Məhkəmə qərarları › İş №2(060)-4056/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4056/2021

14.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4056/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Ofisinə qarşı müddətin bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Ofisinə qarşı müddətin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, 02.07.1979-cu il tarixli nikah haqqında şəhadətnaməyə əsasən X6 onun həyat yoldaşı olmuşdur. Onun mərhum həyat yoldaşı R.Manafov 24.06.2019-cu il tarixində “mədənin bədxassəli yenitörəməsi” xəstəliyindən vəfat etmişdir. Mərhum R.Manafovun adına “xxxx” ASC-də pul məbləği, Sumqayıt Sənaye İnvestisiya X5 1000 AZN dəyərində adi adlı səhmi, “xxxx” ASC-də 49 ədəd adi adlı səhmi və Sumqayıt şəhəri, Yaşma Bağlar massivində 0,6 ha torpaq sahəsi vardır. O, hüquqi savadsızlığının səbəbindən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etmədiyindən qeyd olunan əmlakları vərəsəlik qaydasında adına rəsmiləşdirə bilməmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi Sumqayıt şəhəri, 1 saylı Notariat Ofisina mirası qəbul etmək üçün müraciət etmiş, lakin, mirasın qəbulu müddətini buraxdığından ona göndərilmiş 07.04.2021-ci il tarixli, №223 saylı məktuba əsasən bu barədə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Ona görə də o, məcburiyyət qarşısında qalaraq bu barədə Sumqayıt şəhər Məhkəməsinə müraciət etməklə 03.01.2016-cı il tarixində vəfat etmiş mərhum həyat yoldaşı X2 adına olan “xxxx” ASC-də pul məbləğinin, Sumqayıt Sənaye İnvestisiya X5 1000 AZN dəyərində adi adlı səhmin, “xxxx” ASC-də 49 ədəd adi adlı səhmin və Sumqayıt şəhəri, Yaşma Bağlar massivində 0,6 ha torpaq sahəsinə dair miras əmlakının qəbulu müddətinin buraxılmasının üzrlü hesab olunaraq, müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə, İddiaçı iddia tələbinin azaldılmasına dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə yenidən müraciət edərək, 24.06.2019-cu il tarixində vəfat etmiş mərhum həyat yoldaşı X3 məxsus Sumqayıt şəhəri, Yaşma Bağlar massivində yerləşən 0,6 ha torpaq sahəsinə dair miras əmlakı qəbulu müddətinin buraxılmasının üzrlü hesab olunaraq müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə yenidən müraciət edərək, ilkin vermiş olduğu iddia ərizəsində qeyd olunmuş, mərhum həyat yoldaşı X2 vəfat etmə tarixinin “03.01.2016-cı il” deyil, əslində 24.06.2019-cu il tarixində olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə 04.12.2020-ci il tarixli həkim müayinəsi aktının surətini təqdim edərək, mərhum həyat yoldaşının vəfatından sonra “COVİD-19” xəstəliyinə tutulduğunu, uzun müddət müalicə aldığını, bu səbəbdən də mirası qəbuletmə müddətini ötürdüyünü və hal-hazırda da ankoloji xəstəlikdən əziyyət çəkdiyini bildirərək, qeyd olunanları nəzərə alıb məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Ofisi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış 07.04.2021-ci il tarixli, №223 nömrəli məktubdan görünür ki, İddiaçı 24.06.2019-cu il tarixində vəfat etmiş həyat yoldaşı X2 ölümündən sonra miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığına görə ona miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 (üç) ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Notariat Haqqında Qanunun 40-cı maddəsinə əsasən ona vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilir və o, müvafiq qaydada doğum haqqında şəhadətnaməni əldə etməyi və miras əmlakın qəbulu üçün müddətin bərpası edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə olunur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ilə X4 arasında bağlanmış nikah 02.07.1979-cu il tarixində qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 24 iyun 2019-cu ildə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş №0992495 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Polad” B/Y 804 ünvanında yerləşən 0,6 ha torpaq sahəsi X2 adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş digər sənədlərdən müəyyən edildi ki, 2019-cu ildə vəfat etmiş X2 vəfatından sonra İddiaçı səhhətində yaranmış problemlərlə əlaqədar mərhum həyat yoldaşına məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Polad” B.Y 804 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin miras qismində verilməsi prosesinə həmin ərəfədə gedə bilməmişdir. İş materiallarına əlavə olunmuş “X9” MMC tərəfindən verilmiş həkim müayinəsi aktının surətindən də görünür ki, İddiaçı mirasın qəbul edilməsi üçün müddəti üzrlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mərhum həyat yoldaşı X1 miras qalmış Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Polad” B/Y 804 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinə dair mirasın qəbul edilmə müddəti uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mərhum həyat yoldaşı X1 miras qalmış Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Polad” B/Y 804 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinə dair mirasın qəbul edilmə müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar