Məhkəmə qərarları › İş №2(060)-391/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-391/2024

23.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-391/2024 23.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun tələb olunmasının əsassız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mkr., ev 12/13-də yerləşən 53 saylı mənzillə bağlı qaza dair abonent müqaviləsinin onunla bağlanılmasına cavabdeh tərəfindən yaradılmış qanunsuzluğun, maneənin aradan qaldırılması, qazla bağlı müvafiq abonent müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, bu və ya hansısa digər formada əvvəlki mülkiyyətçi Hüseynov Nazim Nuşrəvan oğlunun hansısa təqsirli və ya təqsirsiz əməllərinə görə ona qarşı ediləcək hansısa qanunsuzluqların, o əsasa görə yaradılacaq maneənin qadağan olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdeh təşkilat tərəfindən hesablanmış 779.28 manat məbləğində borcun ondan tələb olunmasının əsassız hesab edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mkr., ev 12/13, mənzil 53 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Hazırda həmin mənzil üzrə köhnə borc vardır. Həmin borcun qalması hazırda mənzil ilə bağlı bir sıra hüquqların realizə edilməsində ona manə olur. Həmin borc əvvəlki mülkiyyətçi Hüseynov Nazim Nuşrəvan oğluna aiddir. Hesab edir ki, borc əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 12/13 saylı evin 53 saylı mənzilinin (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sahib Qarayev küçəsi, 210, M9, m1) mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 6480 m3 müəyyən olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda – 100% nisbi xətayla işləyir. Sayğacın hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.” qeyd olunmuşdur. - Abonentin saldosundan görünür ki, abonent kodu **********00530 olan ünvana akta görə 777.60 manat borc hesablanmışdır. Abonent kodu Hüseynov Nazim Nuşrəvan oğlunun adınadır. - Cavabdeh İB Sumqayıt QİS tərəfindən iddiaçıya ünvanlanmış “sayğacın dövlət yoxlamasının bildirişi haqqında” məktubdan görünür ki, ünvandan çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmiş, yararsız hala salınmış sayğacın dəyəri olaraq 159.96 manat pulun ödənilməsi tələb olunmuşdur. Əks halda X1 müraciət olunacağı bildirilmişdir. - xx.xx.2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Hüseynov Nazim Nuşrəvan oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 12/13 saylı evin 53 saylı mənzilini İddiaçı satmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının mülkiyyətində olan ünvana gələrək qaz sayğacına baxış keçirmiş, sayğacın istismara yararsızlığı barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında keçmiş abonent Hüseynov Nazim Nuşrəvan oğlunun adına olan abonent koduna 777.60 manat cərimə hesablanmış, eyni zamanda 159.96 manat məbləğində sayğacın dəyəri tələb olunmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, xx.xx.2023-cü il tarixli aktda qeyd olunanlara görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddiaçının ərizəsində silinməsi xahiş edilən borcun 1.68 manat hissəsi qazın sərfiyyatına görə yaranmış və sayğaca görə hesablanmışdır. Odur ki, iddia qismən əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, istifadə olunmuş təbii qazın dəyəri olaraq 1.68 manat iddiaçı tərəfindən ödənilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 12/13 saylı evin 53 saylı mənzilinə aid **********00530 saylı abonent koduna hesablanmış 777.60 manat borcun İddiaçı tələb olunması əsassız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar