Məhkəmə qərarları › İş №2(060)-3905/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3905/2024

02.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3905/2024 02.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Vəlcanova Şəfiqə Əliağa qızını və Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxslər qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Vəlicanov X4 Şəfiqə Əliağa qızını və Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxslər qismində cəlb etməklə "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 20 oktyabr 2009-cu ildə rəsmi nikaha daxıl olmaqla X2 ilə ailə qurmuş və ünvan 1 ünvanında yaşayır. Ərizəçinin anası xx.xx.1939- cu il təvəllüdlü Vəlcanova Şəfiqə Əliağa qızı təqaüdçüdür, ərizəçi ilə eyni ünvanda yaşayır. Ərizəçinin anası səhhəti ilə bağlı, həmçinin beyin qurumasından əziyyət çəkir. O, həmin xəstəliyin nəticəsi olaraq fikrini ifadə edə bilmir, etdiyi hərəkətləri dərk etmir, özünə qulluq edə bilmir, yeməyini hazırlaya bilmir. Səbəbsiz nəzarətsiz qaldıqda evdən naməlum istiqamətə gedir, getdiyi ünvanı bilmir, hətta həmin ünvan haqda məlumat çatdıra bilmir. Ona görə də ona ərizəçi və həyat yoldaşı X2 baxıb qulluq edirlər. X10 xx.xx.2018-ci il tarixli Kranial MRT müayinəsindən görünür ki, X3 Baş beynin T1, T2, FLAİR və Diffuzionsekanslı mültiplanar MRT-da: sağ oksipital-temporal payda gecyarımkəskin fazada geniş işemik insult-glioz sahə qeyd edilir. Sol internal kapsulada xroniki işemik insult sahəsi və buna bağlı mesensefalon, pons sol yarısında Vallerian degenerasiyaya aid gliotik dəyişikliklər qeyd edilir. Hər iki dərin periventrikulyar ağ maddədə xroniki işemik T2 hiperintens mikroangiopatiya və qlioz sahələri izlənilir. Ərizəçinin anası Vəlcanova Şəfiqə Əliağa qızı fikrini ifadə edib, etdiyi hərəkətləri dərk etmədiyi üçün pensiyasının yenidən hesablanıb artırılması ilə bağlı aidiyyəti üzrə müraciət edə bilmir. Ərizəçi və həyat yoldaşı onun əvəzindən bu işləri görmək istəsələr də, onlardan etibarnamə tələb olunur. Notariat ofisinə müraciət etsələr də, ərizəçinin anası fikrini ifadə edə bilmədiyi üçün etibarnamə almaları mümkün olmamışdır. Ona görə ərizəçi və həyat yoldaşı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edərək onların ərizəçinin anasına qəyyum təyin edilmələrini xahiş etsələr də, Sumqayıt şəhər İcra Hakimiyyətində onlara şifahi olaraq bildirmişlər ki, bu Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid deyildir və bu işlərə məhkəmə baxır və onlara məhkəməyə müraciət etməkləri tövsiyə edilmişdir. Daha sonra rəsmi cavablar verilmişdir. Həyat yoldaşı X2 ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin (hakim Aynur Behbudova) iş № 2(060)-7446/2023 saylı qərardadına əsasən həyat yoldaşının ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış ərizənin yaxın qohumlar tərəfindən qaldırılması izah edilmişdir. Həmçinin həyat yoldaşı tərəfindən ödənilmiş məhkəmə dövlət rüsumunun geri qaytarılması Sumqayıt Maliyyə İdarəsinə həvalə tapşırılmışdır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizəçinin anası - xx.xx.1939-cu ildə Sumqayıt şəhərində anadan olmuş Vəlcanova Şəfiqə Əliağa qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra Ərizəçi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, iddia tələbinin “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi” yerinə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi” ilə əvəz edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Vəlcanova Şəfiqə Əliağa qızı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan xx.xx.1972-ci il, İ-JQ № 492028 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1972-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X5, anası X1r.

9. İş materiallarında olan AZE № 08723392 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Vəlcanova Şəfiqə Əliağa qızı xx.xx.1939-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur.

10. İş materiallarında olan “X12” tərəfindən verilmiş Kranial MRT-dən görünür ki, Baş beynin T1, T2, FLAİR və Diffuzionsekanslı mültiplanar MRT-da: beyin kötüyü anatomik strukturaları olub, patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir. Hər iki beyin yarımkürəsi yaş ilə uyğun normal morfologiyadadır. Serebellar foliolar normal genişlikdədir. Posterior fossada həcmli törəmə aşkar olunmur. 4-cü mədəciyin forması təbiidir. Körpübeyincik bucaqları simmetrikdir. Baş beyin yarımkürələrində həcmli törəmə və ya hematoma aşkar edilmir. Bazal qanqliyalar normaldır. 3-cü və yan mədəciklər genişlənməmişdir. Subaraxnoidal sahələr və beyin sulkusları normal genişlikdədir. Sağ oksipital-temporal payda gec-yarımkəskin fazada geniş işemik insult-glioz sahə qeyd edilir. Sol internal kapsulada xroniki işemik insult sahəsi və buna bağlı mesensefalon, pons sol yarısında Wallerian degenerasiyaya aid gliotik dəyişikliklər qeyd edilir. Hər iki dərin periventrikulyar ağ maddədə xroniki işemik T2 hiperintens mikroangiopatiya və qlioz sahələri izlənilir. İntra- və parasellar nahiyələrində patoloji dəyişiklik təyin olunmur. Paranazal sinusların, mastoid hücrələrin pnevmatizasiyası aiddir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müraciətin cavablandırılması haqqında məktubundan görünür ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə uyğun olaraq sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda informasiya sahibi sorğunun icrasından imtina etmək hüququna malikdir. "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 6.6-cı macdəsinə uyğun olaraq yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, qeyd olunanlara əsasən Vəlcanova Şəfiqə Əliağa qızının sosial ödənişi haqqında məlumatın verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, Vəlcanova Şəfiqə Əliağa qızı şəxsən və ya səlahiyyətlərinizi edən sənəd (etibarnamə) əsasında onun adından müraciət etdiyiniz halda Ş.Vəlcanovanın əmək pensiyasının yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 xx.xx.2024-cü il tarixli, 2206 №-li rəyindən görünür ki, Vəlcanova Şəfiqə Əliağa qızında Damar mənşəli (vaskulyar) demensiya müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə son altı ildə yaddaşında zəifləmə biruzə verməsi, son dövrlər əvvəllər müşahidə edilən yaddaş pozuntusunun proqressiv artması müşahidə edilməsi, bununla əlaqədar nevropatoloqunun müayinəsində olması, müalicədə təyin edilməsi, xx.xx.2018- ci il tarixdə X12 Klinikasında Baş beynin T1, T2, FLAİR və Diffuzion sekanslı multiplanar MRT-dan keçdiyi zaman onda “Beyin kötüyü anatomik strukturaları normal olub, patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir. Hər iki beyincik yarımkürəsi yaş ilə uyğun normal morfologiyadadır. Serebellar foliolar normal genişlikdədir. Posterior fossada həcmli törəmə aşkar olunmur. 4-cü mədəciyin forması təbiidir. Körpü-beyincik bucaqları simmetrikdirlər. Baş beyin yarımkürələrində həcmli törəmə və ya hematoma aşkar edilmir. Bazal qanqliyalar normaldır. 3-cü və yan mədəciklər genişlənməmişdir. Subaraxnoltdal sahələr və beyin sulkusları normal genişlikdədir. Sağ oksipital-temporal payda gec-yarımkəskin fazada geniş işemik insult-glioz sahə qeyd edilir. Sol internal kapsulada xroniki işemik insult sahəsi və buna bağlı mesensefalon, pons sol yarısında Vevallerian degenerasiyaya aid gliotik dəyişikliklər qeyd edilir. Hər iki dərin periventrikulyar ağ maddədə xronik işemik T2 hiperintens mikroangiopatiya və qlioz sahələri izlənilir. İntra və parasellar nahiyələrində patoloji dəyişiklik təyin olunmur. Paranazal sinusların, mastoid hücrələrin pnevmatizasiyası aiddir” diaqnozunun müəyyən edilməsi, aldığı müalicələrə baxmayaraq yaddaş zəifliyi davam etməsi, davranışının qeyri-adekvat hərəkətlər biruzə verməsi, yuxusunun pozulması, yaddaş zəifliyi ilə əlaqədar özünəməxsus əşyaları itirməsi, evdə nəzarətsiz qaldıqda naməlum stiqamətlərdə getməsi, geriyə qayıda bilməməsi, ünvan haqqında məlumat çatdıra bilməməsi, fikirlərini bildirməkdə çətinlik çəkməsi, doğmalarını çox vaxt tanımaması, çaşqınlıq halları keçirməsi, hazırki müayinə zamanı qazanılmış ağıl zəifliyi (demensiya) əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – Vəlcanova Şəfiqə Əliağa qızında Damar mənşəli (vaskulyar) demensiya müəyyən edilir. İİ və İİİ – Vəlcanova Şəfiqə Əliağa qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Vəlcanova Şəfiqə Əliağa qızında müəyyən edilən Damar mənşəli (vaskulyar) demensiya ilə əlaqədar o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Vəlcanova Şəfiqə Əliağa qızında müəyyən edilən damar mənşəli (vaskulyar) demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1939-cu il təvəllüdlü Vəlcanova Şəfiqə Əliağa qızı hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

16. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1939-cu il təvəllüdlü Vəlcanova Şəfiqə Əliağa qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

20. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Vəlcanova Şəfiqə Əliağa qızını və Sumqayıt Şəhər İcra Hakimiyyəti maraqlı şəxslər qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü Vəlcanova Şəfiqə Əliağa qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Vəlcanova Şəfiqə Əliağa qızının üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar