Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4006/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, X3 katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 29 iyul 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 47B-də yerləşən ona məxsus olan evə, **********00257 abonent koduna akt ilə əsassız olaraq hesablanmış 1326,37 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvana dair elektrik enerjisindən istifadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri vaxtlı vaxtında edir. Ona məlum olmuşdur ki, yoxlama keçirilmiş, sayğac laborotoriyaya aparılmış və yoxlamada onun iştirakı təmin olunmamış, sayğacı ilə bağlı nə baş verdiyini görməyib, bilməyib, həqiqətən də hansısa bir zədələnmə olubmu, olubsa da, qüsur nədən ibarətdir və s. heç bir faktdan, haldan məlumatı olmamışdır və bundan sonra hansısa formada onun sayğacı ilə bağlı akt tərtib edilmiş və ona 1326,37 manat məbləğində cərimə hesablanmışdır. Abonentin saldosundan da göründüyü kimi akt üzrə hesablanmış işıq cərimə borcu 1326,37 manat təşkil edir. Ən əsas da məhkəmənin nəzərinə onu çatdırmaq istəyir ki, sayğac daima evdən kənarda yerləşib, hər kəsin müdaxilə edə biləcəyi bir yerdə və şəraitdə quraşdırılıb, onun gecə-gündüz həmin sayğaca nəzarət edə bilmə imkanı da yoxdur. Nə üçün o, belə olan halda qanunsuz akt, cərimə və borca görə bu gün əziyyət çəkməli və məsuliyyət daşımalıdır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı X4 iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri 16-mikrorayon ev 47 B-də yerləşən ona məxsus olan evə **********00257 abonent koduna akt ilə əsassız olaraq hesablanmış 1326.37 manat cərimə borcunun silinməsi silinməsi tələbinə dair" qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən iddiaçı X1 "Azərişıq” ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2024-cü il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğaca müdaxilə edilmişdir. Sayğacın üst qapağı gövdənin yuxarı hissəsindən aralı olması və sayğaca abonent tərəfindən müdaxilə edilməsi faktı aşkar olunmuşdur. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, NİM 001527 saylı akt əsasında 1336.37 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin abonetin nümayəndəsi X5 akta imza etmiş və aşkar edilmiş pozuntu faktını təsdiq etmişdir. Aktın qeyd hissəsində “sayğac çıxarılaraq labaratoriya şəraitində yoxlanılmağa göndərilsin.Sayğac yenisi ilə əvəz edilsin” qeydiyyatı aparılmışdır. xx.xx.2024-cü il tarixdə “sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 746243 saylı Protokola əsasən sayğaca labaratoriya şəraitində baxış keçirilmişdir. Baxış zamanı Sayğacın üst qapağı gövdənin yuxarı hissəsindən aralıdır. Sayğacın daxilinə baxış zamanı hesab mexanizminin üzərində cızıqlar aşkar olundu. Sayğac istismara yararsızdır. Sayğac 1.87 % xəta ilə işləyir. Akt tərtib edilən zaman pozuntu faktının video qeydiyyatı aparılmışdır. Bu da ona əsas verir ki, iddiaçı elektrik enerjisindən qanunsuz istifadə edib. Sayğac Abayeva.A abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçı aparılmış hesabatdan 50.79 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda 1285.58 manat məbləğində borcu qalmışdır. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.15-ci bəndinin tələblərinə uyğun olaraq abonenti qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq, 1336.37 manat məbləğində itirilmiş elektrik enerjisi dəyəri bərpa edilmişdir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Yuxarıda göstərilənləri və "EEİQ"-nı nəzərə alaraq, Azərbaycan Respublikası MMnin 425, 560.3.2, MPM-nin 77.1, 81,154.1 və 217.4 maddələrini rəhbər tutaraq, iddiaçı X2 Sumqayıt şəhəri 16-mikrorayon ev 47 B-də yerləşən ona məxsus olan evə **********00257 abonent koduna akt ilə əsassız olaraq hesablanmış 1326.37 manat cərimə borcunun silinməsi silinməsi tələbinə dair iddia tələbinin əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onun xəbəri olmadan işıq sayğacı dəyişdirilib. Halbuki sayğacda plomb qırılması və onun tərəfindən hər hansı bir kənar müdaxilə halı olmamışdır. Hesab edir ki, sayğacın üstündə plomb ola-ola ona hər hansı müdaxilə edilməsi mümkünsüzdür. Cavabdehin əməkdaşları sayğacı apardıqdan 2 gün sonra qaytarmış, daha sonra isə ona cərimə yazıldığını öyrənmişdir. Sayğac aparılarkən qardaşı həmin yerə gəlib və ona sadəcə sayğacın dəyişdirilməsiylə bağlı müqaviləyə qol çəkməli olduğu bildirilib. Onu da məhkmənin nəzərinə çatdırır ki, sayğac yaşadığı evin həyətindən kənarda yerləşir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş və sayğaca müdaxilə halı aşkar edilmişdir. Faktla əlaqədar akt tərtib edilmiş və X5 tərəfindən bu akta imza atılmışdır. Sayğaca laboratoriyada baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın üst qapağı gövdənin yuxarı hissəsindən aralıdır. Həmçinin, hesab mexanizmi üzərində cızıqlar da aşkar edilmişdir. Sayğac istismara yararsızdır. Sayğac aparıldıqdan sonra iddiaçıya müvəqqəti işıq verilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abunə haqqında invoisdən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 0190, mənzil 0257 ünvanına quraşdırılmış sayğaca əsasən 1326.37 manat borc yaranmışdır. İş materiallarında olan 001527 nömrəli xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 47B (ünvan 2 ünvanında fərdi yaşayış evinin elektrik sayğacının göstəricisinin komputer məlumat bazasıyla uyğun gəlmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 47B ünvanında fərdi yaşayış evinin elektrik sayğacının göstəricisinin komputer məlumat bazasıyla uyğun gəlmədiyi halı aşkar edilmiş, bununla əlaqədar həmin ünvana 1336.37 manat cərimə hesablanmış, həmin cərimənin hesablanması üçün əsas 001527 nömrəli xx.xx.2024-cü il tarixli aktdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 47B İddiaçı istifadəsindədir. Həmin ünvan "xxxx" ASC-də ünvan 4mışdır. "xxxx" ASC-nin əməkdaşları iddiaçıya məxsus evdə yoxlama aparan zamanı iddiaçının fərdi yaşayış evinin elektrik sayğacının göstəricisinin komputer məlumat bazasıyla uyğun gəlmədiyi müəyyən edərək 001527 nömrəli xx.xx.2024-cü il tarixli akt tərtib etmişdir. Həmin akta əsasən iddiaçıya 1336.37 manat borc hesablanmışdır. İddiaçı ərizəsində həmin məbləği 1326.37 manat məbləğində qeyd edərək, 1326.37 mamat borcun silinməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Belə ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 7.6-cı bəndinə görə. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.7-ci bəndinə görə bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. Həmin Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq abonent istifadə etdiyi elektrik enerji sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi, yəni iş üzrə cavabdeh olan "xxxx" İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan işıq sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı işıq sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini, bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən, yəni sayğacın göstəricisinin komputer məlumat bazasıyla uyğun gəlməməsində iddiaçının təqsirinin olmasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 47B (ünvan 2 ünvanına əsassız olaraq hesablanmış 1326.37 məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 47B (ünvan 2 ünvanına (abonent kodu:**********00257) hesablanmış 1326,37 (bir min üç yüz iyirmi altı manat otuz yeddi qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4006/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4006/2024
29.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver