Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-406/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə 03 mart 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-ə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, cavabdehlər Cavabdeh1 RabitəBank ASC-nin Sumqayıt Filialında xx.xx.2022 tarixdə N° AZ03RBTA**********944425072 nömrəli girov müqaviləsinin etibarsız hesab edilməsi, RabitəBank ASC-nin Sumqayıt Filialında saxlanılan ümumi dəyəri 3710 manat çəkisi 35 qram olan komplekt (1 ədəd boyunbağı, 1 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd qolbaq qızıl-ziynət əşyalarının) və 100 manat ödənilmiş dövlət rüsumunun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 qarşı cehiz əmlakları və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ona məxsus iddia ərizəsində qeyd etdiyi cehiz əmlaklarının, toy və nişan ərəfəsində hədiyyə şəklində ona verilmiş qızıl zinət əşyalarının və ya cehiz əmlaklarının dəyəri olan 13794 manat və qızıl-zinət əşyalarının dəyəri olan 14200 manat məbləğində pulun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-345/2022 saylı xx.xx.2022-ci il saylı qətnaməsi ilə 480 manat dəyərində 1 ədəd çəkisi 4.8 qram, 750 əyarlı, 1 karat 18 c briliyyant qaşlı nişan üzüyü, 3500 manat dəyərində 1 ədəd 750 əyarlı, 7 karat 20 c briliyyant qaşlı, çəkisi 35 qram olan komplekt (1 ədəd boyunbağı, 1 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd qolbaqdan ibarət), onlar olmadığı təqdirdə isə onların dəyərinin alınaraq ona verilməsi qət olunmuşdur. Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi icraya yönəlməsinə və könüllü icra edilməsi üçün vaxt verilməsinə baxmayaq icra vərəqəsi üzrə tələb olunan qızıl ziynət əşyalarını ona vermək əvəzinə onları gizlətmiş, hətta ona məxsus həmin qızıl-ziyət əşyalarını RabitəBank ASC-nin Sumqayıt Filialında xx.xx.2022 tarixdə AZ03RBTA**********944425072 nömrəli müqavilə ilə girov qoyaraq 2370 manat dəyərində pul vəsaitini kredit götürmüşdür. Cavabdeh qaytarılmalı olan qızıl zinət əşyalarını gizlədərək özgəninkiləşdirmək məqsədilə bu addımı atmışdır. O, öz konstitutsion hüquqlarının təmin edilməsi və bərpası eləcə də ədalətli qərar qəbul edilməsi və RabitəBank ASC-nin Sumqayıt Filialında xx.xx.2022-ci il tarixdə AZ03RBTA**********944425072 nömrəli girov müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsilə məhkəməyə müarciət etmək qərarına gəlmişdir. Göründüyü kimi, o girov müqaviləsində tərəf olmasa belə, ona qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə verilməli olan qızıl əşyalarını cavabdehlər tərəfindən pis niyyətlə, aldadılma nəticəsində bağlanan əqd əsasında ələ keçirilmişdir. Bu səbəbdən bu müqavilə onun hüquqlarına toxunduğundan həmin müqavilənin etibarsız hesab olunmasına dair tələb irəli sürə bilər. Yuxarıda qeyd etdiklərinə əsasən iddiaçılar iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 ASC məhkəməyə yazılı izahat verərək bildirmişdir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 ASC-nin “Sumqayıt” filialına qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 ASCnin “Sumqayıt” filialında bağlanmış xx.xx.2022 tarixdə N AZ03RBTA**********944425072 nömrəli girov müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ASC-nin “Sumqayıt” filialında saxlanılan ümumi dəyəri 3710 manat çəkisi 35 qram olan komplekt (1 ədəd boyunbağı, 1 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd qolbaq) qızıl-zinət əşyalarının və 100 manat ödənilmiş dövlət rüsumunun alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirlər ki, iddia əsassızdır və rədd olunmalıdır. Etibarsız hesab edilməsi iddia edilən girov müqaviləsi Cavabdeh1 Cavabdeh2 ASC qarşısındakı xx.xx.2022-ci il tarixli kredit öhdəliklərinin təminatı kimi ilk girov müqaviləsi üzrə sonrakı girovdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, Cavabdeh1 Cavabdeh2 ASC-nin “Sumqayıt” filialından bundan əvvəl kredit almış və eyni əşyaları bankın xeyrinə girov qoymuşdur. Belə ki, Cavabdeh1 Cavabdeh2 ASCnin “Sumqayıt” filialı ilə xx.xx.2021-ci il tarixdə, SULMB-05271 saylı kredit müqaviləsi bağlamış və qeyd olunan əşyalar həmin kredit öhdəlikləri üzrə girov qoyulmuşdur. Bu zaman İddiaçı ilə Cavabdeh1 rəsmi nikahda olmuşlar və İddiaçı nə banka, nə də ki, Cavabdeh1 qarşı hər hansı iradı və tələbi olmamışdır. Bununla yanaşı İddiaçı banka hər hansı bir yazılı məlumat verməmişdir. Məlumat üçün qeyd etmək istərdi ki, Cavabdeh1 verilən kredit sırf qızıl zinət əşyalarının girovu ilə verilən kredit olduğundan, girov qismində həmin qızıl zinət əşyaları girov qoyulmasaydı - Cavabdeh1 kredit verilməzdi. Sumqayıt Şəhər Məhkəməsinin İş N 2(060)-345/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi barədə məlumatları məhz bu iddia qaldırıldıqdan sonra onlara məlum olmuşdur. İddia ərizəsinə inansaq sözügedən qətnamə ilə 480 manat dəyərində 1 ədəd çəkisi 4.8 qram, 750 əyarlı, 1 karat 18 c briliyyant qaşlı nişan üzüyü, 3500 manat dəyərində 1 ədəd 750 əyarlı, 7 karat 20c brilliyant qaşlı, çəkisi 35 qram olan komplekt (1 ədəd boyunbağı, 1 ədəd üzük,2 ədəd sırğa, 1 ədəd qolbaqdan ibarətdir), onlar olmadığı təqdirdə isə onların dəyərinin alınaraq ona verilməsi qət olunmuşdur. Bu məhkəmə prosesi ikinci kredit verildikdən əvvəl olmuşdur və bu barədə onlara heç bir məlumat verilməmişdir, bundan əlavə iş üzrə onlarda girovda olan əşyalar barəsində mübahisə var idisə - bank işə cəlb edilməli idi - bu da edilməmişdir. Eyni zamanda Cavabdeh1 son məhkəmə prosesində bildirdi ki, ikinci kredit alınması barədə İddiaçı məlumatı var. Belə ki, ikinci kredit üzrə aldığı vəsaiti elə məhz İddiaçı, onun hesabına mədaxil etməklə vermişdir. Bu barədə o məhkəməyə müvafiq qəbzi də təqdim etmişdir. Eyni zamanda bildirmişdir ki, ikinci kredit vəsaitini İddiaçı uşaqlarına aliment borcunu ödəmək üçün almışdır. Belə ki, kreditin bir hissəsi ilk kredit borcunun ödənilməsinə, yerdə qalan 1800 manat aliment ödənişi kimi İddiaçı hesabına mədaxil edilmişdir. Bununla da, İddiaçı Cavabdeh1 kredit öhdəlikləri barədə məlumatının olması bir daha işdə olan materialları və Cavabdeh1 izahatı ilə də təsdiq olunur. Belə çıxır ki, İddiaçı yuxarıda qeyd edilən məhkəmə prosesi və məhkəmə qətnaməsi barədə banka məlumat verməmiş, Cavabdeh1 sonrakı girov müqaviləsi ilə həmin əşyaları təkrar girov qoymaqla kredit alıb iddiaçıya verdikdən sonra banka qarşı iddia qaldırmışdır. Ailə Məcəlləsinin 33.2-ci maddəsiniə görə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Yəni, ilk kredit və ilk girov müqaviləsi üzrə məlumatı var idi iddiaçının və o zaman onların nikahı pozulmamışdı, nikah pozulduqda məhkəmə prosesi zamanı bankı iş üzrə cəlb edilməsi üçün tədbir görməmişdir, əmlak bölgüsü zamanı bankı yenə də işə cəlb edilməsi üçün tədbir görməmişdir, hətta qətnamə çıxdıqdan da sonra məlumat verməmişdir, sonrakı kredit üzrə vəsaitin bir hissəsi əvvəlki kredit öhdəliyinin ödənilməsinə yönəlməsini, habelə yerdə qalan 1800 manatın aliment ödənişi kimi onun hesabına mədaxil olması - şərtsiz sübut edir və deməyə əsas verir ki, İddiaçı sonrakı girov barədə məlumatı olmuş və onun bağlanmasına etiraz etməmişdir. Mülki Məcəllənin 282.1-ci maddəsinə görə girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər. Mülki Məcəllənin 282.2-ci maddəsinə əsasən sonrakı girova onun əvvəlki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol verilir. Qətnamənin nəticə hissəsindən də görünür ki, ya əşyalar, bu mümkün olmadıqda isə onun dəyəri qaytarılmalıdır. Məhkəmə prosesində iştirak edən Cavabdeh1 da bildirdi ki, qızılların dəyərini ödəyəcəkdir və yaxud krediti tam bağladıqdan sonra əşyaları iddiaçıya verəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyamn mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Bundan əlavə Mülki Məcəllənin 290.2.-ci maddəsinə görə girov predmeti olan əşya tutmanın ona yönəldilməsi və ya cinayət törətmək üstündə sanksiya şəklində girov qoyandan qanunla müəyyənləşdirilmiş qaydada alındıqda girov saxlayan həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Mülki Məcəllənin 337.1 .-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunvericilikdə (Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı, Maddə 341. Qeyri-ciddi əqdin etibarsızlığı. Maddə 342. Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Maddə 343. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Maddə 344. On dörd yaşı tamam olmamış yetkinlik yaşma çatmayanın bağladığı əqdin etibarsızlığı, Maddə 345. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Maddə 346. Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Maddə 347. Vacib əhəmiyyətli yamlmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) kimi əqdlərin etibarsızlığının əsasları mövcuddur. İddiaçı iddia ərizəsində hansı əsasa istinad etməsini göstərməyib. Bundan əlavə SULMB- 06779 nömrəli, xx.xx.2022-ci il tarixli „Saxlanc girovu haqqında“ bağlanmış müqavilənin 1.4cü bəndinə görə, «GİROV SAXLAYAN» girov qoyulan qızıl-zinət əşyaları ilə bağlı üçüncü şəxslərin, habelə dövlət və digər orqanların tələbləri üzrə heç bir məsuliyyət daşımır. Müqavilənin 1.2.-ci bəndinə görə, 1.2. Bu müqaviləyə əsasən «GİROV QOYAN» müqavilənin 1.1. bəndində göstərilən müqavilə öhdəliklərini icra etmədiyi hallarda «GİROV SAXLAYAN» girov qoyulmuş əşyanın dəyərindən təminat almaq hüququna malikdir. Bu səbəbdən girov predmetinə həbs qoyulması kreditin qaytarılmadığı təqdirdə tutma yönəldilməsini çətinləşdirə bilər. Müqavilənin 2.3.3.-cü maddəsinə əsasən Bankın Girovun predmetinə tutma yönəldilərkən onu öz mülahizəsinə görə açıq hərracda satmaq üçün ixtisaslaşdırılmış təşkilatlara təqdim etmək və ya məhkəmədən kənar qaydada açıq bazarda satmaq hüququ var. „Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunun 5.5-ci maddəsinə əsasən yüklülük predmeti üzərində sahiblik hüququnun əldə edilməsi nağd pul vəsaitlərinə, zinət əşyalarına, dövlət qeydiyyatına alınmalı olmayan qiymətli kağızlara, anbar şəhadətnaməsi, konosamentlərinə tətbiq olunur və qanuna və ya müqavilə şərtlərinə görə yüklülük predmeti üzərində sahiblik hüququnun yüklülük sahibinə faktiki verildiyi (yüklülük predmeti üzərində faktiki sahibliyin əldə edilməsi) hallarda yaranır. Göründüyü kimi, yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, iddiaçının iddia tələbləri əsassızdır və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən İddiaçı Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Rabitəbank ASC tərəfindən məhkəməyə göndərilmiş izahatda yazılır ki, Cavabdeh1la bank birinci kredit müqaviləsi imzalanan vaxt yəni ki xx.xx.2021-ci il tarixdə M.Aytəkin və Ə.Eİnur nikahda olmuşlar və M.Aytəkin nə banka, nə Ə.Eİnura qarşı hər hansi iradı və tələbi olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-345/2022 nömrəli, xx.xx.2022-ci it tarixli qətnaməsində də qeyd olunduğu kimi cehiz əmlakları və qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı 10 yanvar 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh Əsədov Flnur Vəkil oğlu iddia tələbinə dair izahat verərkən qızılların –komplekti ( bank qəbul etmədiyinə görə sepsiz) banka girov qoyulmasına onun razılığının olmadığını etiraf etmişdir. Qızıllarının Cavabdeh1 tərəfindən banka qoyulduğunu nikahılarının ləğv olunması üçün məhkəməyə iddia ərizəsi verdikdən sonra, 2021-ci ilin iyun ayında qardaşının evinə (onu və uşaqları atıb getdiyi ev) Cavabdeh1 anası Qənirə yanında gələn Kəsirə adlı qadın Elnurun bacısının həyat yoldaşı Pərviz gəlib deyəndən sonra xəbəri olmuşdur. Soruşmaqlarına baxmayaraq hansı banka qoyulduğunu deməmişlər. Qızıllarının məhz Rabitəbank ASC-yə girov qoyulduğunu xx.xx.2022-ci ildə Cavabdeh1 qızılların banka girov qoyulması barədə sənədləri məhkəməyə təqdim etdikdən sonra bilmişdir. Rabitəbank ASC izahatında deyir ki, M.Aytəkin banka hər hansı yazılı məlumat verməmişdir. Rabitəbank ASC-nin bu qeydi də yalandır, həqiqəti əks etdirmir. Sübut olaraq, Azərpoçt MMC-nin onun Rabitəbank ASC Sumqayıt filialına göndərdiyi məktubun məxaric qəbzinin və xx.xx.2022 tarixində saat 12:50-də təyinatı üzrə çatdırılmasını təsdiq edən teleqramın bir nüsxəsini hazırda yazdığı ərizəyə əlavə etmişdir. O, Rabitəbank ASC-yə ünvanlanmış məktubunu çatdırmaq üçün xx.xx.2022-ci il tarixdə saat 12:50-də Rabitəbank ASC-nin Sumqayıt şəhər, S.Vurğun küç, 102-də yerləşən Sumqayıt fılialına Azərpoçtun əməkdaşı və qardaşı ilə birlikdə getmişdir. Həmin məktubda Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-64/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı əks olunmuşdur. Qərardada əsasən hazırkı məhkəmədə sözügedən qızıl-zinət əşyalarının üzərinə 1 ay müddətinə, 11 noyabr 2022-ci il tarixədək həbs qoyulması qərara alınmışdır. Rabitəbank ASC-nin əməkdaşı məktubu təhvil aldıqdan sonra o həmin əməkdaşa yaxınİaşmış, o da onu Rabitəbankın digər xanım əməkdaşına yönləndirmişdir. Həmin xanım əməkdaşdan 2-ci kredit müqaviləsində girov qoyulan qızıllar barədə məlumat almaq istədikdə isə, ona bu barədə heç bir məlumat verə bilməyəcəyini dedi. Ondan sonra eyni məzmunlu məktubu Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəis müavini Anar Həsənov da göndərmişdir. Buna baxmayaraq Rabitəbank ASC-dən heç bir əməkdaş onunla əlaqə saxlamamış, işin aydınlanması üçün heç bir addım atmamışdır. Rəis müavini Anar Həsənova müştəri Cavabdeh1 adına olan girova xx.xx.2022-ci il tarixinə kimi həbs qoyulması barədə məktub göndərilmişdir. Bildirir ki, eyni izahatında Rabitəbank ASC artıq Sumqayıt Şəhər Məhkəməsinin Cehiz əmlakları və qızıl zinət əşyaları ilə bağlı xx.xx.2022-ci il qətnaməsindən məlumatı olmasını qeyd etməsinə baxmayaraq, bu qətnaməyə əsaslanıb yazdıqlarını iddia ərizəsinə inanılsa sözügedən qətnamə ilə 480 manat dəyərində 1 ədəd çəkisi 4.8 qram, 750 əyarlı 1 karat 18 c briliyyant qaşlı nişan üzüyü, 3500 manat dəyərində 1 ədəd 750 əyarlı,7 karat 20 c briliyyant qaşlı,çəkisi 35 qram olan komplekt (1 ədəd boyunbağı, 1 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd qolbaqdan ibarətdir), onlar olmadığı təqdirdə isə onların dəyəri alınaraq ona verilması qət olunmuşdur."şəklində yazmışdır. Qeyd edir ki, sözügedən qətnamə ilə Cavabdeh1 ya qızıllarının özünü, ya da dəyərini verməlidir. Qətnamə xx.xx.2022-ci ildə qəbul olunmuşdr. xx.xx.2022-ci il tarixdə cehiz əmlaklarını və qızıl zinət əşyalarını Cavabdeh1 təhvil almaq üçün iş üzrə icraçılarla birlikdə Sumqayıt şəhər, məhəllə 41A, ev 2a, mənzil 26-ya getdilər. Həmin vaxt Cavabdeh1 qızıl- zinət əşyalarının nə özünü, nə də dəyərini pulla vermədi: dedi ki, qızıllar bankdadır. O, xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər İcra İdarəsinin rəis müavini Anar Həsənova yazılı ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tərəfındən qızıllarının ona verilmədiyini bildirərək, bu barədə qanunamüvafıq tədbirlər görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə qızıllarının nə özünü, nə də dəyərini vermədiyi üçün Sumqayıt Şəhər Məhkəməsində 3(060)-2715/2022 nömrəli iş üzrə Cavabdeh1 haqda inzibati xətalar haqqında iş aparılmışdır, inzibati tənbeh tətbiq edilmişdir. Həmin məhkəmədə Ə.Elnur özü etiraf etmişdir ki. xx.xx.2022-ci il tarixdə RabitəBank ASC ilə imzaladığı 2-ci kredit müqaviləsində girov qoyduğu qızıllar M.Aytəkinin qızıllarıdır. 2-ci kredit müqaviləsindəki qızılların ona aid olmasından əmin olduqdan sonra, xx.xx.2022-ci il tarixdəki 2-ci kredit müqaviləsinin ləğvi üçün məhkəməyə müraciət etdi. Qeyd edir ki, o məhkəməyə müraciət edərək 2-ci kredit müqaviləsinin ləğv edilib Rabitəbank ASC-yə Ə.Elnur tərəfındən girov qoyulmuş olan qızıllarının ona təhvil verilməsini istəyir. Ona yazılı məlumat verməliydiniz deyən bank isə 2-ci kredit müqaviləsi haqqında yekun məhkəmə aktı çıxana kimi bankda olan qızıllarının üzərinə həbs qoyulması barədə qərardaddan şikayət etmiş, ümumiyyətlə isə öz izahatında 2-ci kredit müqaviləsinin ləğvi üçün təqdim etdiyi iddia ərizəsinin təmin olunmamasını istəyir. Rabitəbank izahatında yazıb ki, məhkəmə iclasında Ə.Eİnur deyib ki, 2-ci krediti götürüb uşaqlara aliment verib. Bundan sonra o, 2-ci kreditin ləğvi üçün məhkəməyə müraciət edib. Ə.Elnur ilə olan nikahları xx.xx.2021-ci ildə ləğv olunmuşdur. xx.xx.2022-ci il tarixdə sözügedən qızılların ona məxsus olduğunu təsdiq edən, ya özünün ya da dəyərinin ona verilməsini qət edən qətnamə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə isə Ə.Elnur ona məxsus qızılları girov qoyaraq Rabitəbank ASC ilə 2-ci kredit müqaviləsi imzalamışdır. Aydındır ki, sözügedən qızılların mülkiyyətçisi sahibi o, olduğuna görə həmin qızılları yalnız onun banka girov qoya bilmək hüququ var. O, başqasının evini, malını, mülkünü hər hansı banka girov qoya bilməyəcəyi kimi, Ə.Elnurun da onun qızıllarını banka girov qoymağa ixtiyarı yoxdur. Qeyd edir ki, Ə.Elnur qızıllarını ona təhvil verməmək üçün qərəzli şəkildə 2-ci kredit müqaviləsini imzalamışdır. Rabitəbank ASC izahatında yazır ki, iddiaçı M.Aytəkin sonrakı girov barədə məlumatı olmuş və onun bağlanmasına etiraz etməmişdir. Rabitəbankın bu fikri də ümumiyyətlə əsassızdır. 1-ci kredit müqaviləsində olduğu kimi, 2-ci kredit müqaviləsində də Rabitəbank ASC ilə Ə.Elnur arasında müqavilə imzalanmamışdan qabaq onun xəbəri və məlumatı olmamışdır. Hazırda Ə.Eİnurla heç telefon əlaqəsi belə yoxdur. xx.xx.2022-ci il tarixdə cehiz əmlakları və qızıl-zinət əşyalarını təhvil almaq üçün Ə.Elnurun evinə icraçılarla getdikdə qızıllarının bankda olduğunu və həmin dövrdə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 500-600 man borcu olduğunu deyib ona qızıllarının nə özünü, nə də dəyərini təhvil vermədikdən sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər İcra idarəsinə yazılı ərizə ilə müraciət edərək bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Eyni zamanda bu məsələ ilə bağlı icraçı Tural İsayevə muraciət etmiş və təklif etmişdir ki, qızıllarını ona verməmək üçün bəhanəsi budursa, o, 500-600 man pulu Ə.Eİnura borc versin, banka olan qalıq borcunu bağlayıb qızıllarını ona versin. X3 Ə.Eİnura bildirdikdən bir neçə gün sonra xx.xx.2022-ci il tarixdə qızıllarını ona təhvil vermək əvəzinə Ə.Eİnur Rabitəbank ASC-yə gedərək xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcu bağlamış və 2-ci dəfə yenidən qanunsuz olaraq ona məxsus olmayan qızıl-zinət əşyalarını banka girov olaraq qoyub kredit müqaviləsi imzalamış və yenidən ikinci kredit müqaviləsi üzrə pul vəsaiti götürmüşdür. İcraçı Tural İsayev xx.xx.2022-ci il tarixdə həm Ə.Elnur qərəzli şəkildə aliment vermədiyi üçün açılmış olan 1(060)-743/2022 nömrəli cinayət işi üzrə iclasda, həm də qızıllarını vermədiyi üçün açılmış olan 3(060)-2715/2022 nömrəli İnzibati xətalar haqqında iş üzrə iclasda öz ifadəsində bildirmişdir : "İddiaçı mənə bildirdi ki, qızılımı mənə verməmək üçün bəhanəsi qalıq borc olan 500-600 manatdırsa, o, həmin pulu birindən borc götiiriib Cavabdeh1 borc verə bilərəm, qızılımı mənə qaytarsın” .Qeyd olunan məhkəmələrdəki video qeydlərdən baxıb görə bilərsiz ki, icraçı Tural İsayevin təklifi haqda məhkəməyə verdiyi məlumata Ə.Eİnurun heç bir etirazi olmamışdır, belə təklifın olduğunu inkar etməmişdir. Bildirir ki, Ə.Eİnur qızıllarının nə özünü, nə də dəyərini vermədiyinə görə xx.xx.2022-ci il tarixdəki ərizəsindən sonra xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022 tarixlərdə də Sumqayıt şəhər İcra idərəsinə vazılı ərizələr ilə müraciət etmişdir. Rabitəbank ASC izahatında yazır ki,Mülki Məcəllənin 282.2-ci maddəsinə əsasən sonrakı girova onun əvvəlki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol verilir. Xatırlatmaq istərdi ki, 2(060)-406/2023 nömrəli iş üzrə sonuncu xx.xx.2023 tarixli iclasda hakim tərəfındən Rabitəbank ASC-ni təmsil edən Mürsəl bəyə belə bir sual ünvanlanmışdı. — "Rabitəbank ASC-yə Ə.Elnur tərəfindən qoyulmuş qızıl qadın qızılıdır, kredit verərkən araşdırmanı necə aparmısız? Cavab olaraq isə, Rabitəbankı təmsil edən Mürsəl bəy dedi ki, onlar araşdırmırlar. Rabitəbankın təmsilçisinin cavabından belə nəticəyə gəlinir ki, Rabitəbank ASC-yə kredit götürmək üçün qızıl-zinət əşyası girov olaraq qoyularsa, girov olaraq qoyulacaq qızılın sahibinin kim oİduğu, girov qoyanın bu qızılı hansı yolla əldə etdiyi Rabitəbank ASC-yə onsuzda maraqlı deyil və araşdırılmır. Göründüyü kimi, Rabitəbank ASC izahatında həm sonrakı girova onun əvvəlki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol verilir - yazır, həm də özü girov müqaviləsinin qadağan olub-olmaması barədə heç nə araşdırmadığını deyir. Onun qızılları Cavabdeh1 tərəfındən Rabitəbank ASC-yə kredit götürmək üçün girov qoyularkən imzalanacaq müqavilənin qanuna uyğun olub-olmadığı bankın məsuliyyətində olmasına baxmayaraq, bank etməli olub da etmədiyi əməlin məsuliyyətini də onun üzərinə atmağa çalışır. Bundan başqa Rabitəbank ASC-nın Sumqayıt şəhər Məhkəməsinə göndərdiyi 23 dekabr 2022 tarixli şikayətində bank tərəfındən qeyd olunan cümləni bir daha xatırlatmaq istərdi.- Ailə Məcəlləsinin 33.2-ci maddəsinə görə ...Hesab edirlər ki, əşyalar girov qoyularkən razılıq olmuşdur.Öncə onu təkrarən demək istərdi ki, xx.xx.2021-ci il tarixdə qızılları Rabitəbanka girov qoyularkən nə xəbəri, nə də razılığı olmayıb. Cehiz əmlakları və qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı məhkəmədə Cavabdeh1 onun razılığı olmadan qızıllarını Rabitəbank ASC-nin Sumqayıt fılialında girov qoyaraq pul vəsaitini kredit götürdüyünü özü etiraf etmişdir. Qeyd etmək istərdi ki, o xx.xx.2022-ci il tarixdə Rabitəbank ASC və Ə.Elnur arasında imzalanmış 2-ci kredit müqaviləsinin etibarsız hesab olunmasınna dair iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Əlavə olaraq da qeyd edir ki, əkiz uşaqlarının xəstəliyi ilə əlaqədar uzunmüddətli və daimi müalicəyə ehtiyacları olduğu üçün 2021-ci ildə fevralın 6-dan 7-nə keçən gecə saat 04:00-da Cavabdeh1 onun və uşaqları gətirib qardaşıgilə atıb getmişdir və 2-ci kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə Cavabdeh1 ilə olan nikahları ləğv olunduqdan sonra imzalanmışdır. Göründüyü kimi bu zaman Rabitəbankın Ailə Məcəlləsinə istinad etməsi əsassızdır. Qeyd edir ki, Rabitəbankın nümayəndəsi gah deyir ki, Ə.Elnurla Ailə məcəlləsinə əsasən qızıllar girov götürülərək kredit müqaviləsi bağlanmışdır, gah da deyir ki, müqavilə bağlanarkən ümumiyyətlə qızıl barəsində araşdırma aparılmır. Maraqlısı odur ki, Rabitəbank ASC araşdırılma aparılmadığına görə Ə.Elnurun Rabitəbanka girov qoyduğu qızılların məhz Ə.Eİnurun arvadının qızılları olması qənaətinə necə gəlmisdir və Ailə məcəlləsinə istinad etmişdir? Sözügedən qızılların həqiqətən Ə.Elnurun arvadının qızılı olub, hansısa cinayət yolu ilə əldə olunmadığını araşdırma aparmadığını dediyinə görə necə dəqiqləşdirilmişdir? Ə.Elnurun Rabitəbank ASC-yə girov qoyduğu qızıllar qadın qızılıdır. Rabitəbank girov qoyulan qızılın qadın qızılı olduğunu görüb, girov qovanın isə kişi olduğunu biləndə heç mi şübhəyə düşmədi? Sumqayıt şəhər məhkəməsinin 2(060)-345/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində aşağıdakılar qeyd olunmuşdur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. l.İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ oİmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır. 3.Müİkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Beləliklə, hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından vindikasiya iddiasının irəli sürülməsi üçün zəruri olan 3 komponentin hamısının nıövcudluğu öz təsdiqini tapır. Qeyd edilənlərə əsasən xx.xx.2022-ci il tarixli Ə.Eİnur və RabitəBank ASC arasında bağlanmış kredit müqaviləsi üzrə olan girov müqaviləsinin etibarsız hesab edilərək onun qızıl-zinət əşyalarının ona qaytarılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdiyin bildirdi və əlavə olaraq qeyd etdi ki, məhkəməni çıxardığı qətnamənin icrası ilə əlaqədar icra məmurları ilə Elnurun evinə getmişdir. Həmin vaxt ona bütün cehiz əmlaklarını təqdim etmişdilər. Onlardan qızıllarını istəyəndə isə cavabdeh qızılları Banka qoyduğunu, 500-600 manat məbləğində borcu olduğunu, ona görə də qızlları indi verə bilməyəcəyini bildirmişdir. Daha sonra o, hətta Elnura 500-600 manat verəcəyini bildirərək borcunu bağlamağı və qızıllarını ona qaytarmasını təklif etmişdir. Lakin buna baxmayaraq onun bu təklifdən sonra 29 avqustda Cavabdeh2 ASC-yə gedərək ilkin müqavilənin müddətini 2 il müddətinə uzadaraq yeni girov müqaviləsi bağlamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, uşaqları xəstədir, müalicə üçün pula ehtiyac var. Onu da bildirir ki, cavabdeh onun qızılları vasitəsi ilə Bankdan pul götürüb problemlərini həll edir. Halbuki, Elnurun evi var, anası pensiya alır, bacısı da işləyir, əslində cavabdehin onun qızıllarına heç bir ehtiyacı yoxdur, sadəcə qərəzli olaraq onun qızılından istifadə edir. Bildirir ki, ikinci kredit müqaviləsi xx.xx.2022-ci ildə bağlanılıb. O, 12 oktyabrda məsələ ilə əlaqədar banka müraciət etmişdir. Bildirir ki, həm birinci, həm də ikinci kredit müavilələrindən xəbər tutuan kimi aidiyyatı qurumlara şikayət etmişdir. Birinci dəfə qızılları 2021-ci ildə girov qoyulub, 2022-ci ilin yanvarında bundan xəbərdar olmuşdur. Bildirir ki, həmin ərəfədə onunla cavabdeh arasında qızıllara dair məhkəmə mübahisəsi gedirdi və iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdi. Bu səbəbdən məhkəmənin yekunlaşmasını gözləmişdir. Daha sonra qəbul edilmiş məhkəmə qətnaməsi ilə qızılların ona aid olduğu öz təsdiqini tapmışdır. O, həmin qətnaməni iyul –avqust aylarında əldə etmişdir. Qızılların ona məxsusluğu tam təsdiq olunduqdan sonra o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, ikinci kredit müqaviləsinin bağlanma səbəbi ona aydın deyil. Hesab edir ki, Elnur götürdüyü krediti heç bir əsas olmadan aliment borcu ilə əlaqələndirir. Əgər elə olsaydı, cavabdeh 2370 manatı Bankdan götürən kimi həmin gün aliment ödənişini gətirib verərdi. Cavabdeh tərəfindən 1800 manat aliment borcu bir gün sonra ödənilmişdir. Eyni zamanda bu məsələnin o məsələyə aidiyyəti yoxdur. Cavabdeh hər iki öhdəliyini yerinə yetirməlidir. Həmçinin bildirir ki, Elnur hazırki məhkəmə prosesi bitənə kimi qızılların dəyərini belə ona ödəsə, iddia tələbini geri götürməyə də hazırdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçıya 4000 manat məbləğində aliment borcu olmuşdur. Həm aliment borcunu, həm də Rabitə Bank ASC ilə bağladığı birinci kredit müqaviləsi üzrə borcunu tamamilə ödəmək üçün məcbur olub sözügedən qızılları banka girov qoyaraq ikinci kredit müqaviləsi bağlamışdır. Bildirir ki, qızıllar Banka qoyulan zaman ona məxsus olub, belə ki, həmin qızıllar anasının vəsaiti və onun zəhməti hesabına alınmışdır. Bankdan götürdüyü kredit hesabına birinci kredit müqaviləsi üzrə borcunu ödəmiş və həmin müqavilə üzrə borcunu tamamilə bağlamışdır. Sonraki gün qalan pulla iddiaçıya olan aliment borcundan 1800 manat ödəniş etmişdir. Bildirir ki, bankdan kredit götürdüyü gün iş saatının bitməsi ilə əlaqədar iddiaçıya pulu bir gün sonra ödəmişdir. Hazırda iddiaçıya 2200 manat məbləğində aliment borcu var. İddiaçının 4000 manatdan əlavə 1000 manat məbləğində də maddi ziyan tələbi var. İmkanı olsa, həmin pulu birdəfəlik ödəyər və bütün bu problemlərə son qoyar. Əlavə olaraq bildirir ki, uşaqlarını saxlamaq üçün aliment ödəməli olduğunu bilir. Hətta borcunu tam qurtarandan sonra qızıllları da iddiaçıya qaytarmağa razıdır. Lakin hal-hazırda bütün bunları etməyə, yəni həm alimenti, həm aliment borcunu, həm də Rabitəbanka olan kreditini birdəfəlik ödəməyə onun maddi imkanı çatmır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh2 ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. xx.xx.2021-ci ildə Cavabdeh1la kredit müqaviləsi bağlanılıb. Həmin müqavilənin təminatı olaraq tərəflər arasında girov müqaviləsi də bağlanmışdır. Daha sonra tərəflər eyni girov predmeti ilə yeni kredit müqaviləsi bağlanılmışdır. Cavabdeh1 məhkəməyə təqdim etdiyi qəbzdən də aydın olur ki, iddiaçının kredit barədə məlumatı olmuşdur. Əslində ikinci kredit müqaviləsinin bağlanmasının səbəbi birinci kredit müqaviləsi üzrə ödənişlərin bitməsi və yaranmış aliment borcunun ödənilməsi olmuşdur. Qeyd edilən kredit hesabına aliment borcu ödənilib və bütün bunlardan iddiaçının da xəbəri var. Əlavə olaraq onu da bildirir ki, girov müqaviləsinin predmeti daşınmaz əmlak deyil ki, onun çıxarışla kimə məxsus olduğu Bank tərəfindən müəyyən edilsin. Girov müqaviləsinin predmeti qızıl zinət əşyalarıdır ki, həmin əşyaların da kimə məxsus olması Bank tərəfindən araşdırılmır, yəni zinət əşyalarının kişi və ya qadına məxsus olmasının müəyyən edilməsi mümkün deyil. Qızıl-zinət əşyalarına dair hər hansı bir sənəd olmadığına görə onlar Banka təqdim edildiyi təqdirdə Bank tərəfindən qəbul edilir və müqavilə bağlanılır. Bundan əlavə onu da qeyd edir ki, iddiaçı qızıl əşyaları ilə bağlı mübahisə olduğunu, hətta sözügedən iş üzrə qətnamə çıxdığını banka bildirməmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2715/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-345/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 6 ədəd stul (krem rəng)-300 manat, pərdə (qızılı, naxışlı krem rəng üst hissəsi dekorlu və tül krem rəng- 250 manat, xalça (2mx 3m ağ rəng) - 300 manat, lüstur (mat bronz rəng 6 şamdanlı)-200 manat, xalça (0.60 sm x 1.20 sm ağ rəng)-100 manat, lüstur (qızılı rəng 3 şamdanlı) – 50manat, pərdə (üst hissəsi vişnə rəngli və naxışlı, tül ağ rəng)- 250 manat, svitilnik (qırmızı rəng və naxışlı) 2ədəd- 50 manat, 2 nəfərlik çarpayı üçün matras döşək- 100 manat, 2 nəfərlik yay yorğanı (açıq yaşıl rəng çiçək şəkilli)- 30 manat, 2 ədəd 2 nəfərlik pastel yorğan yastıq üzü vişnə rəngi- 30 manat, 2 nəfərlik döşək və 2 nəfərlik yorğan krem rəng- 400 manat, 4 yastıq ağ rəng - 50 manat, 2 nəfərlik yataq örtüyü- 300 manat, 1 nəfərlik yorğan, 1 nəfərlik döşək, 1 nəfərlik yastıq nar çiçəyi rəngli- 200 manat, 2 dəst 1 nəfərlik yastıq, pastel üzü (ağ rəng üzəri çiçəkli)- 30 manat, 1 ədəd sarı rəng can dəsmalı, 1 ədəd çəhrayı-ağ rəng can dəsmalı, 1 ədəd çəhrayı hamam xalatı, 1 ədəd tünd krem rəngli can dəsmalı, 2 ədəd vişnə rəngi əl dəsmalı, 3 ədəd mətbəx dəsmalı, 2 ədəd qonaq otağı stolu üçün süfrə ağ rəngli- 160 manat, 1 ədəd çay dəmliyi- 10 manat , Karaca firmasından alınan, 2 səbət formasında konfet qabı, 1 ədəd meyvə qabı- 150 manat, 6 ədəd xrustal sok stəkanı və sok qabı- 100 manat, çay və qəhvə dəsti: 6 ədəd stəkan, 6 ədəd nəlbəki, 1 ədəd süd qabı, 1 ədəd çaynik, 1 ədəd şəkərqabı- 100 manat, 1 ədəd iri yumru formalı və 1 ədəd oval formalı çərəz qabı xrustal- 40 manat, 4 ədəd xrustal uzun mürəbbə qabı- 20 manat, 1 ədəd çəhrayı rəng duz istiot qabı- 5 manat, 6 ədəd su stəkanı- 30 manat, 6 ədəd sok stəkanı- bakal - 20 manat, çəngəl, bıçaq xörək qaşıqları(qızılı gümüşü rəng)- 50 manat, 6 ədəd mürəbbə qabı- 20 manat, tort qabı (gümüşü rəng)- 30 manat, 2 ədəd podnos- gümüşü rəng- 30 manat, 6 ədəd çay stəkanı şəffaf- 20 manat, 2 ədəd göy rəngli, meyvə yumaq üçün qab- 20 manat, 1 ədəd çəhrayı rəng meyvə yumaq üçün qab- 10 manat, 2 ədəd tefal tava dəsti- 30 manat, 2 ədədtefal qazan- qırmızı və yaşıl rəngli- 40 manat, 1 ədəd çəhrayı rəng rəndə- 3 manat, plastik yaşıl rəngli dəst (çömçə, çəngəl, iri qaşıq, qara hissəli)- 20 manat, 1 ədəd çəhrayı rəngli, saxlama qabı- 10 manat,1 ədəd yemək saxlama qabı - şəffaf iç-içə keçirilən)- 20 manat, alman markalı, dəmir rəngli mətbəx üçün çömçə qaşıq dəsti- 30 manat, qırmızı rəng bıçaq dəsti- 50 manat, serviz dəsti (obedni) (Happy home firması) - 300 manat, 2 ədəd ağ rəng stəkan-10 manat, ütü Bosch markalı çəhrayı rəng- 300 manat, 2 ədəd uşaq beşiyi-400 manat, 2 ədəd uşaq üçün döşək- 70 manat, 2 ədəd uşaq yastığı- 10 manat, 1 ədəd uşaq pasteli- 20 manat, 1 ədəd iri əl çantası, boz rəngli- 70 manat, nişan paltarı gümüşü rəng- 350 manat, 1 ədəd ag rəngli don nikahda geyinilmiş- 150 manat, 2 ədəd don nar çiçəyi rəngi və çəhrayı rəng- 150 manat, yay donları göy rəng qara rəng sarı çiçəkli- 40 manat, 1 ədəd qara pencək- 30 manat, 1ədəd sarı palto- 100 manat, kosmetik əşyalar- 100 manat, ayaqqabı gümüşü rəng- 70 manat, dəmir rəng ələk- 5 manat, xrustal silindr formalı konfetqabı- 50 manat, 2 ədəd iri çantada yığılmış kitablar (riyaziyyat fizika kitabları və test kitabları və alınmış cehizlərin sənədləri), şəxsi geyimlər -100 manat, dərmanlar uşaqlar və özü üçün istifadə etdiyi- 200 manat, Wifi aparatı - 50 manat, saç ütüsü - 30 manat, Optimal Electronicadan alınmış əşyaları- Veqa iki qapı qorka krem rəng- 469 manat, Veqa masa krem - 219 manat, X4-ağ parlaq- 939 manat, Oskar termo- Antidark ağ parlaq- 269 manat, Oskar çarpayı bazalı antidark- 329 manat,Oskar tumba antidark- ağ parlaq- 2 ədəd 178 manat, Karat künc 1 yerli krem - 1259 manat, Döşək Ecoline 1600 x 2000- 149 manat, Veqa kamod krem- 469 manat, Çaynik Bosch-119 manat, Blender Bosch-69 manat, Mikser Bosch- 129 manat, Blender Bosch- 79 manat, Şirəçəkən Bosch- 79 manat, Ətçəkən Bosch- 319 manat, Soyuducu Bosch- 999 manat, Televizor LG LED LCD 43 (FHD) 43LK5100PLB.AMCB- 749 manat, Tozsoran Bosch - 249 manat, 480 manatdəyərində 1 ədəd çəkisi 4.8 qram, 750 əyarlı, 1 karat 18 c briliyyant qaşlı nişan üzüyü, 3500 manat dəyərində 1 ədəd 750 əyarlı, 7 karat 20 c briliyyant qaşlı, çəkisi 35 qram olan komplekt (1 ədəd boyunbağı, 1 ədəd üzük, 2 ədəd sırğa, 1ədəd qolbaqdan ibarət), onlar olmadığı təqdirdə isə onların dəyərinin alınaraq iddiaçı X1 verilməsi, iddia tələbinin toy və nişanda çəkilmiş şəkillərin və albomun qaytarılması hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-345/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar, Sumqyıt şəhəri, məhəllə 41A, ev 2A ünvanında yerləşən 26 saylı mənzildə icra vərəqəsində göstərilən qızılzinət əşyalarından başqa digər bütün cehiz əmlaklar yararlı vəziyyətdə götürülərək tələbkar İddiaçı təhvil verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli SULMB-05271 nömrəli Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 ASC tərəfindən Cavabdeh1 illik 30 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış SULMB -05271 nömrəli xx.xx.2021-ci tarixli saxlanc girovu haqqında müqavilədən görünür ki, tərəflər arasında bağlanmış SULMB-05271 nömrəli xx.xx.2021-ci tarixli kredit müqaviləsinin təminatı kimi 3709,89 manat dəyərində qızıl-zinət əşyaları Cavabdeh2 ASC-yə girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 2000 manat məbləğində lombard kreditinin təminatı olaraq çəkisi 34.3 qram 3709,89 manat dəyərində olan qızıl-zinət əşyaları kredit mütəxəssisinin iştirakı ilə Cavabdeh1 tərəfindən kassaya təhvil verilmişdir. İşdə olan Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış SULMB -06779 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 27,5 % olmaqla 2370 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı qismində Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında SULMB-06779 nömrəli xx.xx.2022-ci il tarixli saxlanc girovu haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 tərəfindən həmin tarixdə 1800 manat məbləğində aliment ödənişi edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. (269.2). Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. (269.3) Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Mülki Məcəllənin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. (280.2) Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. (280.3) Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. (280.4) Məhkəmə qeyd edir ki, Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış SULMB- 06779 nömrəli xx.xx.2022-ci tarixli saxlanc girovu haqqında müqavilə müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlanmış və həmin müqavilənin bağlanması zamanı girov müqaviləsinin bağlanmasına dair qaydalara riayət edilmişdir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.4). Məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilə Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına riayət edilməklə bağlanmış, müqavilənin bağlanması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçı Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış SULMB-06779 nömrəli xx.xx.2022-ci tarixli saxlanc girovu haqqında müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin əsası kimi istinad etdiyi yeganə hal – həmin saxlanc girovu haqqında müqavilənin predmeti olan qızıl-zinət əşyalarının və ya onlarının dəyərinin Sumqayıt şəhər Məhkəməsinin 2(060)-345/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ona qaytarılmalı olmasıdır. Məhkəmə hesab edir ki, həmin hal sözügedən girov müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Belə ki, ilk növbədə məhkəmə hesab edir ki, cavabdeh bankın Cavabdeh1 ilə mübahisələndirilən müqaviləni bağlayarkən qızıl-zinət əşyalarının (və ya onlarının dəyərinin) qaytarılması barədə məhkəmə qətnaməsinin mövcudluğundan məlumatlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh1 qızıl-zinət əşyalarının (və ya onlarının dəyərinin) qaytarılması barədə məhkəmə qətnaməsinin mövcudluğundan məlumatlı olduğu təqdirdə yenidən həmin əşyaları girov qoymaqla kredit götürməsi isə kreditoru (hazırki halda cavabdeh bankı) borclunun öhdəliyinin icrasının təmin edilməsi üsulundan məhrum edilməsinə gətirib çıxara bilməz. Məhkəmə onu da qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-345/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qızıl-zinət əşyalarının olmadığı təqdirdə onların dəyərinin ödənilməli olması qət edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının cavabdeh bankda girovda olması sözügedən qətnamənin icrasına mane olmur. Məhkəmə hesab edir ki, Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış SULMB- 06779 nömrəli xx.xx.2022-ci tarixli saxlanc girovu haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmadığından iddia tələbi cavabdehlər Cavabdeh1 RabitəBank ASC-nin Sumqayıt Filialında xx.xx.2022 tarixdə AZ03RBTA**********944425072 nömrəli girov müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, RabitəBank ASC-nin Sumqayıt Filialında saxlanılan ümumi dəyəri 3710 manat çəkisi 35 qram olan komplekt (1 ədəd boyunbağı, 1 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd qolbaq qızıl-ziynət əşyalarının alınıb iddiaçıya verilməsi hissəsində iddia tələbi Cavabdeh1 RabitəBank ASC-nin Sumqayıt Filialında xx.xx.2022 tarixdə AZ03RBTA**********944425072 nömrəli girov müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən qızıl zinət əşyalarının alınıb iddiaçıya verilməsi hissəsində də iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-ə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-406/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-406/2023
03.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver