Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3949/2024 27.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin xüsusi mülkiyyət hüququ əsasında sahibidir. Həmin mənzilə yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçıdan başqa heç kim həmin mənzilə qeydiyyatda deyildir. Lakin faktiki həmin mənzildə yaşaya bilmir, çünki mənzilə su sayğacı quraşdırılmayıb. Bununla əlaqədar olaraq aidiyyəti üzrə müraciət etmiş, iddiaçıya bildirilib ki, həmin mənzildə əvvəllər yaşamış və qeydiyyatda olmuş abunəçinin, istehlak etdiyi suya görə guya borcu var. Məhkəməyə təqdim etdiyi “hesab fakturasın”dan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə məndən əvvəl yaşamış və Cavabdeh ASC ilə həmin abonent arasında bağlanmış hər hansı müqavilə olmadığı halda şəxs barəsində borc yazılmışdır. Göründüyü kimi nə iddiaçının, nə də iddiaçıdan əvvəlki mənzil sahibinin həmin borc ilə heç bir əlaqəsi yoxdur, həmin borc qanunvericiliyin tələbləri pozulmaqla yazılıb. Kirayəyə verən və kirayəyə götürən sonrakı subyektlər, əvvəlki kirayənişinin borcları üçün, su təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında suyun alqı-satqısının abunə müqaviləsinə əsasən müəyyən edilir, müqavilə olmadığı halda kimsə məsuliyyət daşımır. Bu məsuliyyəti məişət abonenti daşıya bilməsi üçün müqavilə olmalı, istehlakçıların sayı müəyyən edilməlidir. Bütün bu prosedurlar qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Özbaşına qaydada deyil. Hər hansı rəsmi sənədləşmə olmadan istehlak müqaviləsi olmadan özbaşına sudan istifadə borcu yazıla bilməz. Göstərilənlərə əsasən ünvan 1 ünvanında sudan istifadəyə görə yazılmış 1216,96 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Cavabdeh ASC-nin ətraflı abonent kartından görünür ki, ünvan 2 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə abonent Təhməz Qocayevin Cavabdeh ASC-yə 1216,96 manat məbləğində (2016-cı il üzrə 290,89 manat, 2017-ci il üzrə 111,5 manat, 2018-ci il üzrə 114 manat, 2019-cu il üzrə 121,5 manat, 2020-ci il üzrə 123 manat, 2021-ci il üzrə 223,07 manat, 2022-ci il üzrə 240 manat, 2023-cü il üzrə 222 manat) borc mövcuddur.
7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33,2 kv.metr, yaşayış sahəsi 24 kv.metr, yardımçı sahəsi 9,2 kv.metr olan 2 otaqlı mənzil Qocayev Təhməz ---- tərəfindən İddiaçı 42000 manat məbləğinə satılmışdır.
8. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 12 ünvanında yerləşən 1 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydiyyatdan keçirilmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 12, 1 saylı mənzildə qeydiyyatdadır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdən ünvan 1-in mülkiyyətçisi İddiaçıdur. Cavabdeh ASC tərəfindən həmin ünvana su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. İddiaçıya məxsus ünvan üzrə əvvəlki abonentə 1216,96 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun silinməsini tələb edir, cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir.
12. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
14. Göründüyü kimi iddiaçının subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir.
15. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan borc başqa bir şəxsə hesablanmış borcdur. İddiaçı yalnız, yaşadığı mənzilə su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri üzrə yeni abunə kodunun bağlanmasını və əvvəlki mülkiyyətçiyə aid borcun ondan tələb edilə bilməməsini cavabdehdən tələb edə bilər.
16. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddiası təmin edilməməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Nəticə hissəsi:
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şəbnəm Həxiyeva