Məhkəmə qərarları › İş №2(060)-388/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-388/2024

29.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-388/2024 29.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 032569 saylı akt əsasında əsassız hesablanmış 810 manat borcun və 153,90 manat köhnə barmek borcunun silinməsi tələbinə dair mülki işə 29 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 032569 saylı akt əsasında əsassız hesablanmış 810 manat borcun və 153,90 manat köhnə barmek borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 032569 saylı akt əsasında əsassız hesablanmış 810 manat borcun və 153,90 manat köhnə barmek borcunun **********01355 saylı abonent hesabından silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Qeyd etdiyi ünvana dair elektrik enerjisindən istiadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə tam şəkildə ödəmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə “Azərişıq" ASC-nin işçiləri guya yaşadığı evdə elektrik enerjisindən kənar xəttdən istifadə ediyini bildirərək 032569 saylı akt tərtib etmişlər. Akt tərtib edilən zaman onun iştirakı təmin olunmalı idi lakin onlar qeyri-qanunı olaraq ona akt tərtib edib və cərimə yazıblar. Hər ay Azərişığın əməkdaşları gəlib sayğacı yoxlayıb ona bildiriş verirdilər. Əgər elə bir fakt olsaydı bunu sayğacı yoxlayan əməkdaşlar da görərdi. Bundan əlavə sayğac çıxarılaraq labaratoriyaya göndərilməli və əməkdaşlar onu da ora dəvət etməli və sayğac yoxlanışında o da, iştirak etməli idi. Abonent saldosundan da aydın görünür ki, sentyabr ayında və ondan əvvəlki aylarda da 15-20 manatlıq enerji sərf edilib. Əgər kənar xətdən istifadə etsəydi sayğac ümumiyyətlə keçən enerjini qeyd etməzdi. Sayğac mənzildən çöldə yerləşir və cavabdehliyi "xxxx" ASC daşıyır. Hesab edir ki ona hesablanan cərimə borcu tamamilə qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsin müraciət edərək 032569 saylı akt əsasında əsassız hesablanmış 810 manat borcun və 153,90 manat köhnə barmek borcunun silinməsi tələbinə dair çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2023-ci ıl tarixdə Sayğaca baxış keçirən zaman məlum oldu ki, sayğacın giriş xətti zədələnərək mənzildə elektrik enerjisindən kənar xəttdən istifadə olunur. Kənar xəttin en kəsiyi 2.5 mm2 mis naqildən ibarətdir. Naqilin qoyuluş gücti 5.9 kv-dır Sayğacın alt qapaq möhürünün trosu qırıqdır. Pkən=1.43 kvt Psay=0 kvt Bu faktla əlaqədar 032569 saylı akt əsasında 808 manat itirilmiş elektrik enerjisinin dəyərinə görə hesabat aparılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17.1-ci bəndinin İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerjı təchizatı müəssisəsinin niimayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Yuxarıda qeyd edilənlərə əsasəıı hesab edirlər ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır.Qeyd edilənlərə əsasən, İddiaçı 032569 saylı akt əsasında əsassız hesablanmış 810 manat borcun və 153,90 manat köhnə barmek borcunun silinməsi tələbinə dair tələbinin əssasız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin X2 etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilib, baxış zamanı sayğacın kənar xəttə qoşulduğu aşkarlanıb. Bu barədə videogörüntü var, lakin onun əldə edilməsi mümkün olmamışdır. Bununla əlaqədar akt tərtib olunmuş və 808 manat məbləğində itirilmiş elektrik enerjisinin bərpası üçün cərimə müəyyən olunmuşdur. Hazırda 848 manat məbləğində borcu var, 40 manat iddiaçının köhnə borcudur. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, yaşadığı ünvana elektrik enerjisindən istifadəyə görə artıq borc yazılıb. Sayğacda dəfələrlə problem olub. Bu barədə cavabdehə məlumat vermişdir. Yas mərasimi ilə əlaqədar isə həqiqətən də kənar xətt çəkillib, lakin bunu cavabdehin əməkdaşları etmiş, daha sonra isə həmin xətti kəsmişlər. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 692 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, ünvan 2 (ünvan 3 ünvanında quraşdırılmış **********01335 saylı abonentin 808.18 manat akt əsasında borcu vardır. 153.90 manat borc isə "xxxx"dən gələn keçmiş dövrdə yaranan borc kimi qeydə alınmışdır. İş materiallarında olan 032569 nömrəli xx.xx.2023-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında elektrik sayğacına baxış keçirilən zaman sayğaca kənar xəttin qoşulduğu halı aşkar edilmişdir. İş materiallarında olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, ünvan 2 ünvanında sayğaca kənar xəttin qoşulduğu halı aşkar müəyyən edilmiş, bununla əlaqədar həmin ünvana 808.18 manat cərimə hesablanmış, həmin cərimənin hesablanması üçün əsas 032569 nömrəli xx.xx.2023-ci il tarixli aktdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya məxsus ünvan 2 ünvanında sayğaca xx.xx.2023-ci il tarixdə baxış keçirilmiş, sayğaca müdaxilə (kənar xətt vasitəsilə) edildiyi aşkar olunduğundan "xxxx" ASC tərəfindən 032569 nömrəli xx.xx.2023-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında iddiaçıya 808.18 manat borc hesablanmışdır. İddiaçı ərizəsində həmin məbləği 810 manat məbləğində qeyd etmişdir. Bundan başqa iddiaçının 153.90 manat məbləğində borcu isə "xxxx" ASC-nin dövründə yaranmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə ilk növbədə qeyd edir ki, "xxxx" ASC-nin dövründə yaranan və hal-hazırda cavabdeh ASC tərəfindən ödənilməsi iddiaçıdan tələb edilməyən borc məbləğinin iddiaçıya məxsus abonent məlumatlarında öz əksini tapması iddiaçının bir istehlakçı kimi hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 153,90 manat keçmiş dövrdə yaranan borcun **********01355 saylı abonent hesabından silinməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.17-1-ci bəndinə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddia tələbinin 032569 nömrəli xx.xx.2023-ci il tarixli akt əsasında yazılmış 808,18 manat borcun silinməsi hissəsində isə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzildə elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilmişdir. Bu halı iddiaçı özü də məhkəmə iclasında etiraf etmişdir. Lakin iş materiallarında olan sənədlərə əsasən müdaxilənin nə zamandan bəri davam etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən də bu davamiyyətin hansı müddəti əhatə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında iddiaçının elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi müddətinə dair hər hansı sübut olmadığı təqdirdə, vurulmuş ziyanın cavabdeh tərəfindən 270 gün müddətinə hesablanması ağlabatan deyil. Əks yanaşma «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olardı. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hesabatın 90 gün müddəti üçün aparılması daha ədalətli və qanunidir. Belə ki, cavabdeh elektrik sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən elektrik enerjisi itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi olaraq həyata keçirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vurulmuş ziyan 3 ay (90 gün) müddətinə hesablanmaqla (808.18 / 270 gün x 90 gün = 269,39 manat) elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə nəticəsində sərfiyyata görə iddiaçıdan həmin məbləğdə (269,39 manat) borcun tələb edilməsi əsaslıdır, 538,79 (808,18-269,39) manat borcun tələb edilməsi hissəsində isə əsaslı deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə (538,79 manat) də iddia tələbi təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli 032569 saylı akt əsasında hesablanmış 538,79 manat borc və 153,90 manat köhnə borc **********01355 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 2 (Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, ev 0680, mənzil 1335, abunə kodu: **********01335) ünvanına 032569 nömrəli xx.xx.2023-ci il tarixli akt əsasında hesablanmış 538,79 (beş yüz otuz səkkiz manat yetmiş doqquz qəpik) manat və keçmiş dövrdə yaranan 153,90 (bir yüz əlli üç manat doxsan qəpik) manat olmaqla, ümumilikdə 692,69 (altı yüz doxsan iki manat altmış doqquz qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar