Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4044/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı1, onun və iş üzrə digər İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Üçüncü şəxs X4 oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə və üçüncü şəxs X4 oğluna qarşı məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə və üçüncü şəxs X4 oğluna qarşı məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu B.Əhmədli tərəfindən 06 dekabr 2021-ci il tarixdə Muradov Əliheydər Xəsi oğlunun adına verilmiş "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1, onun və iş üzrə digər İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, nümayəndəsi olduğu İddiaçı1 Heybər qızı və İddiaçı2 tərəfindən “məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq 1 saylı Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu B.Əhmədli tərəfindən 06 dekabr 2021-ci il tarixdə X4 oğlunun adına verilmiş "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Lakin iddia ərizəsinin “xahiş edirəm” hissəsində texniki yanlışlığa yol verilərək “X4 oğlu” əvəzinə onun atası “Muradov Əliheydər Xəsi oğlu” qeyd edilmişdir. Bu səbədən yol verilmiş texniki səhvin düzəldilməsi məqsədi ilə ərizə ilə məhkəməyə müraciət edilməsini zəruri sayır. Sadalananlara əsaslanaraq iddia ərizəsinin “xahiş edirəm” hissəsində göstərilmiş “Muradov Əliheydər Xəsi oğlunun” sözlərinin “X4 oğlunun” sözləri kimi oxunmasını xahiş edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evi 06 oktyabr 1998-ci il tarixli vəsiyyətnamə əsasında mülkiyyət hüququ ilə ona məxsus olan Muradov Əliheydər Xəsi oğlu tərəfindən birinci iddiaçı olaraq İddiaçı1 vəsiyyət edilmişdir. 29 yanvar 2001-ci il tarixdə Muradov Əliheydər Xəsi oğlu vəfat etmişdir. Bundan sonra İddiaçı1 Sumqayıt şəhər 2 saylı DNK-da 10 sentyabr 2001-ci il tarixdə 2V2/87 nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Sumqayıt şəhər ləğv edilmiş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona- İddiaçı1 miras əmlakın 1/2 hissəsinə Qeydiyyat Vəsiqəsi verilmiş, 1/2 hissədə isə məcburi pay nəzərə alınmaqla açıq saxlanılmışdır. Belə ki, mübahisələndirlən mirasın mülkiyyətçisi olmuş Muradov Əliheydər Xəsi oğlunun övladlığa götürdüyü X4 oğlu uzun illərdir Azərbaycandan kənarda yaşadığından, vərəsə olaraq mirası qəbul etməmiş və mirasın qəbul edilməsi üçün ərizə ilə notariat orqanına müraciət etməmişdir. Muradov Əliheydər Xəsi oğlunun Azərbaycanda yaşamadığını və atası ölərkən belə dəfnə gəlmədiyini, eləcə də Muradov Əliheydər Xəsi oğlunun mülkiyətində olmuş Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evini tam şəkildə o, İddiaçı1 vəsiyyət etdiyini nəzərə alaraq, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qalmış əmlakın tam şəkildə mülkiyyətinə keçirilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2003-cü il tarixli, 2- 382 saylı qətnaməsi ilə iddia tələbi təmin edildikdən sonra mübahisəli fərdi yaşayış evi tam şəkildə onun mülkiyyəti kmi dövlət qeydiyyatına alınmışdır. Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanılmış 4Ə-1194 saylı,06 iyul 2018-ci il tarixli bağışlama müqaviləsi əsasında sözügedən fərdi yaşayış evi onun tərəfindən ikinci iddiaçı olaraq X3 bağışlanmış və onun adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək bu barədə 10 iyul 2018-ci il tarixli, ********** saylı Çıxarış verilmişdir. Lakin 2018-ci ildə üçüncü şəxs X4 oğlunun adından hərəkət edən qohumları Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2003-cü il tarixli, 2-382 saylı qətnaməsindən apelyasiya şikayəti verərək onu mübahisələndirmiş və məhkəmə proseslərinin nəticəsi olaraq həmin qətnamə ləğv edilərək iş üzrə icraat xitam verilmişdir. Hal-hazırda da adı çəkilən şəxsin adından iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və "Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanılmış 4Ə-1194 saylı, 06 iyul 2018-ci il tarixli bağışlanma müqaviləsinin qismən etibarsız sayılması, X2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 10 iyul 2018ci il tarlxli, ********** saylı Çıxarışın ləğvi xahiş edilmişdir. Adı çəkilən məhkəmə işinin gedişatında təqdim edilmiş sənədlərdən aydın olmuşdur ki, 1 saylı Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində Notariat ofısinin xüsusi notariusu B.Əhmədli tərəfindən mirasın açıldığı gündən 20 il keçdikdən sonra 06 dekabr 2021-ci il tarixdə Muradov Əliheydər Xəsi oğlunun adına "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamə verilmişdir. Halbuki, Muradov Əliheydər Xəsi oğlu nə qanunverciliklə müəyyən edilmiş müddətdə mirası qəbul etdiyinə dair notariat ofisinə ərizə verməmiş, nə də mübahisələndirilən miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlayaraq bununla da mirası qəbul etməmişdir. Yuxarıda qeyd etdiyi kimi, mübahisələndirilən miras əmlak olan fərdi yaşayış evi 2001-ci ildən onların faktiki istifadələrindədir və Muradov Əliheydər Xəsi oğlu bir gün belə həmin evdə yaşamamış, 30 ilə yaxındır ki, Azərbaycandan kənarda yaşamaqdadır. Notariat ofisi tərəfindən Muradov Əliheydər Xəsi oğlunun adına verilmiş "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamədən məlumatları olmamış və bu hal onlara hal-hazırda gedən məhkəmə prosesində məlum olmuşdur. Hesab edirlər ki, Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu B.Əhmədli tərəfindən mirasın açıldığı gündən 20 il keçdikdən sonra tamamilə qanunsuz olaraq mübahisələndirilən fərdi yaşayış evinə dair Muradov Əliheydər Xəsi oğlunun adına "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamə verilmişdir. Halbuki, yuxanda göstərdikləri kimi Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 1-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinə dair İddiaçı1 Sumqayıt şəhər 2 saylı DNK-da 10 sentyabr 2001-ci il tarixdə 2V2/87 nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnaməyə əsasən Sumqayıt şəhər ləğv edilmiş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı1 miras əmlakm 1/2 hissəsinə Qeydiyyat Vəsiqəsi verilmiş, 1/2 hissədə isə məcburi pay nəzərə alınmaqla açıq saxlanılmışdır. Belə olan halda notariat orqanında X5 oğlunun mərhum Muradov Əliheydər Xəsi oğlunun hüquq varisi olmasına baxmayaraq qanunvericiliklə müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etdiyinə dair məlumat mövcud idi və həmin müddətin ötürülməsindən xəbərdar idi. Təəssüf ki, notariat orqanında bu hal nəzərə alınmadan mübahisəli fərdi yaşayış evinə dair əsassız şəkildə vərəsəlik sənədləri tərtib olunmuşdur. Bütün bu halları nəzərə alaraq onlar pozulmuş hüquqlarının müdafiəsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Belə ki, X5 oğlunun mərhum Muradov Əliheydər Xəsi oğlunun adına şəhadətnamənin verilməsi üçün təkcə atasının qanun üzrə vərəsə sayılması kifayət etmir. Çünki mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1ci maddəsi mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsənin qəbul etməsini tələb edir. Həmin Məcəllənin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ‘"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ.İİİ.İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin 1 və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair" 19 fevral 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən,dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüqüqu itirir (Konstitusiya Məhkəməsainin ''G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı). Buna görə də iddiaçının hazırki iddianı verməyə subyektiv hüququ, onun mirası qəbul etməsindən asılıdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə mirasın qəbul edilməsinin iki üsulu müəyyən edilmişdir: 1. vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi; 2. əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Sadalananlardan da görünür ki, qanunvericiliyə əsasən vərəsənin miras qoyanın övladı, valideyni, əri (arvadı) olması onun adına vərəsəlik sənədinin verilməsi üçün kifayət deyildir. İşdə olan sənədlərdən də aydın olur ki, X4 oğlu mərhum atası Muradov Əliheydər Xəsi oğlunun hüquq varisi olmasına baxmayaraq qanunvericiliklə müəyyən edilmiş müddətdə mirası atası vəfat etdikdən sonrakı üç ay ərzində mirası qəbul etmək barədə notariat kontoruna ərizə verməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməyə başlamamışdır. Belə olan halda notariat orqanının onun adına vərəsəlik hüququna dair şəhadətnaməni qanunvericiliklə müəyyən edilmiş müddət bərpa edilmədən verməsi qanuni və əsaslı sayıla bilməz. Qeyd edilənlərə əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzilə dair ona 1998-ci ildə vəsiyyətnamə verilib. Əmisi ona qulluq edəcəyi təqdirdə evi ona verəcəyini bildirmişdi və belə də etmişdi. Əmisinin övladı olmayıb, üçüncü şəxs övladlığa götürülüb. 1997-ci ildə Tofikin anası, 2001-ci ildə isə atası rəhmətə getmişdir. Lakin Tofik onların heç birinin dəfnində iştirak etməyib. Tofik 30 il sonra vərəsəliklə bağlı mübahisə yaradır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və iş üzrə digər İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzilə dair digər ½ hissə məcburi pay kimi açıq qalıb. Üçüncü şəxs - Tofik Muradov həmin vaxt burada olmayıb, hətta atasının dəfn mərasimində də iştirak etməyib. İddiaçı1 mənzilə dair tam şəkildə mülkiyyət hüququ əldə edə biləcəyini hesab edib və bununla bağlı məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə qətnamə qəbul edilib. Sözügedən qətnamədən Tofik Muradov tərəfindən üçüncü şəxs qismində apellyasiya şikayəti verilib. Prosessual tələblərə riayət olunmadığı üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunub və həmin iş üzrə icraata xitam verilib. Məhkəmənin nəzərinə çatdırır ki, X7 Federasiyasında yaşayır, həmin vaxtdan miras əmlak üçüncü şəxs tərəfindən nə faktiki, nə də hüquqi olaraq qəbul edilməyib, bir sözlə şəxsin vərəsə olması üçün qanunda nəzərdə tutulan faktiki hərəkətlər yerinə yetirilməlidir. Bu gün belə sözügedən evdə iddiaçılar yaşayır. Bu məsələdə ən maraqlı hissə notariusun hərəkətidir. Belə ki, notarius belə olan halda müddətin ötməsi əsası ilə tərəfə imtina məktubu ünvanlayır. Lakin bu dəfə bilməyən səbəbdən şəxsə vərəsəlik şəhadətnaməsi verilib. Hazırda onlar məhz həmin şəhadətnamənin ləğvini istəyirlər. Belə ki, notarait orqanı müddətlə bağlı tələblərə riayət etmədən şəxsə vərəsəlik şəhadətnaməsi verib. Hesab edir ki, 20 il sonra əmlaka dair şəhadətnamə alınması düzgün deyil. Həmçinin ½ hissədə payın açıq qalması şəhadətnamə verilməsi üçün əsas deyil. Payın açıq qalması istənilən adamın istənilən vaxt onu qəbul edə biləcəyi mənasına gəlmir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, üçüncü şəxs qətnamədən apellyasiya şikayəti verəndə belə şəhadətnamə üçün müraciət etməmişdi, halbuki bununla bağlı hansısa məhdudiyyət yox idi. Apellyasiya şikayətinin təmin olunmasının səbəbi isə iddia tələbinin düzgün qoyulmaması idi. Tofik ilk dəfə 2018-ci il və ya 2019-cu ildə məsələni məhkəmə qaydasında mübahisələndirib. Birinci instansiya məhkəməsinin qərarı işə məhkəmədə baxılmalı olmadığından ləğv olunmuşdu. Məlum olduğu kimi hətta 3 ay müddət keçdikdən sonra Asan Xidmətin imtina etdiyi hallar olub, burada isə 20 il sonra şəhadətnamə verilib. Hesab edir ki, bu qədər il sonra şəhadətnamə verilməməli idi. Qanun üzrə vərəsə olmaq mirası qəbul etmək üçün müddət ötürülməsinə əhəmiyyət verilməməsi üçün əsas deyil. Onu da məhkəmənin nəzərinə çatdırır ki, əslində Tofik Muradovun şəxsi marağı yoxdur, qohumlar onun adından etibarnamə alaraq hərəkət edirlər. Onu da bildirir ki, Tofik Muradovun mənzilə qeydiyyatda qalması miras əmlakı faktiki qəbul etməsini ifadə etmir. Şəxsin miras əmlakda –mənzildə yaşaması həmin əmlakı qəbul etməsini bildirir. Bundan başqa şəxsin hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün sübyektiv hüququ vardır. Əmlak hazırda bölünməyib, tam paydadır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçıya mübahisəli mənzilə dair ½ hissədə qeydiyyat vəsiqəsi verilib. İddiaçı 2003-cü ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əmlakın tam mülkiyyətə keçməsini xahiş etmiş, onun iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Daha sonra birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası tərəfindən işdə yol verilmiş pozuntularla əlaqədar ləğv olunmuş, Ali Məhkəmə tərəfindən qəbul edilmiş qərarla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. ½ hissədə Tofik Muradovun mirasda payı var, məhkəmə qərarları ilə həmin hissədə onun hüquqları tanınıb. Məhkəmənin nəzərinə çatdırır ki, Tofik Muradov qətnamələrdən sonra mübahisəli mənzilə dair payı üzrə şəhadətnamə alıb. Xüsusilə qeyd edir ki, mərhumun birinci dərəcə vərəsəsi məhz Tofik Muradovdur. O, ömrü boyu Rusiya Federasiyasında olub, hadisələrin gedişindən xəbəri olmayıb. Baş verən hadisələrdən məlumatlı olduğu anda- 2018-ci ildə məhkəməyə müraciət edib. Qeyd edir ki, Tofik Muradov övladlığa götürülsə də, digər vərəsələrlə bərabər hüquqludur. Bundan başqa şəhadətnamənin ləğvi üçün müddət məsələsi əsas gətirilə bilməz, şəhadətnamənin alınmasında heç bir qanun pozuntusu yoxdur. İddiaçı tərəfin əsas məqsədi birinci dərəcə vərəsə kimi Tofik Muradovu miras əmlakdan məhrum etməkdir. Şəhadətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Mülkiyyət hüququ olan şəxsin şəhadətnamə alması tam qanunidir. İddiaçı ata sağ olanda Tofik Muradovu məcburi pay hüququndan məhrum edə bilərdi. Hesab edir ki, iddia tamamilə əsassızdır. Mülki Məcəlləyə əsasən miras üçün vərəsə yoxdursa, əmlak dövlət mülkiyyətinə keçir. Mərhumun başqa uşaqları yoxdur, yalnız Tofik Muradov var. Bu şəhadətnamənin ləğv edilməsi qarşı tərəfə nə qazandırdığı sual doğrurur. Şəhadətnamə ləğv olunacağı halda belə iddiaçı mübahisəli mənzili tam şəkildə mülkiyyətinə keçirə bilməyəcək. Bu səbəbdən hesab edir ki, əslində heç iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bundan başqa Tofiq Muradov mübahisəli mənzildə qeydiyyatdadır. Onun həmin mənzilə qeydiyyatda olması belə həmin əmlakın faktiki qəbul edilməsini bildirir. Tofik Muradov öz payına - 1/2 hissədə şəhadətnamə almış, qarşı tərəf öz paylarına münasibətdə heç şəhadətnamə də almamışdırlar. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi məhkəməyə məktub ünvanlayaraq işlərinin sıxlığı ilə əlaqədar işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını xahiş etmişdir Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evi Sumqayıt şəhər XMSİK-nin 13 nömrəli, 1954-cü il tarixli protokolu əsasında Muradov Əliheydər Xəsi oğlunun adına qeydə alınmışdır. İşdə olan AZ-İİ 025024 nömrəli tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Muradov Əliheydər Xəsi oğlu xx.xx.2001-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydində 216 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2001-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Muradov Əliheydər Xəsi oğlu Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evini İddiaçı1 vəsiyyət etmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evi İddiaçı1 tərəfindən İddiaçı2 bağışlanmışdır. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına 33 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X4 oğlu atası Muradov Əliheydər Xəsi oğlundan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin suətindən görünür ki, xx.xx.2001-ci ildə vəfat etmiş Muradov Əliheydər Xəsi oğlunun vərəsəsi X4 oğludur və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 12 may 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2001-ci ildə vəfat etmiş Muradov Əliheydər Xəsi oğlundan miras qalmış əmlaka dair vərəsəsi oğlu - X4 oğluna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci “Vərəsə mirasın açıldığı yer üzrə notariat ofısinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır.” maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə, 2V-1688 reyestr nömrəsi ilə təsdiq edilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 3723/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-382/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 3723/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-382/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə, Sumqayıt şəhəri, 11-ci məhəllə, 87/4 saylı evin tam şəkildə Sumqayıt şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı1 adına qeydə alınması, X6 oğlunun Sumqayıt şəhəri, 11-ci məhəllə, 87/4 saylı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin evdən pasprot qeydiyyatından çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-1411/2019 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3723/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən sxlanılmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1932/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış Sumqayıt şəhər 4 saylı notariat ofisində 4Ə-1194 nömrəli reyestrlə qeydə alınmış 06 iyul 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi qismən etibarsız hesab edilmiş, İddiaçı2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəlı gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Muradov Əliheydər Xəsi oğlu Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evini İddiaçı1 vəsiyyət etmiş, nəticədə İddiaçı1 mənzilin ½ hissəsinə xx.xx.2001-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qətnaməsi əsasında mübahisəli mənzilin digər ½ hissəsi də İddiaçı1 mülkiyyətinə verilmiş, X4 oğlunun şikayəti əsasında həmin qətnamə ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə X4 oğluna xx.xx.2001-ci ildə vəfat etmiş Muradov Əliheydər Xəsi oğlundan miras qalmış Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinin ½ hissəsinə dair məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçılar həmin şəhadətnaməni mübahisələndirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə üçüncü şəxs X4 oğlu Muradov Əliheydər Xəsi oğlunun birinci növbə vərəsəsidir. O, miras açıldığı vaxt vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul edilməsi barədə ərizə ilə müraciət etməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamışdır. Lakin o, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürərək miras açıldıqdan təxminən 20 il sonra - xx.xx.2021-ci il tarixdə mərhum atasından miras qalmış əmlaka şəhadətnamə almaq üçün notariat orqanına müraciət etmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 19 fevral 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir (Konstitusiya Məhkəməsainin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı). Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, hazırki halda cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi X4 oğluna mərhum Muradov Əliheydər Xəsi oğlunun ölümündən təxminən 20 il sonra - xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinin ½ hissəsinə dair məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuş, mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsinə əhəmiyyət verməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə X4 oğluna atası - xx.xx.2001-ci ildə vəfat etmiş Muradov Əliheydər Xəsi oğlundan miras qalmış əmlaka - Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinə dair verilmiş və 2V-1688 reyestr nömrəsi ilə təsdiq edilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməldir. Məhkəmə hesab edir ki, İddiaçı1 iddiası təmin edilsə də, İddiaçı2 iddiası təmin edilməməlidir. Belə ki, hazırda mübahisələndirilən şəhadətnamə mübahisəli mənzilin açıq qalan digər ½ hissəsinə verildiyindən məhkəmə hesab edir ki, İddiaçı2 həmin şəhadətnaməni mübahisələndirmək hüququna malik deyil. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə T.Muradovun miras əmlakda ½ hissədə pay hüququnun olmasının tanınması barədə iddia tələbinə etirazının dəlilləri ilə razılaşmır. Belə ki, nə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 3723/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının, nə də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-1411/2019 saylı qərarının məzmununda X4 oğlunun mübahisəli miras əmlaka vərəsəlik hüququnun olub-olmamasına hər hansı hüquqi qiymət verilməmiş, iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Göstərilənlərə məhkəmə hesab edir ki, İddiaçı1 iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bildiyindən iddia qismən təmin edilməli, 1 saylı Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu B.Əhmədli tərəfındən 06 dekabr 2021-ci il tarixdə X4 oğlunun adına verilmiş "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 1 saylı Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu B.Əhmədli tərəfındən 06 dekabr 2021-ci il tarixdə X4 oğlunun adına verilmiş "Məcburi paya vərəsəlik hüququ haqqında" Şəhadətnamə ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4044/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4044/2023
21.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver