Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4048/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş məzmununda ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin Ərizəçi Səyyad oğluna vəsiyyət edilməsi ifadə olunan vəsiyyətnamədə vəsiyyət edən şəxsin, yəni X1 ilə Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 106759 №-li ölüm haqqında şəhadətnamədə qeyd edilən xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş X2 ilə eyni şəxs olması, həmçinin həmin vəsiyyətnamədə vəsiyyət olunan Ərizəçi Səyyad oğlunun onunla eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul olunmasından imtina edilməlidir. AR MPM-nin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 307-ci maddəsindən görünür ki, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasına xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6.1-ci bəndində qeyd olunmuşdur ki, «Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.» Həmin Qərarın 6.2-ci bəndində qeyd olunmuşdur ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmamalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, həmin iddiaya görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, hüquqi faktın müəyyən edilməsi üçün müvafiq səlahiyyətli orqana müraciət edə, ona imtina edildikdə isə səlahiyyətli subyektin imtinasını inzibati qaydada mübahisələndirə bilər. Ərizəçiyə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4048/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4048/2023
01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver