Məhkəmə qərarları › İş №2(060)-3930/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3930/2020

26.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3930/2020 26.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və mənzilə dair çıxarışın ləğv edilməsi, vərəsələrin payının müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması, vərəsəlik hüququ haqqında səhadətnamənin və mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Sumqayıt şəhər 4 saylı notariat kontoru tərəfindən verilmiş xx xxx 2016-cı il tarixli, 2V-56 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxx 2016-cı il tarixli, ********** seriya nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılmaqla mənzildə miras qoyan mərhum X2nın vərəsələri kimi onların qanun üzrə vərəsələrin hər birinə düşən 1/3 hissəyə müvafiq olaraq payının müəyyən edilməsi, həmin paylara vərəsələrin mülkiyyət hüquqlarının tanınması, qeyd olunan paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Sumqayıt şəhər 4 saylı notariat kontoruna, mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərlə mərhum anası X13ma məxsus ünvan 1-ə qanun üzrə birinci dərəcəli vərəsəsidirlər. Belə ki, X2 xx.xx.2009-cu ildə vəfat etmişdir. X2 qanun üzrə vərəsəliyə əsasən, ünvan 1-də yerləşən mənzil 1/4 hissə olmaqla bərabər paylarla birlikdə ona, cavabdehlərə və bacısı X4 vəsiyyət etmişdir. O anasının vəfatından sonra göstərilən miras əmlakını faktiki surətdə qəbul etməsinə baxmayaraq, həmin mənzildə yaşayan cavabdehlərlə qarşılıqlı razılaşmaya əsasən, öz aralarında miras əmlakının bölünməsi ilə bağlı məsləhətləşmələr aparmışlar. Anası rəhmətə getdikdən sonra cavabdehlərlə belə razılığa gəlmişlər ki, anasının vəsiyyəti üzrə bütün miras əmlakını aralarında qanuna uyğun olaraq bölməlidirlər. Ona görə də o başqa üsul və vasitələrə əl atmamışdır. Yalnız bir neçə dəfə şifahi şəkildə notariusa əlində olan sənədlərlə müraciət etmişdir, orada isə bildirmişlər ki, yazılı ərizə ilə müraciət etməlidir. Lakin sonuncu dəfə o oz yaxın qohumu olan cavabdehlərə analarının vəsiyyətini yerinə yetirərək göstərilən miras əmlakın bölünməsini təklif etdikdə, onlar bildirmişlər ki, əmlakın bərabər bölgüsünə razı deyillər. Və bu yaxınlarda ona məlum olmuşdur ki, onlar hətta onun bacısı Nümayəndə aldadaraq onun payını da mənimsəmişlər. O bununla əlaqədar, notariusa müraciət etmişdir. Orada isə ona rəsmi qaydada bildirmişlər ki, vərəsələr miras buraxan vəfat etdikdən sonra, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, 6 ay müddətinə Notariat kontoruna yazılı müraciət etməlidir. O isə hüquqi savadsızlığından bunu etməmişdir. Bundan başqa, vərəsələr arasında mübahisə olduğuna görə bu məsələ məhkəmədə həll olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, miras əmlakının bölünməsi ilə bağlı aralarında razılıq əldə edilməyib. Ona görə də, hal-hazırda, miras əmlakının tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, əmlakın cavabdehlərlə 1/3 hissədə hər bir vərəsəyə ünvan 1-də yerləşən daşınmaz əmlak olan mənzilin bərabər aralarında bölünməsi və vərəsəlik hüququnun tanınmaqla mülkiyyətlərinə verilməsi barədə məhkəmə qətnaməsinin qət edilməsi üçün tam qanuni əsaslar vardır. Yuxarıda göstərilənləri qonşuluqda yaşayan şahidlər və cavabdehlər tərəfindən aldadılmış bacısı X8 da təsdiq edə bilərlər. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, o iddiaçının bacısıdır. Eyni zamanda cavabdehlər də onu bacı və qardaşıdır. O vaxt anası rəhmətə gedəndə bacısı, hazırda Cavabdeh2 mübahisəli mənzili öz adına keçirtmişdir. Onlar bunu mübahisələndirməsələr də, qardaşı Cavabdeh1 bu məsələni məhkəmə yolu ilə mübahisələndirmiş, nəticədə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 adına verilmiş sənədlər etibarsız hesab edilmiş, qardaşı Cavabdeh1 mənzilə vərəsəlik hüququ tanınmışdır. O özü də məhkəməyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia ərizəsi ilə müraciət etmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Sonradan bacısı ilə məsələhətləşmiş, onun adından da iddia qaldırmaq qərarına gəlmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə baxış iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: X9 xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X1, X2dır. (iş materiallarına əlavə olunmuş 1589/12 nömrəli, xx.xx.2018-ci il tarixli arayışa əsasən) X10 xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində, X9 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində, X11 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində, X12 xx.xx.2009-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. (iş materiallarına əlavə olunmuş AZ-İ 911504, 911502, 911505 və 911503 nömrəli ölüm haqqında şəhadətnamələrin təkrar verilmiş surətlərinə əsasən) İddiaçı xx.xx.1956-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X14r. (iş materiallarına əlavə olunmuş İİ-JQ seriyalı 300506 saylı doğum haqqında şəhadətnaməyə əsasən) X5 xx.xx.1958-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X14r. (iş materiallarına əlavə olunmuş AZ-T seriyalı 064590 saylı doğum haqqında şəhadətnaməyə əsasən) İşdə olan AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli, **********29 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 34cü məhəllə, ev 47/11, 1 nömrəli mənzil Sumqayıt şəhəri 4 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 2V-56 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh2 adına ½ hissə olmaqla qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmənin sorğusu əsasında məhkəmə ünvanlanmış xx.xx.2019-cu il tarixdə ölmüş X3 miras əmlakına dair vərəsəlik işindən görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 47/11, 1 nömrəli mənzilə dair ½ hissədə Cavabdeh1 və ½ hissədə Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 iddiası təmin edilərək, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə dair Sumqayıt şəhəri 4 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 2V-20 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** seriya nömrəli çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılaraq mənzildə miras qoyan X3 vərəsələrinin paylarının müəyyən edilməsi, həmin paylara vərəsələrin mülkiyyət hüququnun tanınması, qeyd olunan paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu X6, mülkiyyət hüququnun təsdiq edən sənədin verilməsinin isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 2 saylı Ərazi idarəsinə həvalə edilməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının və cavabdehlərin X2 xx.xx.2009-cu ildə vəfat etmişdir. Bundan sonra mənzil Cavabdeh2 mülkiyyətinə keçmişdir. Cavabdeh1 Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış və onun iddiası təmin edilmişdir. Bundan sonra məhkəmə qətnaməsinə əsasən mənzil üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin ½ hissədə payları müəyyən edilmiş və mülkiyyət hüquqları xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı mənzillə bağlı cavabdehlərin adına verilmiş sənədləri mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Məhkəmə qeyd edir ki, iddiaçı anasının 2009-cu ildə ölümündən xəbərdar olmuş, lakin həmin vaxtdan 11 ildən çox keçməsinə baxmayaraq sözügedən miras əmlakın qəbulu üçün notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməmiş, o cümlədən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunun məzmunundan göründüyü kimi, etibarsızlıqla əlaqədar mübahisə maraqlı şəxs tərəfindən ən çoxu bir il müddətində mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, MM-nin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Lakin İddiaçı hüquqlarının pozulduğunu bildiyi andan bir il müddətində belə mübahisə açmamış, 11 ildən çox keçdikdən sonra məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, iddiaçınin nümayəndəsi özü də məhkəmə iclasında mübahisəli mənzillə bağlı qardaş və bacısı olan cavabdehlərin arasında olan məhkəmə mübahisəsindən xəbərdar olduqlarını bildirmiş, həmçinin həmin məhkəmə mübahisəsinin yekunu olaraq qəbul edilmiş məhkəmə qətnaməsi əsasında mənzil üzərində payların müəyyən edilməsini və cavabdehlərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığını da bilmişdir. Lakin, iddiaçı həmin vaxt da buna etiraz etməmiş və onun da vərəsələr sırasına aid edilməsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. İddiaçı mənzil üzərində cavabdehlərin mülkiyyət hüquqlarının müəyyən edilməsindən təxminən 4 ilə yaxın müddət keçdikdən sonra, yalnız indi onların adına verilmiş sənədlərin ləğv edilməsi barədə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə həmin hüquqlarını itirdiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxx 2016-cı il tarixli, ********** seriya nömrəli çıxarışın ləğv edilməsi miras əmlak barəsində hüququnu itirmiş iddiaçı üçün hüquqi nəticələrə səbəb olmadığından, o cümlədən sözügedən sənədlərin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, iddia tələbi mübahisəli şəhadətnamənin və çıxarışın ləğv edilməsi hissəsində təmin edilmədiyindən iddia ərizəsi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılmaqla mənzildə miras qoyan mərhum X2nın vərəsələri kimi onların qanun üzrə vərəsələrin hər birinə düşən 1/3 hissəyə müvafiq olaraq payının müəyyən edilməsi, həmin paylara vərəsələrin mülkiyyət hüquqlarının tanınması, qeyd olunan paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Sumqayıt şəhər 4 saylı notariat kontoruna, mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və mənzilə dair çıxarışın ləğv edilməsi, vərəsələrin payının müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması, vərəsəlik hüququ haqqında səhadətnamənin və mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və mənzilə dair çıxarışın ləğv edilməsi, vərəsələrin payının müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması, vərəsəlik hüququ haqqında səhadətnamənin və mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar