Məhkəmə qərarları › İş №2(060)-3863/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3863/2023

11.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3863/2023 11.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni Yaşayış massivi, 158/8A xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evdə tək yaşayır. O yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Belə hal heç bir zaman baş verməmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh əməkdaşları tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evinin qaz sayğacına baxış keçirilmiş, baxış zamanı məlum omuşdur ki, guya sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var və zavod plastmas plomblardan ikisinin mənşəyi məlum olmadığı üçün sayğac istismara yararsızdır. Ona görə də xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur. Həmin akt əsasında ona 1555.20 manat məbləğində cərimə hesablanmışdır. Ona görə də o bu barədə cavabdeh təşkilata öz etirazını bildirmişdir. Cavabdeh təşkilat əsassız olaraq ona cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır. İstehlakçı olaraq onun hüquqlarının pozulmasıdır. Onun və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Cavabdeh gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Bu istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ünvanına quraşdırılmış məişət sayğacının dövlət yoxlamasına göndərilməsi və Metrologiya Departamentinin verdiyi rəy gözləniləndir. Çünki rəy verən şəxslər iş üzrə maraqlı şəxslərdir. İstehlakçı olaraq onun əsassız yüklənməyi üçün nəzədə tutulmuşdur. Belə ki, həmin rəy əsasında sayğaca guya müdaxilə aşkar olunduğu müəyyən olunduğundan 1555.20 manat məbləğində əsassız olaraq hesablanmış cərimə cavabdeh tərəfindən ondan tələb olunur. O sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, akt əsasında əsassız olaraq hesablanmış cərimə borcu silinməlidir. Yaşadığı evin qaz sayğacı evindən kənarda quraşdırılmışdır. Belə olan halda sayğaca olunan hər hansı müdaxilə və ya sayğacın qorunub saxlanmasına görə o məsuliyyət daşımır. Hesab edir ki, bütün bunlar nəzərə alınmalıdır. Akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Bu da qanunvericiliyin tələbinə ziddir. O aktın tərtibindən xəbərsiz omuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən, Cavabdeh tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Samur-Abşeron kanalınının şimalı, Yeni Yaşayış massivi, 158/8A-ya dair əsassız olaraq hesablanmış 1555.20 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən etiraz ərizəsi təqdim olunmuşdur. Etiraza əsasən məhkəmənin nəzərinə çatdırmışdır ki, Sumqayıt şəhəri, Samur-Abşeron kanalınıın şimalı, Yeni Yaşayış massivi, 158/8A ünvanına əməkdaşlar tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 aprel 2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan “Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var və zavod plastmas plomblardan ikisinin mənşəyi məlum deyildir. Sayğac istismara yararsızdır” qeyd olunmuşdur. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparlılmış və 1555.20 manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Dövlət təşkilatı kimi Cavabdeh məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Qeyd edilənlərə əsasən məhkəmədən 2(060)-3863/2023 saylı mülki iş üzrə İddiaçı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiasını əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşı tərəfin tərtib etdiyi akt mötəbət sübut kimi qəbul oluna bilməz. Çünki, həmin aktı tərtib edən şəxslər cavabdeh təşkilatın əməkdaşlarıdır. Onlar bu səbəbdən də işdə birbaşa marağı olan şəxslərdir. Aktdan görünür ki, İddiaçı xanımın adına cərimə yazılmışdır. Abunə kodu birmənalı olaraq həmin şəxsə məxsusdur. MTT qaydasında ərizə vermiş, ərizə təmin olunmuş, qazı bərpa etmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, Cavabdeh dövlət təşkilatıdır. Heç bir fiziki və hüquqi şəxslə prinsip aparmır. Dövlət təşkilatı kimi onun məqsədi ona vurulmuş zərərin əvəzinin ödənilməsidir. Tələbnamədən də müəyyən olunur ki, plomblar açılmış və yerinə başqa plomblar qoyulmuşdur. Smart tipli kart sayğaclara baxış üç yaxud dörd aydan bir keçirilir. Bunun səbəbi isə həmin tipli sayğacdan istifadə edən şəxslərin sayının çox olması ilə əlaqədardır. Mənzildə olan sayğac altılıq sayğacdır. Bu isə onun daha çox vəsait yazmasına səbəb olur. Keçən il ərzində ümumi 60 manat məbləğində qaz sərfi olmuş, bu il isə 6 ay ərzində 81 manat məbləğində ödəniş etmişlər. Baxış keçirilən zaman məlum olmuşdur ki, plomblar həmin plomblar deyildir. Ev sahibinin marağı olmuşdur ki, plomblara müdaxilə etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixində Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni Yaşayış massivi, 158/8A ünvanında yerləşən fərdi yaşayış evini xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata almışdır. Daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********01060) ünvan 3 ünvanında xx.xx.2023-cü il tarixdə ZENNER G4T MEXANİKİ tipli, **********3 nömrəli sayğac quraşdırılmışdır. 05/2023-cü il tarixə 13614 kub metr qaz sərfiyyatı olmuş və ilin sonuna 1555.20 manat vəsait hesablanmışdır. 28 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı, 28 aprel 2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 12960 kubmetr qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 aprel 2023-cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var və zavod plastmas plomblardan ikisinin mənşəyi məlum olmadığı üçün sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var və zavod plastmas plomblardan ikisinin mənşəyi məlum olmadığı üçün sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var və zavod plastmas plomblardan ikisinin mənşəyi məlum olmadığı üçün sayğacın istismara yararsız olması kimi hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, abonent saldosuna əsasən 2023cü il tarixə 12960 kub metr qaz sərfiyyatı olmuş və 12960 kub metr qaz sərfiyyatı üçün 28 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən cərimə olaraq 1555.20 manat pul vəsaiti hesablanmışdır. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1555.20 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28 aprel 2023-cü il tarixli, ******* №-li akta əsasən hesablanmış 1555.20 manat borc abonentin hesabından (abonent kodu **********01060) silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən 35.56 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********01060 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə hesablanmış 1555 (bir min beş yüz əlli beş manat) manat 20 (iyirmi) qəpik borc silinsin. Cavabdehndən 35 (otuz beş) manat 56 (əlli altı) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar