Məhkəmə qərarları › İş №2(060)-3950/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3950/2021

24.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3950/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi, vəkil X12, Cavabdeh1, onun nümayəndəsi, vəkil X6, Cavabdeh2 nümayəndəsi, həyat yoldaşı X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (üçüncü şəxslər – Sumqayıt şəhər 2 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) Sumqayıt şəhəri, Saray bağlar massivi, 3925 ünvanındakı 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24,68 kv.m olan 1 otaqdan ibarət bağ evinə dair Sumqayıt şəhər Dövlət Notariat Kontoru tərəfindən cavabdehlərə və X2 verilmiş 07 dekabr 2010-cu il tarixli, 2V/93 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddiaçının qanun üzrə vərəsə kimi tanınması, vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış qeydin, dövlət reyestrindən 13.01.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, qanun üzrə vərəsələrin mirasda olan payların müəyyən edilməsi və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3925 ünvandakı 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24,68 kv.m olan 1 otaqdan ibarət bağ evi "bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” 02.09.1990-cı il tarixli, 262 nömrəli müqavilə əsasında iddiaçının atası X9 qanuni istifadəsində olmuşdur. İddiaçı, anası X5 və qardaşı Cavabdeh2 atasının sağlığında onunla birgə yuxarıda qeyd olunan daşınmaz əmlakdan istifadə etmişlər. X20 02.05.2002ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Atası sağ ikən ona ayırdığı bağ torpaq sahəsinin bir hissəsi onun sahibliyindədir və bugünkü gündə o, həmin bağdan istifadə edir. Atasının ölümündən 8 il 7 ay keçdikdən sonra 07.12.2010-cu il tarixdə Masallı rayonu, Səmidxan kəndində yaşayan bacısı Cavabdeh1 təkidi ilə X15 və qardaşı Cavabdeh2 ünvan 2 ərizə ilə müraciət edərək onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmişlər. Dövlət Notariat Kontoruna ünvanlanmış ərizələrdə onlar bilərəkdən miras qalmış əmlakdan qanunla olaraq düşən payları artırmaq məqsədi ilə başqa birinci növbəli vərəsələrin olması barədə məlumatı gizlətmişlər. Bacısı Cavabdeh1 guya anasının savadsız olduğunu notariusa bildirərək onun adından verilən ərizəni özü imza etmişdir. Ərizələr notariat kontoruna təqdim olunan zaman anası ağır yataq xəstəsi olmuş və bu səbəbdən də, onun notariat kontoruna gedib şəxsən ərizə ilə müraciət etməsi mümkün deyildi. X15 24.04.2011-ci il tarixdə vəfat etmişdir. Cavabdehlərlə soyuq münasibətləri olduğu üçün, o atasının ölümündən sonra bağ torpaq sahəsinin və orada olan bağ evinin onlar tərəfindən mərhum atasının adına özəlləşdirərək miras qalmış əmlakı qəbul edərək aralarında bölüşdürülməsindən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 2020-ci ilin noyabr ayında müraciət etdikdə xəbər tutmuşdur. O mərhum atasının sağlığında və ölümündən sonra o bağa faktiki sahiblik və ondan istifadə etməklə mirası qəbul etmişdir. Mirası faktiki qəbul etdiyinə baxmayaraq, atasından miras qalmış daşınmaz əmlakı adına rəsmiləşdirə bilmir. Çünki, cavabdehlər ünvan 2 ünvanlanmış ərizələrdə onun barəsində bilərəkdən yalnış məlumat verməklə mövcud olmağını gizlətmiş və bu üsulla da, 07.12.2010-cu il tarixli, 2V/93 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə etmişlər. Tərəfindən faktiki qəbul edilmiş və sahibliyində olan miras qeyd edilən vərəsəlik şəhadətnaməyə əsasən 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə Güllübəyim Ağayevanın, 1/3 hissədə Cavabdeh2 adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabehlər bu cür qanuna zidd hərəkətləri ilə onun vərəsəlik haqqına girmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, o daim Sumqayıt şəhəri, Saray bağlar massivi, 3925 ünvandakı bağ evində yaşamış və təsərrüfat aparmışdır. Onun cavabdehlərin həmin bağ evinə dair vərəsəlik şəhadətnaməsi almaları barədə yalnız 2020-ci ilin noyabr ayında məlumatı olmuşdur. Bağ evində əvvəllər bir mərtəbəli şəraitsiz bir ev olmuşdur. Lakin, hazırda o, həmin torpaq sahəsində ev inşa etmişdir və həmin evdə yaşayır. Cavabdeh1 isə Masallı rayonunda yaşayıb. Qeyd edilənlər əsasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vaqif Əliyev məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mübahisəli bağ sahəsi 12 sotdur. 1990-cı ildə bütün ailə üzvləri həmin bağ sahəsindən istifadə ediblər. Qaraş Ağayev 2002-ci ildə vəfat edib. İddiaçı bağdan istifaəıdni bundan sonra da davam etdirib. Lakin, iddiaçıdan xəbərsiz 2010-cu ildı cavabdehlər notariat orqanına ərizə veriblər. Mirasın qəbul edilməsi müddəti keçdiyi üçün notarius vərəsəlik şəhadətnaməsi verə bilməzdi. Bu da işdə qanun pozuntusu olduğunu göstərir. Notariat orqanına ərizə verilərkən iddiaçının vərəsə olması gizlədilib. İddiaçının qanun üzrə vərəsə kimi hüquqları pozulub və ona çatası miras əmlakdan məhrum edilib. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, o Masallı rayonunda yaşamış, atası 2002-ci ildə rəhmətə getmiş, atası rəhmətə gedəndən sonra anası zəng edib ona baxmadıqlarını demiş, o da gedib anasına baxıb, qulluq etmişdir. Notariat kontoruna gedəndə anası gümrah olmuşdur. Notariat kontorunda anası məsləhət görüb ki, iddiaçının vərəsə olduğunu bildirməsinlər. Anası 2011-ci ildə vəfat etmişdir. O, Masallıda yaşamış və 2003-cü ildə Sumqayıt şəhərinə gəlmişdir. Anası notariusda ərizəyə özü imza edib. O, anasının əvəzinə imza etməyib. İşdə olan sənəd ola bilsin ki, saxtadır. İddiaçının vərəsəlik şəhadətnaməsi alınmasından məlumatı olub. Anası digər vərəsələrin notariusa bildirilməsini istəmirdi. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mübahisəli bağ evinə dair 2010-cu ildə vərəsəlik şəhadətnaməsi alınmasına baxmayaraq iddiaçı 10 ildən sonra məhkəməyə müraciət edib. Bununla da iddiaçı iddia müddətini ötürüb. İddiaçının vərəsəlik şəhadətnaməsinin alınmasından məlumatı olub. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o cavabdehin həyat yoldaşıdır. Cavabdeh2 əsəbi bir adam olduğu üçün onun adından həyata keçirilən bütün sənədləşmələrdə o şəxsən iştirak edib. 2010-cu ildə notariat orqanına gedərkən o da bütün proseslərdə iştirak edib. Notariat orqanında Cavabdeh2, Güllübəyim Ağayeva və Cavabdeh1 iştirak ediblər. Notariat orqanın müraciət edilməsindən iddiaçının heç bir məlumatı olmayıb. Cavabdeh1 anasının vəfatından təxminən 1 il əvvəl həmin bağ evinə gəlib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1962-ci ildə anadan olmuş, hazırda Masallı rayonu Səmidxan kəndində qeydiyyatdadır. Cavabdeh2 isə xx.xx.1975-ci ildə anadan olmuş, hazırda ünvan 4 ünvanında qeydiyyatdadır. 2v-93 saylı X9 vərəsəlik işinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 02.05.2002-ci ildə vəfat etmiş X8 miras qalmış əmlak Sumqayıt şəhəri, Saray bağlar massivi, 3925 ünvandakı 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24,68 kv.m olan 1 otaqdan ibarət bağ evindən ibarətdir. Notariat işində olan ərizələrdə Güllübəyim Ağayeva, Cavabdeh1 və Rəşad X7 miras əmlak üzərində paylarının müəyyən edilməsini xahiş etmişlər. Güllübəyim Ağayevanın adından ərizəni Cavabdeh1 imzalamışdır. Sumnqayıt şəhəri 2 saylı dövlət Notariat Kontorunun notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi, 3925 ünvandakı 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24,68 kv.m olan 1 otaqdan ibarət bağ evindən (bundan sonra – mübahisəli fərdi yaşayış evi) Cavabdeh1 1/3 hissədə, Güllübəyim Ağayeva 1/3 hissədə və Cavabdeh2 1/3 hissədə pay almalıdırlar. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 5 ünvanladığı 24 noyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt XDS İcariyyə Komitəsinin nəzdində olan bağ təsərrüfatı idarəsinin verdiyi “bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə” 02.09.1990-cı il tarixli, 262 nömrəli müqavilə əsasında Qaraş Ağayevin adına verilmiş mübahisəli fərdi yaşayış evi Sumqayıt şəhər 2 saylı dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 07.12.2010-cu il tarixli, 2V/93 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə Güllübəyim Ağayevanın, 1/3 hissədə Cavabdeh2 adına olmaqla paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 13.01.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 174209 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Güllübəyim Ağayeva 27.04.2011-ci ildə vəfat etmişdir. X3 məkəmə iclasında ifadə verərək bildirdi ki, o, iddiaçının və cavabdehlərin qardaşıdır. 1990-cı ildə valideynlərinin sağlığında atası onu və digər uşaqlarını çağıraraq mübahisəli evi aralarında bölmüş və torpaq sahəsi mərzlənmə üsulu ilə uşaqlar arasında bölünmüşdür. Cavabdehlərin notariat orqanına ərizə vermələri barədə onun məlumatı olmamışdır. Lakin, onda olan məlumata görə iddiaçının bu barədə məlumatı olub. Lakin, iddiaçıya kimin məlumat verdiyini bilmir. X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, iddiaçının həyat yoldaşıdır. Cavabdehlərin notariat orqanına müraciət etmələrindən nə onun, nə də iddiaçının heç bir məlumatı olmayıb. Yalnız 2020-ci ilin noyabr ayında iddiaçı bu barədə məlumt almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (1145). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır(1146). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (1159.1.1.). İşdən göründüyü kimi mübahisəli bağ evi iddiaçının və cavabdehlərin X20ə məxsus olmuş və Qaraş Ağayev 02.05.2002-ci ildə vəfat etmişdir. 2010-cu ildə isə cavabdehlər və Güllübəyim Ağayeva notariat orqanına müraciət edərək miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almış və həmin vərəsəlik şəhadətnaməsi əsasında onlara miras əmlak üzərində hər birinin payları 1/3 hissədə müəyyən olunmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı ona vərəsəlik şəhadətnaməsi alınarkən heç bir məlumat verilmədiyini və faktiki olaraq miras əmlakdan məhrum edildiyini bildirir. Mülki Məcəllədə göstərilmişdir ki, Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mübahisəli evdə yaşamış və bu günə qədər də həmin evdə yaşayır. Belə olan halda onun həmin miras əmlakı qəbul etməsi işin mübahisəsiz halıdır. Mülki Məcəlləyə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür (1274). Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar (1300). Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər (1301.1.). Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər (1301.2.). Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər (1301.3.). Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür (1318). İşdən göründüyü kimi cavabdehlər miras əmlaka dair vərəsəlik şəhadətnaməsi alınması üçün notariat orqanına ərizə verərkən iddiaçıya bu barədə məlumat verməmiş, notariat orqanına iddiaçının da vərəsə olması barədə bildirməmişlər. Qeyd edilən faktı Cavabdeh2 nümayəndəsi də təsdiq etmişdir. Notariat işinin materiallarında da notariusa bu barədə məlumat verilməsi, notarius tərəfindən Qaraş Ağayevin başqa vərəsələrinin olub-olmamasının müəyyən edilməsi üçün hər hansı araşdırmanın aparılması barədə heç bir sənəd yoxdur. Məhkəmə iclasında ifadə vermiş şahid Qəzənfər Ağayev öz ifadəsində cavabdehlərin və anaları Güllübəyim Ağayevanın notariat orqanına ərizə verməsi barədə məlumatının olmadığını bildirmiş, lakin bildiyinə görə iddiaçının bu barədə məlumatlı olduğunu qeyd etmişdir. Lakin, onun özünün bu barədə məlumatı olmadığı halda iddiaçının məlumatının olduğunu necə bilməsi barədə verilən suala cavab verə bilməmiş və ifadəsində ziddiyyət yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Qaraş Ağayevdən miras qalmış əmlka dair vərəsəlik şəhadətnaməsi alınarkən iddiaçıya heç bir məlumat verilməmiş, onun öz hüquqlarından istifadəsi üçün tədbir görülməmişdir. Belə olan halda iddiaçı qanun üzrə vərəsə olaraq miras əmlakdan ona çatası paydan məhrum edilmişdir. Bu səbəbdən iddia qismən təmin edilərək mübahisəli bağ evinə dair vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli, həmin vərəsəlik şəhadətnaməsinin yaratdığı hüquqi nəticələr ləğv edilməlidir. Bununla yanaşı iddiaçı özünün qanun üzrə vərəsə kimi tanınması və miras əmlakda payların müəyyən edilməsini tələb etsə də, iddia həmin hissələrdə tanına bilməz. Belə ki, iddiaçının Qaraş Ağayevin qanun üzrə vərəsəsi olması aydındır və bunun üçün məhkəmə qətnaməsinə ehtiyac yoxdur. Miras əmlak üzərində payların müəyyən edilməsi isə notariat orqanının səalhiyyətinə aid olan məsələdir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, Saray bağlar massivi, 3925 ünvanındakı 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,68 kv.m olan 1 otaqdan ibarət bağ evinə dair Sumqayıt şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 07.12.2010-cu il tarixli, 2V/93 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və daşınmaz əmlakın dövlət reyestrindən 13.01.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunsun. 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun 10 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar