Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4037/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 04.03.2021-ci il tarixli, 211773 saylı aktın əsassız olduğu üçün etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, ona məxsus Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 39 saylı fərdi yaşayış evinə hesablanmış 356,05 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 39 saylı fərdi yaşayış evi faktiki olaraq onun istifadəsində və sahibliyindədir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 04.03.2021-ci ildə mənzilə xidmət göstərən sayğaca baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sayğaca müdaxilə olunmuşdur. Ona görə də 211773 saylı akt tərtib edilmişdir. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və elektrik sayğacına heç bir müdaxilə etməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 04.03.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən mənzilə məxsus 3 fazalı sayğacın C fazası axan yükü qeyd etməməsi, sayğacın üst örtüyü sol tərəfdən sərbəst halı aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı təsdiq edilmiş “X1 qaydaları”-nın 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 04.03.2021-ci il tarixli, 211773 saylı akt əsasında 356,05 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Ona görə də iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, akta əsasən 356,05 manat borc mövcuddur. - 04.03.2021-ci il tarixli, 211773 saylı akta əsasən, elektrik sayğacına baxış zamanı mənzilə məxsus 3 fazalı sayğacın C fazası axan yükü qeyd etməməsi, sayğacın üst örtüyü sol tərəfdən sərbəst halı aşkar edilmişdir. - 10.03.2021-ci il tarixli, 212986 saylı protokoldan görünür ki, sayğacın üst qapağının sol qulaqçığı qırılmışdır. Gövdənin sol yuxarı hissəsində, üst qapaqla birləşən tərəfdə əziklər var. Hesab mexanizmində rəqəmli çarxların dişlərində əziklər, qırıqlar var. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının yaşadığı Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 39 saylı fərdi yaşayış evinə 04.03.2021-ci il tarixli akta əsasən mənzilə məxsus 3 fazalı sayğacın C fazası axan yükü qeyd etməməsinə, sayğacın üst örtüyü sol tərəfdən sərbəst halına görə 356,05 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən X1yə görə itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış 356,05 manat borcun ödənilməsinə iddiaçı məsuliyyət daşımır. Qeyd edildiyi kimi sayğacların işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizat müəssisəsi daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 500 manatdan aşağı olduğu üçün qanunvericiliyin tələbinə əsasən 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 39 saylı fərdi yaşayış evi üzrə qeydiyyata alınmış **********00562 saylı abonent koduna hesablanmış 356,05 manat borc silinməli və iddianın verilməsinə görə 20 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 39 saylı fərdi yaşayış evi üzrə qeydiyyata alınmış **********00562 saylı abonent koduna hesablanmış 356,05 manat borc silinsin. İddianın verilməsinə görə 20 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4037/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4037/2021
01.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver