Məhkəmə qərarları › İş №2(060)-402/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-402/2024

26.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-402/2024 26.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 3 azyaşlı uşaqları Şahin, Zümrüd və Nərminlə birlikdə 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 3 azyaşlı uşaqları Şahin, Zümrüd və Nərminlə birlikdə 10000 (on min) manat məbləğində kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 3 azyaşlı uşaqları Şahin, Zümrüd və Nərminlə birlikdə 12000 (on iki min) manat məbləğində kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 3 azyaşlı uşaqları Şahin, Zümrüd və Nərminlə birlikdə 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil ünvan 1-də yerləşməklə yaşayış sahəsi 39.6 kv.m. olan 3 otaqdan ibarətdir. Bu mənzil üzərində onun mülkiyyət hüquqları AR DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsində qeydə alınmış və iddiaçının adına xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarış da verilmişdir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə onun həyat yoldaşı və azyaşlı Şahin, Zümrüd və Nərmin isə onun övladlarıdır. Dəfələrlə cavabdehlərlə iddiaçı arasında mübahisələr baş verir, onların birgə yaşayışları mümkünsüzdür. Onu da qeyd edir ki, cavabdehlər mülkiyyətində olan bu mənzili banka girov qoyaraq 25000 ABŞ dolları məbləğində pul götürmüş, lakin həmin borcu ödəməmiş və nəticədə iddiaçı və bu mənzildə yaşayan digər yaşayışçılar bu mənzili itirmək qorxusu ilə qarşılaşmışlar. Bunun baş verməməsi üçün oğlu Natiq Əhmədov Cavabdeh1 20000 ABŞ dolları məbləğində kredit borcunu ödəmiş və lakin cavabdeh həmin pulu oğluna qaytarmamışdır. Cavabdehlər dəfələrlə bəyan etmişlər ki, onlar bu mənzilə köçürülməklə onlara mənzildə normal yaşamağa imkan verməyəcək və onların günlərini qara edəcəklər, bunun baş verməməsi üçün iddiaçı bu mənzili satıb onlara istədikləri məbləğdə pul verməlidir. Halbuki bu şəxslər 2011-ci ildən bu mənzili daimi olaraq tərk etmiş, köçmüş, müxtəlif ünvanlarda yaşamış və öz daimi yaşayış evlərini də sataraq hazırda bu mənzilə göz qoymuşlar. İddiaçı təqaüdçüdür, bu yaşında rahat sakit yaşamaq istəyir, cavabdehlər mənzili girov qoyub götürdükləri krediti ödəmədikləri və həmin kreditidə oğlu Natiqə ödətdirdikləri halda bu gün yenə də onları rahat buraxmır. Buna görə də iddiaçı hazırda cavabdehlərə 15000 manat kompensasiya ödəməyi məqsədəuyğun bilər, belə ki, bu tip mənzillərin aylıq kirayə haqqının 200 manat olmasını nəzərə götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil1 eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, onun yaşamağa başqa yeri yoxdur. Himayəsində 3 övladı var. Hazırda övladları təhsil alır. Onun imkanı yoxdur ki, başqa mənzilə köçsün. Övladı fərdi hazırlıqlara gedir, universitetə hazırlaşır. O, uşağının dərslərdən yayınmasını istəmir, uşağının hazırlaşması üçün nə qədər xərc çəkir. O, ailəsi qış fəslində həmin evdən çıxa bilməz. Eyni zamanda verilən kompensasiya ilə heç bir mənzil almaq mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehlər iddiaçının doğma oğlu və gəlinidir. Həmin ev cavabdehin atasının mülki olmuş, atası vəfat etdikdən sonra miras anasına keçmişdir. Cavabdehin həmin evə hüquqları doğulduğu andan yaranmışdır. Bu da 1986-cı ilə təsadüf edir. Hesab edir ki, bu mübahisə köhnə Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Məhz həmin məcəllənin 123-cü maddəsi əsas götürülməlidir. Mənzil anasına vəsiyyətnamə əsasında keçmişdir. Buna görədə hazırda iddiaçının cavabdehi mənzildən çıxarmaq hüququ yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 72, mənzil 22 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü Əhmədova Nərmin Namiq qızı ünvan 1-də qeydiyyatdadılar. İşə əlavə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-nin sakinləri G.Hümbətova, A.Kazımova və M.Hacıyeva 9-cu mikrorayon, ev 72, mənzil 22 qeydiyyatda olan Cavabdeh1 və h/y Cavabdeh2 və üç azyaşlı uşaqları ilə birlikdə bu ünvandan 2011-ci ildən köçüb və bu günə kimi həmin ünvanda yaşamadığını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC-nin “Yasamal'' filialı ilə Cavabdeh1 arasında 10 dekabr 2013-cü il tarixli № 10122013/124362 saylı kredit müqaviləsi bağlanaraq borcalana 60 (altmış) ay müddətinə, illik 26 (iyirmi altı) faiz ödəmək şərti ilə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasının təminatı kimi vətəndaş İddiaçı ilə 10 dekabr 2013-cü il tarixində № 10122013/124362 saylı ipoteka müqaviləsi bağlanaraq İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməmiş, dəfələrlə filial tərəfindən təklif olunan güzəştlərlə razılaşmamışdır. Bu səbəbdən yaranmış mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün Bank tərəfindən aidiyyatı üzrə Sumqayıt şəhər məhkəməsinə müraciət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-213/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)-3734/2022 saylı nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilindən oğlu Cavabdeh1 iddiaçının əvvəl verdiyi kompensasiya məbləği nəzərə alınmaqla mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılması barədə iddiasının təmin edilməməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilinə istifadə hüququnun tanınması, onu həmin mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)-3734/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin orta aylıq kirayə dəyəri 250 manat təşkil edir. Hazırda iddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və cavabdehlərin isə həmin mənzilə istifadə hüquqları vardır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. İddiaçı cavabdehlərə 15000 (on beş min) manat məbləğində kompensasiya verməklə mübahisəli mənzilə yaşayış (istifadə) hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3 azyaşlı uşaqları Şahin, Zümrüd və Nərminlə birlikdə 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 saylı mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılsınlar. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar