Məhkəmə qərarları › İş №2(060)-3906/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3906/2022

18.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3906/2022 18.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə, 54 saylı fərdi yaşayış evinə (abonent kodu **********00599) xx.xx.2015-ci il tarixinə (ETAİS-dən gələn borc) kimi hesablanmış 1054,30 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda iddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, 54 nömrəli fərdi yaşayış evində yaşayır . Həmin fərdi yaşayış evinin **********00599 saylı cavabdeh tərəfindən qoyulmuş sayğacın abonent kodu iddiaçının adınadır . Hazırda cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixə (ETAİS-dən gələn borc) 1054,30 manat borc hesablanmışdır. Həmin borcun silinməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh bundan imtina edərək məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Həmin borcun tələb etmə müddəti ötürüldüyündən həmin borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir . İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının silinməsini tələb etdiyi borc əslində mövcud deyil. Belə ki, iddiaçının 2016-cı ildə dondurulmuş 1488 manat məcburi köçkün borcu vardır. Həmin borc iddiaçının abonent hesabında saxlanılıb, lakin ondan tələb edilmir. İddiaçı isə köhnə (ETAİS-dən gələn) borc kimi hesablanmış 1054,30 manat borcun silinməsini xahiş edir. Lakin, qeyd edilən borcu mövcud deyil. Ola bilsin ki, həmin borc silinib. Çünki belə bir olsaydı aktlar bölməsində görünməli idi. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1977-ci ildə, Füzuli rayonu, Araz Yağlıvənd kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2sinin xx.xx.2022-ci il tarixli, 695 saylı arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, 54 saylı fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş iddiaçının abonent kimi qeydə alındığı Sumqayıt şəhəri, 76-cı məhəllə, 54 saylı fərdi yaşayış evinin abunə haqqında məlumatından görünür ki, iddiaçıya 1054,30 manat köhnə, yəni "xxxx" ASC yaranmazdan əvvəlki dövrə aid borc hesablansa da, aktlar bölməsində belə bir borc görünmür. İddiaçının 2016-cı il üçün 1488,64 manat dondurulmuş məcburi köçkün borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Göründüyü kimi iddiaçı ona əsassız olaraq könhə (ETAİS-dən gələn) borc kimi hesablanmış 1054,30 manat borcun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsinin verdiyi izahatdan və iddiaçıya məxsus evin abonent məlumatından görünür ki, iddiaçının hal-hazırda belə bir borcu mövcud deyildir. İddiaçının 2016-cı il üçün 1488,64 manat dondurulmuş məcburi köçkün borcu vardır ki, bu borcun da iddiaçının silinməsini tələb etdiyi borca heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (218.3.). Məhkəmə hesab edir ki, iddiaçının silinməsini tələb etdiyi borcun əslində mövcud olmadığı və mövcud borcunun silinməsini tələb etdiyi borcuna heç bir aidiyyəti olmadığı üçün iddia təmin edilə bilməz. Belə ki, iddiaçı köhnə (ETAİS-dən gələn) borcunun silinməsini tələb etdiyi üçün onun məcburi köçkün borcunun silinməsi məhkəmənin iddia tələbindən kənara çıxmasına səbəb ola bilər. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə, 54 saylı fərdi yaşayış evinə (abonent kodu **********00599) xx.xx.2015-ci il tarixinə (ETAİS-dən gələn borc) kimi hesablanmış 1054,30 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar