Məhkəmə qərarları › İş №2(060)-4043/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4043/2023

02.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4043/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sayğacın quraşdırılması tələbinə dair mülki işə 02 oktyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********00153 abunə kodlu, 18770233M66817 nömrəli sayğacı ünvan 1 ünvanında yerləşən 108 saylı evə quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1953-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdehin qanunsuz hərəkətləri ilə bağlıdır. Belə ki, 02 may 2016-cı il tarixdə mənzilə **********00153 abunə kodlu, 18770233M66817 nömrəli sayğac quraşdırılmışdır. Həmin sayğacın quraşdırılması üçün tərəfindən 700 (yeddi yüz) manat məbləğində pul ödənilmişdir. Müqavilə isə Sumqayıt 1 saylı “ASAN xidmət” mərkəzində bağlanmışdır. Cari ilin mart ayının 10-da "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin sayğac çıxarılaraq qonşuya quraşdırılmışdır. Bu hal ilə bağlı tərəfindən cavabdehə müraciət edilmiş, ona sayğacı yenidən gətirib quraşdıracaqlarını bildirmişdirlər. Lakin buna baxmayaraq artıq 2 aydan çoxdur ki, mənzilə sayğac quraşdırılmır, cavabdeh tərəfindən işığın verilməsi dayandırılmışdır. Hazırda müqavilə əsasında ona məxsus olan və onun adına rəsmiləşdirilən sayğac qonşunun istifadəsindədir. Bu nə dərəcədə düzgündür? 7 ildən sonra gəlib dəyirlər ki, bu sayğac qonşunundur. Əgər belə olsa qonşu 7 il ərzində hansı sayğacdan istifadə edib? Nəyə görə bu müddət ərzində nə ona, nə də hazırki iş üzrə cavabdehə hər hansı bir müraciət etməmişdir? Bununla bağlı “ASAN xidmət”ə müraciət etmiş, lakin oradan ona həmin sayğacdan imtina etdiyi halda yeni sayğac verə biləcəklərini bildirmişdirlər. Həmçinin cavabdeh tərəfindən ondan yeni sayğac quraşdırılması üçün pul tələb edilir. Nəyə görə o bu pulu ödəməlidir? Cavabdeh hansı əsasla, hansı qanunla onun qanuni sayğacını başqasının istifadəsinə verir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ərizə ilə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, yaşadıqları mənzilə sayğac qoyulması üçün 2016-cı ildə cavabdeh təşkilata müraciət ediblər. Nəticədə onlara sayğac kodunu adlarına keçirməli olduqlarını bildiriblər və onlar bu məsələni rəsmi qaydada həll etmişlər. Onun mənzilə qoşulan sayğacı 7 il müddətinə istifadə ediblər. Lakin 10 mart 2023-cü ildə cavabdeh təşkilatın əməkdaşları gizli şəkildə, onlara xəbərdarlıq etmədən həmin sayğacı söküblər və həmin sayğac qonşunun evinə quraşdırılıb. Bu məsələni aydınlaşdıran zaman cavabdeh onlara qonşu ilə birləşməyi təklif etmişdir. Bundan başqa onlara 168 manat ödəyəcəkləri təqdirdə yeni sayğac quraşdıracaqlarını bildirmişdilər. Halbuki onların mənzilinə vaxtilə sayğac quraşdırılması üçün 700 manat pul ödəyiblər. Hazırda atasının evinə elektrik enerjisi onun evindən çəkilmişdir. Əlavə olaraq bildirir ki, sözügedən sayğacın əvvəlki sahibi onun abunə kodunun atasının adına keçirlməsinə etiraz etməməsi barədə ərizə də mövcuddur. Həmin ərizəni o, avqust ayının 26-da “Asan Xidmət” mərkəzindən alıb. Həmin tarixə kimi belə bir ərizənin mövcudluğundan xəbərləri olmayıb. Onu da qeyd edir ki, cavabdeh təşkilat həmin sayğacın yenidən atasının evinə quraşdırılacağını bildirir. Lakin bugünədək sağyac quraşdırılmamışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Hesab edir ki, hazırki iddia tələbinə İnzibati Məhkəmədə baxılmalıdır. Belə ki, iddiaçı ona Azərişıq ASC tərəfindən hesablanmış borcun silinməsini deyil, mənzilinə sayğac quraşdırılmasını istəyir. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, üçüncü şəxs iddiaçının evinə yenidən sayğac quraşdırılması üçün rüsumu ödəməyə razıdır. Belə ki, həmin şəxs öz evi üçün müraciət edə bilmir, çünki evin çıxarışı yoxdur. Bundan başqa həmçinin iddiaçının evinin çoxdan elektrik enerjisi ilə təmin olunduğu barədə məlumatı var. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, məhkəmə mübahisənin məhkəmədənkənar həlli üçün tərəflərə vaxt versə də, o həmin əraziyə baxan sahə rəisi ilə əlaqə saxlamış, sayğacın bu gün sözügedən mənzilə quraşdırılacağı ona bildirilmişdir. Belə ki, sayğac Rafael Hüseynovun evindən çıxarılıb, lakin yüksəkliyə qalxan avadanlıq olmadığı üçün sayğac hələ ki, quraşdırılmamışdır. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs – X9 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh onlara sayğacın yandığını, buna görə də aparıb düzəldəcəklərini bildirsələr də, sayğacı gətirməmişdirlər. Daha sonra həmin sayğacın başqa evə quraşdırıldığını öyrənmişdirlər. Həmin ev də qonşusuna məxsusdur. əslində sayğac onlara məxsusdur. Sadəcə olaraq onlar uzun müddət xarici ölkədə olduqlarından sayğaclarının sökülməsindən məlumatsız olublar. Hazırda mübahisənin həlli üçün qarşı tərəfə yeni sayğacın dəyərini ödəməyə razıdırlar. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan **********576 nömrəli notarial qaydada verilmiş xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, X7 **********00153 nömrəli işıq abunə kodunun İddiaçı adına keçirilməsinə etiraz etməmişdir. İşdə olan abunə haqqında invoisdən görünür ki, ünvan 3 ünvanına elektrik enerjisindən istifadəyə gorə sonuncu dəfə sayğac dəyişdirilməsi xx.xx.2016-cı il tarixdə həyata keçirilmişdır. Sayğacın nömrəsi 18770233M66817-dir. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı yaşadığı mənzildə elektrik enerjisindən istifadəyə gorə sayğac quraşdırılması üçün "xxxx" ASC-yə müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 108 saylı ev İddiaçı istifadəsindədir. Sözügedən mənzilə elektrik enerjisindən istifadəyə gorə sonuncu dəfə sayğac dəyişdirilməsi xx.xx.2016-cı il tarixdə həyata keçirilmiş və mənzilə 18770233M66817 saylı sayğac quraşdırılmışdır. Lakin 2023-cü ilin mart ayında cavabdeh təşkilatın əməkdaşları tərəfindən onun xəbəri və razılığı olmadan İddiaçı mənzilinə quraşdırılmış 18770233M66817 saylı sayğac digər abonent X3 istifadəsində olan mənzilə quraşdırılmışdır. Bu hal işdə olan sübutlarla, tərəflərin izahatları, o cümlədən cavabdehin nümayəndəsinin izahatı ilə tam təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mənzilinə quraşdırılmış və 7 il müddətində onun istifadəsində olan sayğacın cavabdehin əməkdaşları tərəfindən heç bir əsas olmadan çıxarılması və başqa mənzilə quraşdırılması qanunvericiliyin tələblərinə ziddir və bir istehlakçı kimi İddiaçı hüquqlarını pozur. Bu səbəbdən iddia təmin edilməli, **********00153 abunə kodlu, 18770233M66817 nömrəli sayğac iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən 108 saylı evə quraşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) görə dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır (7.1). Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir (7.2). Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalıdır (7.3). Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. (7.4) Enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X2 Agentliyinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə dövlət elektroenergetika müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. Müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. müstəqil enerji istehsalçısı tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı müvafıq olaraq pozuntuya yol vermiş tərəfin vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, müstəqil enerji istehsalçısı tərəfindən müvafıq olaraq dövlət elektroenergetika müəssisəsinin, yaxud enerji təchizatı müəssisəsinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə müstəqil enerji istehsalçısı pozuntuya yol vermiş tərəfdən istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir.(7.5) AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə cavabdehin nümayəndəsinin hazırki işə inzibati məhkəmədə baxılmalı olması barədə etirazının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 N-li qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır”. Qeyd olunan qərarın hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırda tərəflər arasında su təchiatı ilə bağlı müqavilə olduğundan, beləliklə tərəflər müqavilə münasibətlərində olduğundan hazırki işə iddia icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 18770233M66817 nömrəli elektrik sayğacı cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən 108 saylı evə (abunə kodu: **********00153) quraşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 18770233M66817 nömrəli elektrik sayğacı cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən 108 saylı evə (abunə kodu: **********00153) quraşdırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar