Məhkəmə qərarları › İş №2(060)-3985/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3985/2024

18.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3985/2024 18.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Şor məhəlləsi, ev 171-ə, **********00711 saylı abonent koduna akt ilə əsassız olaraq hesablanmış 1740,55 manat cərimə borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, Şor məhəlləsi, ev 171ə, **********00711 saylı abonent koduna akt ilə əsassız olaraq hesablanmış 1713,73 manat cərimə borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, o, illərdir ki, ünvan 1 ünvana dair elektrik enerjisindən istifadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri vaxtlıvaxtında etmiş və edir də. 06 may 2024-cü il tarixli akta görə ona 1740,55 manat məbləğində cərimə hesablanmışdır. Həmin aktda da qeyd olunur ki, holoqram kəsili vəziyyətdədir, sayğacın hansısa hissələri kəsili vəziyyətdədir və s. Gəlib yoxlama keçiriləndə də, sayğacı dəyişəndə də o, bildirmişdir ki, sayğacda hansısa problemin olduğunu onlarla bərabər bilmiş və öyrənmişdir. Sayğaca kimsə zərər vurubsa o da həmin şəxslərin araşdırılaraq tapılmasını və cəzalanmasını istəyir. Lakin sonradan onun xəbəri olmuşdur. Cavabdehin əməkdaşları ona aktla cərimə yazmışdır. Sayğac daima evdən kənarda yerləşib, hər kəsin müdaxilə edə biləcəyi bir yerdə və şəraitdə quraşdırılmış, onun gecə-gündüz həmin sayğaca nəzarət edə bilmə imkanı da yoxdur. Nə üçün belə olan halda qanunsuz akt, cərimə və borca görə o, bu gün əziyyət çəkməli və məsuliyyət daşımalıdır. Abonentin saldosundan görünür ki, ona elektrik enerjisindən istifadəyə görə qanunsuz olaraq akt üzrə 1740,55 manat borc hesablanmışdır.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cərimə məbləğinin necə hesablandığı, protokolun hansı əsasla tərtib olunması bəlli deyildir. Sayğaca müdaxilə olunduğu bildirilsə də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qeyd olunan hal sübut edilməmişdir. Belə ki, sübutetmə yükü "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Sayğac evdən kənarda yerləşir. Hər kəs müdaxilə edə bilər. Sayğacın qorunması "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətindədir. Əsassız cərimənin yazılması bir vətəndaş kimi İddiaçı hüquqlarını pozur. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında bildirdi ki, sayğaca müdaxilə olunmuş və sərfiyyatı qeyd etməmişdir. Buna görə də 1713,73 manat məbləğində borc hesablanmışdır. 8 ay müddətində hesabat aparılmamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sayğaca müdaxilə olunmuşdur. Akt tərtib olunduqdan sonra laboratoriyaya göndərilmişdir. İddiaçının inzibati məsuliyyətə cəlb olunması üçün hüquq mühafizə orqanlarına müraciət olunmamışdır. Aktın həqiqiliyi məhkəmə tərəfindən təsdiq olunsa müraciət olunacaqdır. Sonda məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tədqiq olunan sübutlar:

6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, NİM 002001 nömrəli aktda qeyd olunmuşdur ki, baxış aparılan zaman məlum olmuşdur ki, elektrik sayğacında müdaxilələri vardır, belə ki, sayğacın üst qapaq örtüyünün gövdəyə birləşmə hissələrində üst sol hissədə və yan hissələrdə, sağ yan hissəyə vurulmuş holoqram kəsili vəziyyətdədir, sayğacın alt qapaq möhürünün simi kəsik vəziyyətdədir, xx.xx.2023-cü il tarixdən elektrik sayğacının göstəricisi komputer məlumat bazasına 60771 olaraq təkrar daxil edilmiş, ölçmə zamanı xətdən yeni Psay=1 kvt, Pfan=1 kvt qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2x10 kv.mm aliminium Pqay=11 kvt təşkil edir.

7. Abunə haqqında çıxarışdan görünür ki, abonent İddiaçı elektrik enerjisindən istifadəyə görə 1713,73 manat məbləğində akt üzrə yaranmış borc hesablanmışdır.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın:

-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

11. 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu:

19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 06 may 2024-cü il tarixdə abonent kodu **********00711 olan İddiaçı xx.xx.2024cü il tarixli, NİM 002001 nömrəli akt tərtib olunmuş və həmin akta əsasən elektrin enerjisindən istifadəyə görə 1713,73 manat məbləğində borc yazılmışdır.

14. Qeyd edilən aktda elektrik enerjisindən istifadə qaydalarının pozulmasının əsası kimi elektrik sayğacında müdaxilələr olduğu, sayğacın üst qapaq örtüyünün gövdəyə birləşmə hissələrində üst sol hissədə və yan hissələrdə, sağ yan hissəyə vurulmuş holoqramın kəsili vəziyyətdə olduğu, sayğacın alt qapaq möhürünün siminin kəsik vəziyyətdə olduğu, xx.xx.2023-cü il tarixdən elektrik sayğacının göstəricisinin komputer məlumat bazasına 60771 olaraq təkrar daxil edildiyi, ölçmə zamanı xətdən yeni Psay=1 kvt, Pfan=1 kvt qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2x10 kv.mm aliminium Pqay=11 kvt təşkil etdiyi göstərilmişdir.

15. Beləliklə, cavabdeh fərdi yaşayış evinə məxsus elketrik sayğacına müdaxilə olunduğu, sayğacın üst qapaq örtüyünün gövdəyə birləşmə hissələrində üst sol hissədə və yan hissələrdə, sağ yan hissəyə vurulmuş holoqramın kəsili vəziyyətdə olduğu, sayğacın alt qapaq möhürünün siminin kəsik vəziyyətdə olduğu və bunun iddiaçı tərəfindən edildiyi qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan 1713,73 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.

16. 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

17. Göründüyü kimi qanunvericiliyin tələbinə görə istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

18. Hazırki işdə də cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə tərtib edilmiş NİM 002001 nömrəli akt əsasında borc hesablanmışdır ki, bununla bağlı tərəflər arasında yaranmış mübahisədə yuxarıda qeyd olunan Qanunun təsir dairəsinə düşür.

19. Beləliklə, məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsirli olması ilə bağlı həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı olmadığından ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilməz.

20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, NİM 002001 saylı akt əsasında elektrik enerjisindən istifadəyə görə hesablanmış 1713 (min yeddi yüz on üç) manat, 73 (yetmiş üç) qəpik məbləğində borc **********00711 saylı abunə hesabından silinməlidir.

Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, NİM 002001 saylı akt əsasında elektrik enerjisindən istifadəyə görə hesablanmış 1713 (min yeddi yüz on üç) manat, 73 (yetmiş üç) qəpik məbləğində borc **********00711 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 37 (otuz yeddi) manat, 13 (on üç) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar