Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-392/2024 09.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Texniki pasport adına olan Şəmsi Ağaməli qızının, xx.xx.2004-cü il tarixli ölüm şəhadətnaməsində adı qeyd olunan X3 ilə eyni olması – hər iki sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun 1924-cü il tarixində Xızı rayonunda doğulan anası X3 xx.xx.2004-cü il tarixində Sumqayıt şəhərində vəfat etmişdir. Anasının şəxsiyyət vəsiqəsinə əsasən verilmiş ölüm haqqında eyni tarixli şəhadətnamədə ad, soyadı olduğu kimi – Abasova Samsa olaraq göstərilmişdir. Anasından miras olaraq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəs., Ə.Vahid küç., ev 54-də yerləşən fərdi yaşayış evi qalmışdır. O həmin evi öz adına sənədləşdirmək üçün 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də hüquqi faktın müəyyən edilməsinə zərurət yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, eyni məzmunlu izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə xx.xx.2004-cü il tarixdə ölmüş X1 (doğum tarixi: xx.xx.1924) (ölüm haqqında şəhadətnamə: AZ-İ 118796, Sumqayıt şəhər VVADQ şöbəsi, xx.xx.2004) vərəsəsi - Ərizəçi müraciət etmişdir. - 2 saylı Sumqayıt Ərazi İdarəsinin mərhum X1 etibarnamə üzrə vərəsəsi Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hüquqmüəyyənedici sənədlərdə mərhumun adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, texniki pasportda və idarənin arxiv qovluğunda mövcud olan texniki pasportda hüquq sahibinin adı “Şəmsi Ağaməli qızı” kimi qeyd olunsa da, ölüm haqqında şəhadətnamə “X3”na məxsusdur. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2004-cü ildə vəfat etmişdir. - Texniki pasportdan görünür ki, əmlakın sahibi “Şəmsi Ağaməli qızı” qeyd olunmuşdur. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Sumqayıt şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1924-cü il təvəllüdlü Abasova Samsa (Şəmsi) Ağaməli qızının şəxsiyyət vəsiqəsi almağı barədə məlumat MAPS-da aşkar olunmadığı üçün şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin məhkəməyə göndərilməsi mümkün olmamışdır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəs., Ə.Vahid küç., ev 54-də yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olan 1992-ci il tarixli texniki pasportda ərizəçinin anası X1 adı və soyadı səhvən “Şəmsi Ağaməli” qızı şəklində qeyd olunmuşdur. Qeyd olunan hüquqmüəyyənedici sənəd olan müqavilədə yanlışlıqlar aradan qaldırılmadan ərizəçi həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Ərizəçinin anası X1 adı və soyadındakı səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin sənədlərində göstərilən həqiqi adı və ata adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə qismən təmin edilməli, 1992-ci il tarixli texniki pasportun ərizəçinin anası X2 məxsus olması faktı müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, ərizə texniki pasport adına olan Şəmsi Ağaməli qızının, xx.xx.2004-cü il tarixli ölüm şəhadətnaməsində adı qeyd olunan X3 ilə eyni olması faktının müəyyən edilməsi hissədə təmin edilməməlidir. Belə ki, AR MPM-nin 307-ci maddəsindən görünür ki, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasına xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6.1-ci bəndində qeyd olunmuşdur ki, «Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.» Həmin Qərarın 6.2-ci bəndində qeyd olunmuşdur ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəs., Ə.Vahid küç., ev 54-də yerləşən fərdi yaşayış evinə aid 1992-ci il tarixli texniki pasportun X2 məxsus olması faktı müəyyən olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-392/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-392/2024
09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver