq ailə üzvünə (həyat yoldaşına) bildirmişdir ki, qaz sayğacının istismar müddəti bitdiyi üçün sayğac dəyişilməlidi, o da buna heç bir etiraz etməmişdir, onlar sayğaca baxış keçirdikdən sonra sayğacı dəyişərək yenisi ilə əvəz edibər. Bu hadisədən təqribi 6 ay sonra, daha dəqiq desə, xx.xx.2023-cü il tarixində Cavabdeh İB-nin ərazi üzrə nümayəndələrindən biri ünvanına yaxınlaşaraq barəsində Cavabdeh İB tərəfindən cərimə aktının tərtib olduğunu bildirmişdir. Hesab edir ki, cavabdehin ondan tələb etdiyi pul məbləği tamamilə qanunsuzdur, bütün bunlar uydurma və cəfəngiyyatdır. Belə ki, cavabdehin odan qeyd olunan məbləğləri tələb etməsi üçün heç bir əsası yoxdur. Cavabdeh iddia edir ki, guya sayğaca müdaxilə edilmişdir. Sayğac dəyişdirildikdən sonra bildiriş göndərilib ki, guya sayğaca müdaxilə edilib, Qeyd edir ki, onun yaşadığı ünvan həyət evidir və qaz sayğacı da evinin çöl tərəfdən arxa hissəsində, yəni hasarından kənarda yerləşir. Laboratoriya nəticəsinə görə sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və sayğac istismara yararsızıdır, əgər sayğacın hesablayıcı qurğusu işləmirdisə, bəs onda bu vaxta qədər qaz istehlakına görə aylıq ödənişləri nəyə əsasən tərtib edilirmiş? Əgər onun evinə aid qaz sayğacında laborator müayinə nəticəsində iddia olunan problemlər vardısa Cavabdeh İB-nin ərazi üzrə nümayəndəsi niyə bu vaxta qədər bu problemləri aşkar etməyib? Ümumiyyətlə, laborator müayinə nəticəsində qeyd olunan çoxsaylı amma absurd problemləri nə ilə sübut edirlər? Bunu necə sübut edirlər ki, həyətyanı sahəmdən aralıda, çöl tərəfdə olan qaz sayğacına məhz onların tərəfindən müdaxilə edilmişdir? Bəlkə sayğac dəyişdirilən zaman elə özləri tərəfindən müdaxilə edilmişdir? Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, cavabdeh tərəfindən tələb olunan borc əsassızdır və ədalətli, obyektiv və hərtərəfli məhkəmə araşdırması nəticəsində silinməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sayğac onun evindən kənarda yerləşir. Hesab edir ki, hər dəfə sayğaca nəzarəti o deyil, cavabdehin əməkdaşları etməlidir. Sayğaca baxış nəticəsində onun iştirakı olmadan cərimə aktı tərtib edilmiş və ona 1550 manat cərimə hesablanmışdır. Ödəniş etdikləri pulun bir hissəsi borca silindiyi üçün borcun məbləği azalmışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan mənzilə baxış keçirilmişdir. Sayğaca müdaxilə edildiyi üçün akt tərtib edilmiş və nəticədə iddiaçıya borc hesablanmışdır. Hazırda iddiaçı 1540 manat borcun silinməsini xahiş etsə də, aktda iddiaçıya 1550 manat borc hesablanmışdır. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında İddiaçı adına xx.xx.2022-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 1555.20 manat borc hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 3 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 12960 m3 müəyyən edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, G4 markalı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olduğu və sayğacın yararsız olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cu il tarixli, MSK-14-2-2/3-5-4781-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin 14-2-2/3-5-4781-1 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cu il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 3 ünvanında İddiaçı adına açılmış G-4 markalı, ******* nömrəli sayğac Zenner tipli, G-4 markalı, **********2 nömrəli sayğacla əvəzlənmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan ünvan 3 ünvanında qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş abonent saldosuna əsasən ünvan 3 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 1555.20 manat borc hesablansa da, iddiaçı 1544.10 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 3 ünvanına əsassız olaraq hesablanmış 1544.10 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanına (abonent kodu: **********00010) Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1544,10 (bir min beş yüz qırx dörd manat on qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar