Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3976/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 qarşı «mirasın qəbul edilmə müddətinin bərpa edilməsi və miras kimi qəbul etmə faktının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi notariat ofisinə qarşı «mirasın qəbul edilmə müddətinin bərpa edilməsi və miras kimi qəbul etmə faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 vəfatından sonra qalmış Abşeron rayonu Ceyranbatan qəsəbəsi ünvanda yerləşən 0,058213 ha torpaq sahəsinin 0,034213 ha hissəsi üzərində tikilmiş fərdi yaşayış evinin miras kimi qəbul edilmə faktının müəyyən edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X6 ilə anası X7 ilə 12.11.1981-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan iki uşaqları olmuşdur. X5 29.11.1990-cı il tarixdə Qobustan rayonu Nabur kəndində, o isə xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası 29.05.2003-cü il tarixdə, anası isə X7 18.09.2020-ci il tarixdə Covid-19 virusundan vəfat etmişdir. Mərhum anası X8 12.04.2014-cü il tarixli 7E-13345 reyestr nömrəli etibarnamə ilə çıxış edən X11 ilə 06.05.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi bağlayaraq, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 0,058213 ha torpaq sahəsinin 0,034213 ha hissəsini almışdır. Qeyd edilən torpaq sahəsi anasının mülkiyyətinə keçmişdir. Sonradan onlar həmin torpaq sahəsində fərdi ev tikərək orada yaşamışlar. Qeyd edir ki, anası da rəhmətə gedən günə kimi orada yaşamışdır. Halhazırda isə özü orada yaşayır. Həmin evdə yaşadığına görə anasından qalan miras əmlakı faktiki qəbul etmiş sayılır. Hal-hazırda toyu ilə bağlı olaraq evi öz adına sənədləşdirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi notariat ofisinə vərəsəlik işinin açılmasına dair müraciət etmişdir. Notariat ofisinin 08.04.2021-ci il tarixli 963 saylı məktubu ilə mirasın faktiki qəbul edilməsinə dair heç bir yazılı sübut təqdim edilmədiyindən vərəsəlik işinin açılmasını mümkünsüz hesab etmişlər. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edir ki, ondan başqa vərəsə olan bacısı da əmlakın onun adına keçməsinə heç bir etirazı yoxdur. Himayəsində xəstə azyaşlı övladı olduğuna görə məhkəmədə iştirakı mümkünsüzdür. Qanun üzrə müəyyən olunmuş nümayəndəsi məhkəmədə çıxış edə bilər. Belə ki, qanunvericilikdə də qeyd olunmuşdur ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Belə ki, anasının ölümündən 6 ay müddət 18.03.2021-ci il tarixdə bitir. O da miras qalan əmlak olan fərdi evdə yaşaması ilə mirası faktiki qəbul etmiş olduğuna görə, həmin müddətdən bir neçə gün sonra müraciət etmişdir. Həmçinin qanunvericilikdə də qeyd olunmuşdur ki, müddət qurtardıqdan sonra əgər vərəsələr arasında razılıq varsa məhkəməyə müraciət edilmədən də, qəbul oluna bilər. Lakin bacısı və onun arasında razılıq olsa da, notarius yolu ilə bunu etmək mümkün olmamışdır. Ona görə də, müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, o, mərhum anasının vərəsəsidir, digər vərəsə ilə arasında heç bir mübahisə yoxdur, həmin əmlak onun mülkiyyətinə keçə bilər, həmin əmlak da faktiki olaraq ona məxsusdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, həmçinin məhkəməyə teleqram vuraraq, 18.09.2020-ci il tarixdə vəfat etmiş anası X2 irs qalmış əmlakdan mirasın ona çatası hissəsindən qardaşının xeyrinə imtina etdiyini göstərmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəməyə gələ bilməməsinin üzürlü səbəblərdən olduğunu qeyd etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi notariat ofisi məhkəməyə məktub göndərərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, mülki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nikahın bağlanması, doğum və ölüm haqqında şəhadətnamələrdən göründüyü kimi, Pirəliyeva (qızlıq soyadı Kərimova) Noğul Balaqardaş qızı ilə X6 arasında 12 sentyabr 1981-ci il tarixdə Şamaxı rayonu Nabur kənd sovetliyində 19 saylı akt qeydi ilə nikah bağlanmış, tərəflərin bu nikahdan xx.xx.1997-ci il tarixdə Rəşad və 29.11.1990-cı il tarixdə Röya adlı iki övladları doğulmuş, X6 29.05.2003cü il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş 06 may 2014-cü il tarixdə Sumqayıt «ASAN Xidmət» notariat kontorunda bağlanmış və təsdiq edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X9 etibarnamə üzrə nümayəndəsi X11 hüquqlarını təmsil etdiyi şəxsə məxsus olan Abşeron rayonu Ceyranbatan qəsəbəsi ünvanda yerləşən torpaq sahəsinin 0,034213 ha hissəsini X4 12.500 manata satmışdır. Alğı-satqı müqaviləsi bağlanandan sonra X3 adına torpaq sahəsinin bölgü eskizi tərtib edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, həmin torpaq sahəsinin üzərində X1 ev inşa edilmişdir. X7 oğlu İddiaçı ilə birlikdə həmin evdə yaşamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən göründüyü kimi, X7 18.09.2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinin 08 aprel 2021-ci il tarixli 963 saylı məktubundan görünür ki, İddiaçı X3 18.09.2020-ci il tarixdə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmasına dair müraciət etmişdir. İddiaçı bildirilmişdir ki, onun tərəfindən mirasın qəbulu müddəti dövründə ofisə ərizə ilə müraciət edilməmiş, həmçinin mirasın faktiki qəbul edilməsinə dair heç bir yazılı sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Mülki Məcəllənin 1246cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinin vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq edildi ki, İddiaçı anası X3 vəfatından sonra, anasından miras qalmış torpaq sahəsində, həmin torpaq sahəsində inşa edilmiş evdə yaşamaqla, həmin əmlaka faktiki olaraq sahiblik etməyə başlamış, miras əmlakı qəbul etmişdir. Bu səbəbdən, yəni, əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktik başladığından, həmçinin mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən, miras onun tərəfindən qəbul edilmiş sayılır. Digər vərəsə olan bacısı ona düşən paydan qardaşının – yəni, hazırkı iş üzrə iddiaçının xeyrinə imtina etmişdir, bu barədə notarial qaydada təsdiq edilmiş ərizə vermiş, həmçinin məhkəməyə eyni məzmunlu teleqram vurmuşdur. İddiaçının vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət etməsi üçün müddəti ötürməsi üzürlü səbəblərdən dolayı baş vermişdir və həmin müddət bərpa edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X3 vəfatından sonra miras qalmış Abşeron rayonu Ceyranbatan qəsəbəsi ünvanda yerləşən 0,034213 ha torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsi üzürlü hesab edilərək bərpa edilməlidir. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 vəfatından sonra miras qalmış Abşeron rayonu Ceyranbatan qəsəbəsi ünvanda yerləşən 0,034213 ha torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsi üzürlü hesab edilərək bərpa edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3976/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3976/2021
01.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver