Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4033/2024 04.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Məhkəmə iclas katibi Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi, borcun nəqliyyat vasitəsinə yönəldilməsi, mümkün olmadığı təqdirdə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi, borcun nəqliyyat vasitəsinə yönəldilməsi, mümkün olmadığı təqdirdə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1400 manat məbləğində əsas borcun, 140 manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 121 manat pulun və ödənilmiş 36,61 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, tələbin “SYM Orbit İİİ 50cc” markalı, Boz rəngli, LXMAEA101LXA28865 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, həmin yönəldilmə nəticəsində əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun cavabdehlərdən İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Satıcı” İddiaçı MMC ilə Cavabdeh1 arasında 04/21 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə 3760 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı MMC ilə digər Cavabdeh2 arasında 04/21 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh2 “satıcı” İddiaçı MMC qarşısında “alıcı” Cavabdeh1 nisyə alğı-satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən “satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. Onlar tərəfindən Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli girov müqaviləsinə əsasən 2020-ci il istehsallı, “SYM Orbit İİİ 50cc” markalı, boz rəngli, LXMAEA101LXA2886b5an nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmişdir. Həmin Müqavilənin 4.2-ci və 4.3-cü maddələrinə əsasən “girov qoyan” öhdəliklərini yerinə yetirmədiyi təqdirdə nəqliyyat vasitəsinin təbii aşınması nəzərə alınaraq müvafiq günə müəyyənləşmiş qiymət həcmində “girov saxlayan”ın girov predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödənişi yönəltmək hüququ vardır. Belə ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcu 1400 (bir min dörd yüz) manat təşkil etməkdədir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən “alıcı” ödənişi gecikdirdiyi və ya ümumiyyətlə ödəmədiyi təqdirdə “satıcı”nın ilkin tələbi ilə nəqliyyat vasitəsini geri qaytarır və bununla bağlı “satıcı”ya vurulmuş ziyan məbləğini tam şəkildə ödəməlidir. Lakin onlar tərəfindən cavabdehlərə dəfələrlə alğı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şifahi qaydada və xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, bu günə qədər cavabdehlər ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadırlar. Əlavə olaraq bildirirlər ki, xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən müəyyən edilmiş müddət ərzində nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyi təqdirdə “alıcı” “satıcı”ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiyası ödəyir. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 8864 (səkkiz min səkkiz yüz altmış dörd) manat təşkil etsə də onlar tərəfindən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 10%-i həcmində, cəmi 140 manat dəbbə pulu tələb edilməkdədir. Gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 121 (bir yüz iyirmi bir) manat pul hesablanmışdır. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-471/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlər 1400 manat məbləğində əsas borcun, 140 manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 121 manat pulun və ödənilmiş 36,61 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, tələbin “SYM Orbit İİİ 50cc” markalı, Boz rəngli, LXMAEA101LXA28865 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, həmin yönəldilmə nəticəsində əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun cavabdehlərdən İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi X1 elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, şirkətin hüquqi işlər üzrə nümayəndəsi olmadığını nəzərə alaraq və bu halı üzrlü hesab edərək baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia üzrə tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «Satıcı» İddiaçı ilə «Alıcı» Cavabdeh1 arasında bağlanmış 04/21 nömrəli, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhviltəslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus əlaqədar texniki sənədləri servis kitabçası, zəmanət kitabçası və s.) “Aİıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə bu nəqliyyat vasitələrinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcı”ya tam ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 01 saylı əlavədən (alqı-satqı predmetini təşkil edən nəqliyyat vasitələrinin təhvil-təslim aktı) görünür ki, tərəflər arası bağlanılmış alqı-satqı müqaviləsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq “Satıcı” “SYM Orbit İİİ 50cc” markalı, Ağ rəngli, LXMAEA101LXA28865 ban nömrəli nəqliyyat vasitəsini və ona məxsus əlaqədar texniki sənədləri (servis kitabçası, zəmanət kitabçası və sair) “Alıcı”ya təhvil vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 01 saylı əlavədən (nəqliyyat vasitələrinin siyahısı, dəyəri və ödəniş qaydaları) görünür ki, nəqliyyat vasitəsinin ümumi dəyəri 3760 (üç min yeddi yüz altmış) manat təşkil edir. Nəqliyyat vasitəsi üçün ödənən ilkin ödəniş 1000 (bir min) manat təşkil edir. Hazırkı əlavənin 2-ci bəndində nəzərdə tutulmuş məbləğin 12 (on iki) ay müddətində hissə-hissə ödənilməsi nəzərdə tutulur. Nəqliyyat vasitələrinin dəyərinin hazırkı əlavəyə uyğun olaraq ödənilməməsi tərəflər arası bağlanılmış müqavilənin tələblərinə görə cərimə sanksiyasının hesablanması üçün əsasdır. (hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1% məbləğində). İş materiallarına əlavə edilmiş «Satıcı» İddiaçı ilə «Alıcı» Cavabdeh1 arasında bağlanmış 04/21 nömrəli, xx.xx.2021-ci il tarixli girov müqaviləsindən görünür ki, 01 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Girov qoyan”ın “Girov saxlayan” qarşısında öhdəliklərinin təminatı olaraq “Girov qoyan” əsas müqavilənin predmeti olan 2020-ci il istehsallı, “SYM Orbit İİİ 50cc” markalı, Ağ rəngli, LXMAEA101LXA28865 ban nömrəli nəqliyyat vasitəsini “Girov saxlayan”a girov kimi təqdim edir. Tərəflərin qarşılıqlı razılığı ilə girov predmeti 2760 (iki min yeddi yüz altmış) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04/21 nömrəli, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, “Zamin” “Alıcı”nın xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Satıcı” qarşısında üzərinə götürdüyü öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. “Zamin” “Satıcı” qarşısında “Alıcı”nın nisyə alqı- satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi səbəbindən “Satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş HM-30 saylı, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış 04/21 saylı, xx.xx.2021-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsinə əsasən 2020-ci il istehsallı, “SYM Xpro İİİ 125cc" markalı, LXMAEA101LXA28865 ban nömrəli 3760 manat məbləğində moped nəqliyyat vasitəsi Cavabdeh1 istifadəsinə vermişdir. Bu müddət ərzində Cavabdeh1 tərəfindən ümumilikdə 2360 (iki min üç yüz altmış) AZN məbləğində ödəniş edilmişdir. Beləliklə, Cavabdeh1 "Mopedo.AZ” MMC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 1400 (bir min dörd yüz) manat, cərimə borcu 25364,81 (iyirmi beş min üç yüz altmış dörd manat səksən bir qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% məbləğində borcu 1122,71 (bir min yüz iyirmi iki manat yetmiş bir qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş ləğv prosesində olan İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərdən İddiaçı MMC-yə olan borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə iddia ərizəsi üzrə tələb olunan əmlakların qiymətləndirilməsi məqsədi ilə ekspertiza təyin olunmuş və ekspertizanın keçirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış, iş üzrə mülki işin icraatı isə dayandırılmış, xx.xx.2024-cü il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 01 saylı məlumatı daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Həmin məlumatdan görünür ki, nəqliyyat vasitəsinə baxış keçirilməsinə şərait yaradılmadığından qiymətləndirilməsi mümkün olmamışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, “Satıcı” İddiaçı MMC ilə Cavabdeh1 arasında 04/21 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə 3760 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcıya” ödəməyi öhdəsinə götürmüş, həmçinin İddiaçı MMC ilə digər Cavabdeh2 arasında 04/21 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh2 “Satıcı” İddiaçı MMC qarşısında “Alıcı” Cavabdeh1 Nisyə Alqı-Satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən “Satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh1 arasında bağlanmış xx.xx.2021ci il tarixli Girov Müqaviləsinə əsasən 2020-ci il istehsallı, “SYM Orbit İİİ 50cc” markalı, ağ rəngli, LXMAEA101LXA28865 ban nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlər müqavilə üzrə üzərilərinə düşən öhdəliyi yerinə yetirməmişlər və xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin Nisyə alqı-satqı müqaviləsi üzrə MMC-yə 1400 (bir min dörd yüz) manat əsas borcu, 140 manat cərimə borcu və 121 manat gecikdirilmiş vaxt üçün illik 5% məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2.). Qanunvericiliyə əsasən zaminlik elə bir hüquq münasibətidir ki, buna görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik bir sıra xüsusiyyətlərlə xarakterizə olunur. Həmin xüsusiyyətlərindən biri odur ki, bu öhdəlik hüquq münasibətidir. Zaminlik üzrə münasibətlərdə üç kateqoriya subyekt (tərəf) - borclu, kreditor və zamin iştirak edir. Zamin borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda kreditor qarşısında əmlak məsuliyyəti daşıyır. Zaminlik özlüyündə aksessor (əlavə) törəmə öhdəlikdir. O, əsas öhdəlikdən asılıdır və əsas (təmin olunan) öhdəliyin icrasını təmin edən öhdəlikdir. Zaminlik öhdəliyinin yaranması əsas öhdəliyin əmələ gəlməsi ilə şərtlənir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh1 İddiaçı MMC ilə nisyə alqı-satqı müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən MMC qarşısında məsuliyyətcavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh2 da zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda İddiaçı MMC məhkəmə qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas 1400 manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin 140 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, nisyə alqı-satqı müqaviləsindən irəli gələn 1400 (bir min dörd yüz) manat əsas (qalıq) borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 140 manat borcu tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə iddia ərizəsinin “gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 121 (yüz iyirmi bir) manat məbləğində borcun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında nisyə alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə 12 ay müddətinə bağlanmış və müqaviləyə edilmiş 1 saylı əlavəyə əsasən son ödəniş tarixi xx.xx.2022-ci il tarixidir. İddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində pulun cavabdehlərdən tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, gecikməyə görə hesablanmış 121 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulması hissəsində də tələb əsaslıdır. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə həmçinin tələbin girov predmetinə yönəldilməsinə dair hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girov ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı alqı-satqı müqaviləsi üzrə tələbin girov ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 297-ci maddəsində də nəzərdə tutulduğu kimi girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, girov predmeti açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən borc ödənilməli, satışdan əldə olunan vəsaitdən artıq qalan hissəsi girov qoyana qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehlərdən ümumi qaydada tutulması” hissəsinə münasibət bildirirək qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, məhkəmə hazırki qətnamə ilə artıq borcun cavabdehlərdən tutulması məsələsinə hüquqi qiymət vermiş, borcun cavabdehlərdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Qətnamənin icrası təmin edilərkən satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə ümumi qaydada icra edilməsi icra proseduru çərçivəsində təmin edilməli olduğundan bu halın əlavə olaraq müəyyən edilməsinə heç bir zərurət yoxdur. Belə ki, Mülki Məcəllənin 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1., 63.1.1., 63.1.2. və 63.1.3. maddələrinə görə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan, 1621 manata uyğun olan dövlət rüsumu, yəni 36 manat 21 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1400 (bir min dörd yüz) manat məbləğində əsas borc, 100 (bir yüz) manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 121 (bir yüz iyirmi bir) manat pul, cəmi 1621 (bir min altı yüz iyirmi bir) manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma “SYM Orbit İİİ 50cc” markalı, Ağ rəngli, LXMAEA101LXA28865 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməli, nəqliyyat vasitəsi açıq hərracda satılmalı, satışından əldə ediləcək vəsait hesabına İddiaçı MMC-yə olan borc ödənilməli, satışdan əldə edilən məbləğ borc məbləğindən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1400 (bir min dörd yüz) manat məbləğində əsas borc, 100 (bir yüz) manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 121 (bir yüz iyirmi bir) manat pul, cəmi 1621 (bir min altı yüz iyirmi bir) manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma girov predmeti olan - “SYM Orbit İİİ 50cc” markalı, Ağ rəngli, LXMAEA101LXA28865 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilsin. “SYM Orbit İİİ 50cc” markalı, Ağ rəngli, LXMAEA101LXA28865 ban nömrəli nəqliyyat vasitəsi açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı MMC-yə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ borc məbləğindən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 36.21 (otuz altı manat iyirmi bir qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4033/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4033/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver