Məhkəmə qərarları › İş №2(060)-408/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-408/2022

08.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-408/2022 08.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-yə qarşı borcun silinməsi və əsassız alınmış məbləğin geri qaytarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh1 ASC-yə qarşı borcun silinməsi və əsassız alınmış məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək “Azərsu" ASC və onun Sumqayıt Sukanal idarəsi tərəfindən Sumqayıt şəhəri, 10-cu mkr, ev 8, mənzil 39-a gələrək su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə (müqavilə nömrə 30253029, abonent kodu **********390) 11 may 2018-ci il tarixinə kimi (mənzilə sayğac qoyulana kimi) hesablanmış, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti (üç il) ötmüş, iddiaçıdan tələb edilən 299 manat 75 qəpik borcun silinməsi , Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Cavabdeh1 ASC və onun Sumqayıt Sukanal İdarəsi tərəfindən ölmüş əri X2 adına 17.07.1999-cu il tarixindən 11 may 2018- ci il tarixinə kimi (mənzilə sayğac qoyulana kimi) hesablanmış və su və kanalizasiya xidmətlərinə görə iddiaçıdan əsassız (artıq) alınmış 354 manat 90 qəpik məbləğin iddiaçıya qaytarılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Azərsu” ASC Sumqayıt Sukanal idarəsi iddiaçının ölmüş əri X2 adına olan və hal-hazırda 3 (üç) nəfər ailə üzvləri ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 10-cu mkr, ev 8, mənzil 39-a gələrək su təchizatı və tullantı sularının axıdılmasına görə (müqavilə nömrə 30253029, abonent kodu **********390) 299 manat 75 qəpik borcun olduğu barəsində qəbz vermişlər. İddiaçı bu məbləğlə və təqdim edilmiş hesab faktura ilə razı deyildir. Onların yaşadığı mənzildə əvvəllər su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesabat 4 nəfər (dörd) ailə tərkibinə görə aparılmışdır. İddiaçının əri X5 17.07.1999-cu ildə ölmüşdür. Bundan sonra hesabat 4 (dörd) nəfər deyil, 3 (nəfərə görə) aparılmalı idi. Lakin ərinin öldüyü 17.07.1999-cu il tarixindən 11 may 2018-ci il tarixinə kimi (mənzilə sayğac qoyulana kimi) onun adına da su pulu borcu yazılmışdır. 11 may 2018-ci il tarixində mənzilə CC-20 markalı, 18023514 nömrəli sayğac quraşdırılmış və sərfiyyat sayğaca görə hesablanmışdır. Sayğac quraşdırıldığı 11.05.2018-ci il tarixindən sonra mənzilə sayğac göstəricilərinə əsasən hesablanmış xidmət haqları vaxtlı-vaxtında ödənilmişdir. Sayğac göstəriciləri üzrə xidmət haqqı hər ay vaxtında ödənilmişdir. Hal-hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə olan 299 manat 75 qəpik borc 2016-cı il tarixinə kimi olan borc məbləğidir. Mövcud qanunvericiliyə əsasən Sumqayıt Sukanal idarəsi iddiaçıdan faktiki göstərdiyi xidmətlərə görə xidmət haqqı tələb edə bilər. Bunun əksinə olaraq Sumqayıt Sukanal İdarəsi iddiaçıdan göstərdiyi həcmdən artıq məbləğdə 1999-cu ildə ölmən əri üçün də hesablanmış məbləğ) pul tələb edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Sumqayıt Sukanal İdarəsinin 17.07.1999-cu il tarixindən 11 may 2018-ci il tarixinə kimi (mənzilə sayğac qoyulana kimi) ölən X2 adına artıq hesablanmış su və kanalizasiya xidmətlərinə görə artıq alınmış məbləğin hesabatı belədir: 17.07.1999-cu ildən - 06 yanvar 2007-ci il tarixinə kimi 5 il 6 ay = 66 ay x xidmət tarifi cəmi - (1 kub su - 018 qəp + 1 kub çirkab - 4 qəp) = 0,22 qəpik x adambaşına norma 5 kub = 72 manat 60 qəpik 06 yanvar 2007-ci ildən - 31.01.2011-ci il tarixədək 3 il = 36 ay x xidmət tarifi cəmi - (0,30 + 06) = 0,36 qəpik (1 kub su - 30 qəp + 1 kub çirkab - 6 qəp) x adambaşına norma 5 kub (Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 6 yanvar tarixli 4 nömrəli Qərarı) = 64 manat 80 qəpik 31.01.2011-ci il tarixindən 11 may 2018-ci il tarixinə kimi (mənzilə sayğac qoyulana kimi) 7 il 2 ay = 87 ay x xidmət tarifi cəmi 0,50 qəpik (1 kub su - 35 qəp + 1 kub çirkab - 15 qəp) x adambaşına norma 5 kub (Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli 01 nömrəli Qərarı) = 217 manat 50 qəpik. Cəmi: 72 man 60 qəpik + 64 manat 80 qəpik + 217 manat 50 qəpik = 354 manat 90 qəpik. Tələb edilən borc 299 manat 75 qəpik köhnə borcdur və tələb edilə bilməz. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, suların axıdılmasına görə 299 manat 75 qəpik borcun olduğu barədə qəbz verilmişdir. Həmin məbləğlə razı deyildir. Yaşadıqları mənzildə əvvəllər su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesabat 4 nəfər ailə tərkibinə görə aparılmışdır. Əri 1999-cu ildə ölmüşdür. Bundan sonra hesabat 4 nəfər deyil, 3 nəfərə görə aparılmalı idi. Lakin 1999-cu ildən 11 may 2018-ci il tarixə qədər onun adına su pulu borcu yazılmışdır. 11 may 2018-ci il tarixdə mənzilə sayğac quraşdırılmış və sərfiyyat sayğaca görə hesablanmışdır. Sayğac quraşdırılan tarixdən sonra hesablanmış xidmət haqları vaxtlı-vaxtında ödənilmişdir. 299 manat 75 qəpik borc 2016-cı il tarixinə kimi olan məbləğdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 8, mənzil 39-da 01.01.2002-ci il tarixdən X2 adına bağlanmış müqavilə ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Hal-hazırda 29.11.2021-ci il tarixə həmin ünvanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 300 manat 25 qəpik borcu qalmışdır. Qeyd olunan ünvanda 01.01.2002-ci il tarixdə kod açılaraq 4 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. 11.05.2018-ci il tarixdə həmin mənzildə su sayğacı quraşdırılmışdır. Abonentin 01.05.2011-ci il tarixdən 29.11.2021-ci il tarixdək illər üzrə hesabatı barədə cədvəl təqdim edilən etiraz ərizəsində qeyd olunmuşdur. İddia tələbi əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçınının izahatını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-kommunal X1 16 saylı Mənzil-Kommunal Sahəsinin 1164 saylı, 15 sentyabr 2021-ci il tarixli ətraflı arayışından görünür ki, 1999-cu ildə ölən X2 ölümündən sonra mənzil İddiaçı adınadır və hazırda qeydiyyatda olan üç nəfərdir: İddiaçı, X6 və X4. - abonent kartından görünür ki, sayğac göstərciləri əks olunana yəni, 2016-cı ildən 2021-ci ilədək 299,75 manat borc hesablanmışdır. - AZ №014313 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 1999-cu ilin avqust ayının 20-də elektrik vurması nəticəsində ölmüşdür. - Cavabdeh1 Asc-nin arayışından görünür ki, 1 nəfər ailə üzvünə görə borc 01 fevral 2011-ci il tarixdən 11.05.2018-ci il tarixədək 175,05 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 10cu mkr, ev 8, mənzil 39 X2 istifadəsində olmuşdur. Onun 1999-cu ildə ölümündən sonra mənzil arvadı İddiaçı adınadır. Hazırda İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Sumqayıt Sukanal İdarəsinin 17.07.1999-cu il tarixindən 11 may 2018-ci il tarixinə kimi (mənzilə sayğac qoyulana kimi) X2 adına su və kanalizasiya xidmətlərinə görə artıq məbləğ hesablanmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 08.04.2011-ci il tarixli Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında Fərmanına əsasən 1999-cu ildən 2011-ci il tarixə qədər hesablanmış borc məbləği silinmişdir. Bundan başqa iş materiallarında olan arayışdan da göründüyü kimi 1 nəfər ailə üzvünə görə borc 01 fevral 2011-ci il tarixdən 11.05.2018-ci il tarixədək 175,05 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən mənzilə sayğac qoyulana qədər hesablanmış su və kanalizasiya xidmətlərinə görə 354,90 manat məbləğin artıq ödənilməsi müəyyən olunmadı. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X9”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin qərarın 6.14-cü bəndinə əsasən su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Həmin qərarın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin qərarın 7.6-cı bəndinə verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1999-cu ildə ölən X3 görə hesablanmış borcun hesablanması əsassızdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı istifadə etmədiyi suyun dəyərini ödəməyə borclu deyildir və bu halda borcun tələb edilməsi onun qanunla qorunan hüquq və maraqlarını pozur. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.Qeyd edilən Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Bu Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, “Azərsu" ASC və onun Sumqayıt Sukanal idarəsi tərəfindən Sumqayıt şəhəri, 10-cu mkr, ev 8, mənzil 39-a gələrək su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə (müqavilə nömrə 30253029, abonent kodu **********390) 11 may 2018-ci il tarixinə kimi (mənzilə sayğac qoyulana kimi) hesablanmış 175,05 manat borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1000 manatadək olduğundan qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. “Azərsu" ASC və onun Sumqayıt Sukanal idarəsi tərəfindən Sumqayıt şəhəri, 10-cu mkr, ev 8, mənzil 39-a gələrək su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə (müqavilə nömrə 30253029, abonent kodu **********390) 11 may 2018-ci il tarixinə kimi (mənzilə sayğac qoyulana kimi) hesablanmış 175,05 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh1 ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar