Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3889/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 3940.21 manat pul vəsaitinin və ödənilmiş 59.41 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə lizinq obyekti olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 987.95 manat məbləğində borcun tutulması və lizinq müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə xx.xx.2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3940.21 manat məbləğində maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, AR MPM-nin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X1 arasında müqavilə bağlanmış və müqaviləyə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə 48 ay müddətinə lizinq ödənişlərini cədvələ əsasən ödəməyi öz öhdəsinə götürür. - xx.xx.2021-ci il tarixli, MAS-2724 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-2724 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüş, lizinq obyekti olan “Khazar SD” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, lizinq obyekti qismində çıxış edən əmlak lizinq alan Cavabdeh təhvil verilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-740/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, MAS-2724 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən 827.36 manat gecikdirilmiş əsas, 120.59 manat gecikdirilmiş mükafat və 40 manat dəbbə pulu olmaqla, cəmi 987.95 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - Servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3940.21 manat məbləğində maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. - Pretenziya məktubundan görünür ki, cavabdeh avtomobilə dəymiş ziyanı ödmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardarlıq edilmişdir. - AD 862184 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PN-*** dövlət qeydiyyat nişanlı, “Khazar SD” markalı 2020-ci il buraxılışlı nəqliyyat vasitəsinin sahibi kimi İddiaçı MMC göstərilmiş, habelə lizinq müqaviləsinə əsasən özgələşməməsinə dair xüsusi qeyd aparılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında lizinq müqaviləsi bağlanılmışdır. Lizinq obyekti qismində 13300 manat dəyərində olan 99-PN541 dövlət qeydiyyat nişanlı, “Khazar SD” markalı avtomobil çıxış etmişdir. Həmin müqaviləyə əsasən lizinq verən iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, lizinq alan cavabdeh isə bunun müqabilində 48 ay müddətində hər ay əsas məbləğ və lizinq mükafatı məbləği daxil olmaqla, 397.67 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, lizinq müqaviləsinin şərtlərini pozaraq ödənişləri gecikdirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə daxili lizinq müqaviləsinin ləğv edilməsi, avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən cəmi 987.95 manat borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 3940.21 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 3940.21 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 59.41 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3940.21 manat pul vəsaiti və ödənilmiş 59.41 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3889/2023
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-3889/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver