Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3933/2023 11.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 xx xxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırkı iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdehin qanunsuz tələbləri ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən onun faktiki istifadəsində olan Sumqayıt şəhəri 10-cu mikrorayon, “Kristal ünvan 1 ünvanına dair əsassız olaraq 259 manat 20 qəpik məbləğində borc hesablanmışdır. Cavabdeh iddia etmişdir ki, guya sayğac dövlət yoxlamasına göndərilmiş, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və sayğac istismara yararsızdır. İddiaçı qeyd edilən göstərilən mənzildə yaşadığı müddətdə qazdan istifadə etmiş və müqabilində ödəniş etmişdir. 2022-ci il oktyabr ayının 27-si mənzildə kombi sistemindən istifadə etdikdə sayğacın işləmədiyini müşahidə etmiş və dərhal rəsmi qaydada Cavabdeh İB-nə müraciət etmişdir, onlar sayğaca baxış keçirərək bildirdilər ki, sayğac işləmir və sayğacı dəyişərək yenisi ilə əvəz etdilər. Bir müddətdən sonra 2023-cü ilin aprel ayında binanın komendatına Cavabdeh İBnin əməkdaşı tərəfindən zəng edilərək ona 259 manat 20 qəpik məbləğində cərimə yazıldığı söylənilmişdir. Cavabdehin tələb etdiyi pul məbləği tamamilə qanunsuzdur, bütün bunlar uydurmadər. Belə ki, cavabdehin qeyd olunan məbləği tələb etməsi üçün heç bir əsası yoxdur. Cavabdeh iddia edir ki, sayğaca ümumi baxış keçirildi, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Yuxarıda qeyd etdiyi kimi həmin mənzil yeni alınmışdır, sayğaca hər hansı müdaxilə olmamışdır. Cavabdeh İB-nə sayğacın işləməməsi barədə iddiaçı özü məlumat vermiş və əməkdaşlardan gəlib sayğaca baxış keçirmələrini xahiş etmişdir. Yeni tikili binaya Cavabdeh İB tərəfindən işlək vəziyyətdə olmayan sayğac quraşdırılması abonentin məsuliyyətsizliyi hesab oluna bilməz. Mənzildə yaşayış müddətində 226,64 manat məbləğində cavabdehə ödəniş edilmişdir. Lakin bu ödənişlərin bəziləri abonentin saldosunda öz əksini tapmamışdır. Yeni mənzilə sayğacın işlək vəziyyətdə olubolmamasını yoxlanılmadan quraşdırılmış, işlək vəziyyətdə olmadığı isə yenə də cavabdehin özü tərəfindən yoxlanılmaqla heç bir ölçü və ya meyar əsas götürülmədən özbaşına borc məbləği hesablanmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi halda isə müvafiq akt tərtib edilməlidir. Lakin, cavabdeh heç bir hərəkət etməmiş, özbaşına qanunazidd olaraq sayğaca baxış keçirdikdən sonra hesablamışdır. Göstərilənlərə əsasən Cavabdeh İB tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, “Kristal ünvan 2 ünvanına əsassız olaraq hesablanmış 259,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, sözügedən mənzildə qeydiyyatda olmaqla, yaşayır. O, 27 oktyabr 2022-ci il tarixdə mənzildə kombi sistemindən istifadə etdikdə sayğacın işləmədiyini müşahidə etmiş və dərhal rəsmi qaydada Cavabdeh İB-nə müraciət etmişdir, onlar sayğaca baxış keçirərək bildirmişlər ki, sayğac işləmir və sayğacı dəyişərək yenisi ilə əvəz etmişlər. Sonradan cərimə yazıldığı müəyyən edilmişdir. Sayğaca müdaxilə edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X6 öz izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış evinə aid sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə olunduğu müəyyən olunmuşdur. Odur ki, itirilmiş qazın dəyəri abonent tərəfindən ödənilməlidir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacdan qaz keçdiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyindən sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.
8. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı ******* saylı, xx.xx.2023-cü il tarixli akt əsasında fərdi evdə «Qazdan istifadə qaydaları»nın tələblərinə zidd olaraq sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması ilə əlaqədar, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2160 kub metr əlavə sərfiyyat hesablanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, baxış keçirən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması aşkar edilmiş və yoxlamanın nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 2160 kub metr əlavə sərfiyyat hesablanaraq 259,2 manat borc yazılmışdır. Hazırda iddiaçı borcun silinməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
12. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
13. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir.
14. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
15. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
17. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
18. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
19. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.
21. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
22. Eyni Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
23. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
24. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
25. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.
26. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
27. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00140) itirilmiş qazın bərpası məqsədilə yazılmış 259,2 manat borc silinməlidir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı **********00140 saylı abunə hesabından Cavabdeh İB tərəfindən ******* saylı, xx.xx.2023-cü il tarixli akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 259,2 (iki yüz əlli doqquz manat, iyirmi qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva