Məhkəmə qərarları › İş №2(060)-3966/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3966/2023

15.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3966/2023 15.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə Qubadlı rayonu, Ulaşlı kəndində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən ünvan 2 ünvanına dair köhnə qaçqın borcunun silinməsi ilə bağlı dövlət tərəfindən göstəriş olduğunu və silmələrini tələb etsə də, bu günə kimi həmin borc silinməmişdir. Bu isə onun mənzil ilə bağlı bir sıra hüquqlarını həyata keçirməsinə mane olur. Belə ki, mənzili satmaq, bağışlamaq və sair digər hüquqları həyata keçirmək istədikdə həmin borcu ödəməli olur. Halbuki qaçqın borclarının silinməsi ilə bağlı yuxarıda da qeyd etdiyi kimi göstəriş vardır. Qeyd edir ki, hazırda borc 205 manat təşkil edir. Hazırda sayğac evin keçmiş sahibi X1 adına rəsmiləşdirilmişdir. Sayğacı öz adına rəsmiləşdirmək üçün cavabdehə müraciət etdikdə qaçqın borcunun olduğunu və həmin borcu ödədikdən sonra rəsmiləşdirmə apara biləcəklərini bildirmişlər. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmə araşdırması ilə 205 manat məbləğində qaçqın borcu silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən abone kodu **********01243 olan ünvan 2 ünvanına dair hesablanmış 205 manat məbləğində köhnə qaçqın borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Asan Xidmət Mərkəzinə müraciət etdiyi zaman evi mülkiyyətçinin adına rəsmiləşdirə bilmir. Bildirilir ki, 205 manat borcu vardır. Sayğacı adına keçirtmək istədikdə Asan Xidmət Mərkəzində bildirdilər ki, 205 manat borcu vardır. 146 manat bir, 59 manat da bir borcu olduğunu bildirmişlər. 05 iyul 2023-cü il tarixində məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh “Azərişıq» ASC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. "xxxx" ASC tərəfindən silinməsi tələb olunan məbləğ tələb olunmur və bu müddət ərzində də tələb olunmamışdır. Cavabdeh "xxxx" ASC-nə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Qubadlı rayonu, Ulaşlı kəndində xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Qubadlı rayonu, Ulaşlı kəndində qeydiyyatdadır. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********01243) Sumqayıt Şəhəri, 26-cı məhəllə, 26-cı məhəllə, ev(bina):0550, mənzil 1243 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, xx.xx.2017-ci il tarixinə 59.09 manat borc hesablanmışdır. xx.xx.2017-ci il tarixə 59.09 manat qaçqın borcu silinməsi (xx.xx.2016), xx.xx.2017-ci il tarixə isə 146 manat keçmişə doğru m-k sərfiyyatına görə borc hesablanmışdır. Azərbaycan Respublikası Qubadlı Rayonu İcra Hakimiyyəti başçısının Ulaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11-17/37 nömrəli, 22 may 2023-cü il tarixli arayışından görünür ki, Qubadlı Rayon Ulaşlı kənd sakini İddiaçı rayon ərazisi işğal olunduğu üçün məcburi köçkündür. Vətəndaş hal-hazırda Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər bağları məhəlləri, Həmrəylik küçəsi, ev 33-də müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi 59.09 manat məbləğində borcun hansı əsaslarla, iddiaçının qanunsuz hərəkəti nəticəsində yaranmasını sübuta yetirə bilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərkən, tələb edilmədiyini qeyd etmişdir. xx.xx.2017-ci ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 59.09 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcun ödənişi tələb olunmadığından, abonentə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının mübahisələndirdiyi 205 manat məbləğində borc barədə iddia tələbi qismən əsaslıdır. Belə ki, xx.xx.2017-ci il tarixdə 59.09 manat borc dondurulmuş, xx.xx.2017-ci il tarixdə keçmişə doğru limitdən artıq sərfiyyat ilə 146 manat borc hesablanmışdır. Bu səbəbdən də məhkəmə iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndində göstərilmişdir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatlan və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət-tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən iddia tələbi qismən təmin edilməli, iddiaçının abonent hesabında olan 59.09 manat borc silinməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 2 (Saldo üzrə: ünvan 3 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış hesablanmış 59.09 (əlli doqquz manat doqquz qəpik) manat borc abonentin hesabından (abonent kodu **********01243) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar