Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-398/2022 26.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən tərtib olunmuş 28.07.2021-ci il tarixli akt əsasında ona məxsus olan Sumqayıt şəhəri, 18-ci mkr, ev 29”A”, mənzil 2-yə dair əsassız olaraq hesablanmış 319,62 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı onun oğludur. Sumqayıt şəhəri, 18-ci mkr, 29”A” nömrəli evin, 2 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı həmin mənzildə qeydiyyatdadır və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. 28.07.2021-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzilin elektrik sayğacına baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, mənzilin elektrik sayğacı əriyib. Ona görə də 28.07.2021-ci il tarixli akt tərtib olunmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, həmin aktın əsasında ona 319,62 manat məbləğində cərimə hesablanmışdır. Həmin aktı əsassızdır. Belə ki, sayğacda olan hər hansı bir texniki nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Cavabdeh ASC-nin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Bu istehlakçı olaraq iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Borcun silinməsi üçün dəfələrlə Cavabdeh ASC-yə müraciət edilsə də, iddiaçıya məhkəməyə müraciət etməsi bildirilmişdir. Həmçinin akt tərtib olunarkən iddiaçının iştirakı təmin olunmayıb. Bu da qanunverciliyin tələbinə ziddir. İddiaçı aktın tərtib olunmasından xəbərsiz olmuşdur. Göründüyü kimi Cavabdeh ASC”-nin əməkdaşları tərəfindən iddiaçının iştirakını təmin etmədən, heç bir hal şahidlərinin iştirakı olmaya-olmaya özlərinin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada akt tərtib edilmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, İddiaçı "xxxx" ASC-nə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, 28.07.2021-ci il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindın abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən Sayğacın giriş-çıxış qriflərinin əriməsi, sayğaca müdaxilə olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarının (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 28.07.2021-ci il tarixli, 223681 saylı akt əsasında 247,45 manat dəyərindi itirilmiş elektrik enerjisi bərpa edilmiş və aktın düzgünlüyü abonentin nümayəndəsi Nümayəndə1 tərəfindən öz imzası ilə təsdiq edilmişdir.İddiaçı isə ona məxsus mənzilə 319.62 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Qeyd olunan faktla bağlı daha da obyektiv araşdırma aparılması məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş və "Azərişıq” ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacın dövlət möhürü normal olması, üst qapağın sol qulaqcığı qırıq olması, üst qapağın üst tərəfi gövdədən aralanması, üst qapağın üst tərəf kənar hesab mexanizminin çarxları üzərində əzilmə izləri olması, faza sıxacları qızmadan zədələnib daxili kominutasiya naqilləri yanaraq qırılması, gövdəsi əriməsi müəyyən edilərək 13.08.2021-ci il tarixli, 225455 saylı protokolla təsdiq edilmişdir. İddiaçı X1 qaydalarını pozduğuna görə hesablanmış 28.07.2021-ci il tarixli akta əsasən hesablanmış 319.62 manat borcun silinməsinə dair iddia tələbinin əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikr, 29 saylı evin, 2 nömrəli mənzili İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 28.07.2021-ci il tarixli, 223681 saylı aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mkr, 29”A” nömrəli evin, 2 saylı mənzilinin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın giriş-çıxış qriflərinin əriməsi halı aşkar edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, **********01963 nömrəli abonentə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qeyd edilən akta əsasən 247.45 manat borc hesablanmışdır. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarına istinad edərək hesab edir ki, 28.07.2021-ci il tarixli, 223681 saylı akt əsasında hesablanmış 247.45 manat borc əsassız və qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 elektrik hesabat sayğacının üst qapağının sol qulaqcığının qırıq olması, üst qapağın üst tərəfinin gövdədən aralanması, üst qapağın üst tərəfin kənar hesab mexanizminin çarxlarının üzərində əzilmə izlərinin olması, faza sıxaclarının qızmadan zədələnib daxili kominutasiya naqillərinin yanaraq qırılmasının, gövdəsinin əriməsinin müəyyən edildiyini qeyd etsə də, bunların məhz iddiaçının (abonentin) təqsiri ucbatından baş verməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımadığından, 28.07.2021-ci il tarixli, 223681 saylı akt əsasında "xxxx" ASC tərəfindən X1yə görə itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış 247.45 manat borcun ödənilməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.3-cü bəndinə görə enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 28.07.2021-ci il tarixli, 223681 saylı akt əsasında Sumqayıt şəhəri, 18-ci mkr, 29”A” nömrəli evin, 2 saylı mənzilinə (Abunə kodu: **********01963) itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış 247.45 manat borc silinməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, 18-ci mkr, 29”A” nömrəli evin, 2 saylı mənzilinə (Abunə kodu: **********01963) itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış 247.45 (iki yüz qırx yeddi manat , qırx beş qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(060)-398/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-398/2022
26.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver